525.Az

Daha bir İstanbul masalı: mənim yeni nağılım - Şahanə Müşfiq yazır


 

Daha bir İstanbul masalı: mənim yeni nağılım -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Kendine güzel bak İstanbul 
Kendine güzel bak"

- demişdim düz 4 il öncə bu ecazkar şəhərdən ayrılarkən. Onu kimsəyə əmanət etməyə qıymamışdım. Bilirdim, çünki İstanbula özündən yaxşı baxan, özündən daha artıq sahib çıxan bir kimsə olmaz. Tarixin tozlu səhifələrindən bu günümüzə əsrlər qət edib gələn bu şəhərin başı nə qovğalar çəkib, nə zülmlər görüb. Amma heç zaman əyilməyib, sınmayıb. Hökmdarlar, padşahlar, xanlar, bəylər, sultanlar, şahzadələr, prezidentlər gəldi-keçdi, tarix oldu. Bircə İstanbul olduğu yerdə dimdik, başı uca dayandı, durdu. Özü özünə sahib çıxmağı bacardı. Onu sevənləri sevdi, qorudu, onu sevməyənləri, ondan istifadə etməyə çalışanları dəryasında boğdu, qələbəliyində azdırdı. 

Yenidən xoş gördük, İstanbul!

Cəmi bir həftəm keçmişdi İstanbulda 2017-ci ilin yayında. O bir həftə illərdən bəri yaddaşımın ən gözəl yerində ilk günki kimi dipdiri yaşamaqdaydı. Sonralar Türkiyəyə yenidən yolum düşsə də, İstanbulu sadəcə hava limanıyla görə bildim. Ta ki, bir neçə gün öncəyə qədər...

Ötən həftəni bütün Türk dünyası üçün ən önəmli tarixlərdən biri kimi dəyərləndirsək, heç də mübaliğə etmiş olmarıq. Nə xoş halıma ki, bu günlərdə mən də həmin tarixi anlara şahidlik imkanı qazandım. Belə ki, noyabrın 11-də Qaradəniz Xəbər Ajansının dəvətiylə bir neçə jurnalist həmkarımızla birgə İstanbula yola düşdük. 

Dörd il öncə özünü özünə əmanət etdiyim İstanbulu yenidən görmək həm həyəcanlandırır, həm də sevindirirdi. Bizi qarşılayan heyətlə birgə otelimizə doğru yol aldıq. Yolda hər kəs söhbət edir, tanışlıq yaradırdı. Mənsə maşının pəncərəsindən elə hey İstanbulu seyr edir, günəşini salamlayırdım. Doğrudan a, biz Bakıdan çıxanda külək yeri-göyü inlədirdi. İstanbulda isə elə gözəl gün çıxıb ki, sanarsan yazdır. Türkiyəli həmkarlarımız bunun bizim şansımız olduğunu deyirlər. 

Tarixi köşk...
Boğaza açılan mənzərə...

Nəhayət, otelimizə gəlib çatdıq. Otel dediyim də üç mərtəbəli tarixi köşkdür. Qapısında "Sultan konağı" yazılan bu balaca, şirin otelimiz Beşiktaş-Ortaköydə, Boğaz körpüsünə sadəcə piyada məsafəsində yerləşir. Həyəti yamyaşıl ağaclarla, dekorativ bitkilərlə, heykəllərlə bəzədilmiş otelimiz Osmanlı memarlığı tərzindədir. Otaqlarının hərəsi də bir adda. Məsələn, mən "Kız kulesi"ndə qalacaqmışam. Çamadanlarımızı yerləşdirmək üçün otaqlarımıza çıxırıq. Bir az vaxtımız var. Yenə tarix qoxan, Osmanlı tərzində dizayn olunmuş otaqlar da insanı heyrətə salır. Pəncərəmizdən Boğaz körpüsünün möhtəşəm mənzərəsi görünür. Rahatlığından əlavə, bu cür tarixi, hekayəsi olan bir yerdə qalmaq ayrıca sevindirir məni. İşçisindən öyrənirik ki, tarixi köşkün sahibi vəfat edəndən sonra varisləri tərəfindən otelə çevrilib. Onların bu cür gözəl binanı tarixinə zərər vermədən bu cür dəyərləndirməsi çox xoşuma gəlir. 

İstanbulluların belə unutduğu Yolos qalası...

Bir az sonra səfərimizin ilk gəzintisinə başlayırıq. Bu, tarixi Yolos qalasıdır. Yolos qalasına gedərkən türkiyəli həmkarlarımız buranın İstanbulun yerli sakinləri tərəfindən belə ziyarət olunmadığını, çoxlarının buranı tanımadığını deyirdilər. Heyrətlə dinləyirdim. Yəni biz çoxlarının bilmədiyi, bilənlərin unutduğu bir tarixi abidəni ziyarətə gedirdik. 

Yoros qalası İstanbul boğazının Qara dənizdən girişinin şərq tərəfində, hündür bir təpənin üzərində yerləşir. Qala Rumeli Hasarı ilə yanaşı, boğazın nəzarətini təmin etmək məqsədilə inşa edilib.

Qalanın ilk tikintisinin, qüllələrindən birində yunanca kitabədən Bizans dövründə olduğu başa düşülür. Qala 1305-ci ildə Şile qalası ilə birlikdə osmanlıların, 1348-ci ildən etibarən Qara dəniz ticarət yolunu əllərində saxlayan geniyalıların hakimiyyətinə keçib. Bu dövrdə bir sıra əlavələrlə genişləndirilən qala, "Genuya qalası" adlandırılır.

Adının haradan gəldiyi qəti olaraq bilinmir. "Müqəddəs yer" mənasını verən Hierondan gəldiyi deyilməsi olduqca geniş olmaqla yanaşı, antik dövr tanrılarından Zevsin sifəti olan "əlverişli küləklər" mənasına gələn ouriostan gəldiyi də iddia edilir. Həmçinin, Yoros adının birbaşa "dağ" mənalı orostan gəldiyi də güman edilir.

Qapısı üzərində yer alan və tarixi oxunmayan geniyalıların dövrünə aid Latın bir kitabədə: "Tarixində Genuyalı Vincenzo Lercari müqəddəs burun üzərindəki bu qalanı təmir etdirib" yazılıb. Həmçinin, qala divarlarında bir sıra Genuya gerblərinin olması da buranın bir müddət Genuyalıların əlində olduğuna işarədir.

İldırım Bəyazid 1391-ci ildə İzmitdən yürüşə çıxaraq Yoros qalasını alıb və bir baza kimi istifadə edərək, İstanbulun fəth hazırlıqları üçün Anadolu qalasını inşa etdirib. İnciciyan İstanbulun fəthi zamanı şəhid olan əsgərlərin məzarlarının, qalanın bir az qarşısındakı ağaclıq sahədə olduğunu yazır.

II Bəyazid (1481-1512) Yoros qalasını təmir etdirərək içinə "Yoros Qalası Məscidi" deyilən bir ibadətgah tikdirib. Bu zaman qala mühafizəçisi olan Mehmet Ağa da bir hamam tikdirib. Qala XIX əsrdə tamamilə tərk edilib.

Qaladan İstanbul Boğazının möhtəşəm mənzərə açılır. Sağ tərəfdə körpü, sol tərəfdə yamyaşıl ağaclar... Bu gözəl mənzərənin tən ortasında Yolos qalası tarixin şahidi kimi ucalıb. 

Ortaköy meydanı... 
Məcidiyyə Cami...

Ulduz kimi sayrışan rəngbərəng işıqlı gecələriylə də əsrarəngizdir İstanbul. Sanki bu şəhərdə günəş batmır, sakitlik küçələrinə rast olmur. Hər zaman səs-küy, hər zaman işıq, hər zaman qələbəlik... 

Hava qaralandan sonra İstanbulun gecələrini də görmək üçün Ortaköy meydanına enirik. Burda hər iki tərəf kumbircidir. Kimi kumbir alıb elə əlində boğazın sahilində yeyə-yeyə gəzir, kimi də kiçik kafelərdə oturub ətrafı seyr edir. Əsnafın səsi turistin səsinə qarışıb. Bu qələbəliyin arasıyla gedə-gedə ətrafı seyr edirəm. Başımızın üstündə tarixi cami işıqların arasında bərq vurur. Ağappaq rəngiylə Boğazın sahilində Ortaköyün harasından baxsan görünən bu cami Böyük Məcidiyyə Camidir. Buna xalq arasında Ortaköy cami də deyirlər. Barokko tərzindəki cami Sultan Əbdülhəmid zamanında 1853-cü ildə inşa edilib. Müxtəlif dövrlərdə bir neçə dəfə restavrasiya olunan caminin başı fəlakətlərdən açılmayıb. Gah zəlzələ, gah yanğın nəticəsində xeyli zərərə uğrayıb. Sonuncu dəfə 1984-cü ildə yanğın nəticəsində qismən xarab olan bina təkrar restavrasiyadan sonra 2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlə yenidən ibadətə açılıb. 

Bu gözəl memarlıq nümunəsini və Boğazın sahilini gəzdikdən sonra sabahkı önəmli tədbirlərə hazırlaşmaq üçün otelimizə dönürük. 

Zirvələrə layiq "Zirvə" görüşü...

Ertəsi gün, yəni noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Hələ öncədən beş ölkə prezidentinin qatılacağını bildiyimiz görüş özünün önəmli proqramı və mühüm məsələləriylə bütün dünyanın diqqətində idi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də arasında olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gəldilər.

Qeyd edək ki, əvvəllər Yassıada kimi tanınan adanın adı 2013-cü ildə Demokratiya və Azadlıqlar Adası olaraq dəyişdirilib və 2015-ci ildən burada yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra ötən ilin may ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Türkiyə demokratiyasının rəmzi hesab edilən 18 hektarlıq adada "Adnan Menderes" konqres mərkəzi, "27 May Tarix Yaylası", "Demokratiya və insan haqları" muzeyləri, beynəlxalq toplantılar üçün salonlar və digər binalar inşa edilib. Adada demokratiyanın rəmzi olan mayak ucaldılıb.

Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamladı, Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: "Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram".

Zirvə Görüşünün "Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər" mövzusuna həsr olunduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan Zəngilanda görülən quruculuq işlərindən bəhs etdi. "Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türkistanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir", - deyə Türkiyə Prezidenti vurğuladı.

Görüşün ən önəmli məqamlarından biri, sözsüz ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının İlk Ali Ordenini təqdim edilməsi oldu. Möhtəşəm Qarabağ zəfəri və uğurlu xarici, daxili siyasəti münasibətiylə təqdim edilən bu orden təkcə Prezidentimiz üçün deyil, Azərbaycan xalqı üçün də önəmli təltif idi. Bunu mükafatlandırma mərasimində cənab prezident də qeyd etdi: "Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".

Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar və bir sıra mühüm qərarlar imzalandı.  Bu, o qərarlar idi ki, bütün dünyaya türkün gücünü, birliyini bir daha sübut edir və edəcək. 

İstanbul səfərimiz hələ davam etsə də, fikrimcə, bu "Zirvə" görüşünün təəssüratları həm bizim, həm də dünyanın yaddaşında hələ uzun müddət qalacaq...

(Ardı var...)

İstanbul-Bakı  
 

 





17.11.2021    çap et  çap et