525.Az

Gəncliyin və gələcəyin qəzeti - Nadir Yalçın yazır...


 

"525"in 29 YAŞINA

Gəncliyin və gələcəyin qəzeti -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

"525-ci qəzet"in ərsəyə gəlməsi Azərbaycanın müstəqillik dövrünün ilk xoş sədalı hadisələrindən biri kimi tarixi önəm kəsb edir. Yaşca "525"dən kiçik olan fikir adamları bu barədə yalnız şifahi-yazılı xatirələrdən məlumat alıblar. "525"in mayası kəskin, qərəzsiz yazılarla yoğrulub. Bəlkə də, bütün illərdə gəncləri bu qəzetə cəlb edən amil də elə bu olub. Çünki gənclərə xas olan yenilik istəyi, fərqli yanaşma qəzetin amalı ilə mütənasiblik təşkil edib. 

Qəzetin təsisçisi və baş redaktoru Rəşad Məcid "525-ci qəzet"in ilk sayında yazır: "Bu qəzetə istedadlı, təmiz, saf cavanların toplaşacağına əminəm və inanıram ki, həmin cavanlar "düzü düz, əyrini əyri" yazacaq, haqqı nahaqqa verməyəcəklər".

"525-ci qəzet"in keçdiyi tarixi yola nəzər saldıqca, qəzetdə fəaliyyət göstərən insanlar barəsində eşitdikcə görürük ki, baş redaktor qarşısına qoyduğu məqsədə nail olub. Daima "525-ci qəzet"də işıqlı simalar fəaliyyət göstəriblər. Jurnalistika sahəsində həmsöhbət olduğumuz insanların əksəriyyətinin tərcümeyi-halında "525" də yazılır.

"525-ci qəzet" yaranandan bu günə qədər Azərbaycan jurnalistikasında yüzlərlə kadr üçün tramplin rolunu oynayıb. Bir çoxları öz nəzəri biliklərini məhz "525"də praktikaya çevirərək cəmiyyətə peşəkar jurnalist kimi təqdim olunub. Daim kreativliyi ilə seçilən qəzeti hələ də oxunaqlı edən səbəblərdən biri də elə budur: zamanla ayaqlaşa bilmək. Texnologiyanın sürətli inkişaf etdiyi dövrdə, çap mediasının ötən illərə nisbətən az oxunduğu bir zamanda ölkədə uşaqdan böyüyə qədər, demək olar ki, hər kəs "525-ci qəzet"i tanıyır, orada çap olunan imzalar barədə məlumatlıdır. 

Yaşının üzərinə yaş gəldikcə gəncləşən "525"in səhifələrində gənclərə geniş söz meydanı verilib. Biz öz düşüncələrimizi məhz qəzetdə çap olunan mətnlərlə, həmin mətnlər üzərindəki redaktələrlə cilalamağa çalışmışıq. Əslində, bir çox media orqanı hazır, püxtələşmiş kadr axtarışındadır və ya bəlli adamlarla əməkdaşlıq edirlər. Buna görə onları qınamaq olmaz. Amma populyarlıqla, keyfiyyətli iş ərsəyə gətirməklə yanaşı, Azərbaycan jurnalistikasının gələcəyini düşünmək, bunun üçün mücadilə aparmaq fədakarlıq tələb edir. "525-ci qəzet" bu gün - 17 noyabr düz 29 ildir ki, bu missiyanın öhdəsindən gəlir, bu yükü çiyinlərində daşıyır.

"525-ci qəzet"in tarixi xronikası barədə, yaradan və yaşadanları haqqında müxtəlif vaxtlarda kifayət qədər yazılıb. O yazıları oxuduqca yalnız qürur hissi keçirmək olar. "525-ci qəzet"in bir parçası olmaq böyük bir tarixi hadisənin iştirakçısı olmaq deməkdir. 

Mənim "525" haqqında qələmə aldıqlarımı qəzetin əməkdaşının düşüncələri kimi yox, tarixlə maraqlanan, keçmiş söhbətləri həvəslə dinləyən, nostalji hisslərlə yaşayan, bir çox sahələrdə ənənələrə sadiq qalmağın tərəfdarı olan gənc yazarın fikirləri kimi qiymətləndirin. Amma sözsüz ki, mən və hələ mənə qədər neçə-neçə bədii yaradıcılıqla məşğul olan imzaları ictimaiyyətə məhz "525-ci qəzet" təqdim edib.

"525-ci qəzet" vaxtilə ölkədə ədəbiyyatla maraqlanan insanların sayı minimuma enəndə, heç kim şeir, hekayə çap eləməyəndə öz səhifələrində ədəbiyyata səxavətlə yer ayırıb. Bunu orta və daha yaşlı nəslin nümayəndələri məmnunluqla təsdiqləyirlər. İndi də, "525"də mütəmadi olaraq nəzm, nəsr nümunələri ilə tanış olmaq mümkündür. "525-ci qəzet" eyni zamanda, gənc yazarların cəmiyyətdəki, dünyadakı hadisələrə publisistik yanaşmalarına şərait yaradıb, bir növ, həm də jurnalist kimi yetişmələrində rol oynayıb.

Bu yazını hazırlayanda düşündüm ki, lap gənc yaşlarında "525"də yazıları dərc olunan ədəbiyyat adamlarının bəzilərinin təbriklərini oxucularla bölüşüm. 

Yazıçı Cavid Zeynallı ilk yazılarının "525"də çap olunduğunu bildirir: "Hər şeydən əvvəl "525-ci qəzet" bizim dost qapımızdır. O qapını hər vaxt ürəklə, heç nədən çəkinmədən döyə bilərik. İlk yazılarımızı məhz bu qəzet çap edib və bizi inandırıb ki, heç nədən çəkinmədən yazmaq lazımdır. Kitabdan, kinodan, teatr tamaşalarından və özümüzə bir köynək yaxın bildiyimiz hər şeydən. Bu gün çiy olacaq, sabah ləzzətlə oxunacaq. Vacib olan isə, hər gün eyni şövqlə yazmağı bacarmaqdır. Rəşad Məcid, Yusif Rzayev, Seyfəddin Hüseynli... bu əziz ünvanlardan çox şey öyrənmişik və nə yaxşı ki, eyni taledə yollarımız kəsişib. İndi məktəb bildiyimiz bu qəzet yenə istedadlı gənclərə qapı açıb. Yenə öyrədir, yetişdirir, yol açır. "525"in 25 yaşı olanda kiçik bir yazı yazmışdım. Axtarıb tapdım və 4 il əvvəl hansı isti hisslərlə yazmışdımsa, yenə eyni doğmalığı bölüşürəm. Yaşın mübarək, doğma qəzet! Mən buna adım kimi əminəm: sənin divarların arasında hələ kimlər yetişəcək, kimlər. O adamlar ki, hələ 29 il sonra da sənin qarşında baş əyib yazı oxuyacaqlar..."

Şair Ramil Əhməd yazı işində vacib olan bir çox bacarıqları "525"də qazandığını qeyd edir: "Səkkiz il öncə "525-ci qəzet"də işləmək həyatımda önəmli bir rol oynadı. Əminliklə deyə bilərəm ki, informasiyanı cəmiyyətə təqdim etmək, xəbər və ya reportaj hazırlamaq, müsahibə almaq, informasiya mətnin redaktəsi və sair kimi məsələləri orada işlədiyim dövrdə əxz etdim. Orada öyrəndiklərim bu gün də çox köməyim olur. Başda Rəşad müəllim olmaqla, Seyfəddin Hüseynli, Yusif Rzayev, əvvəllər isə həm də Yaşar müəllim həmişə məsləhətləşdiyim, fikir aldığım ustadlar idi. Bu fikir alış-verişi sadəcə jurnalistika ilə məhdudlaşmırdı, ədəbiyyatdan siyasətə, qurmaca dünyadan real yaşama qədər əhatələnirdi. Yaxşı kollektivimiz vardı. Sevinirəm ki, oradakı dostlarla ünsiyyətimiz hələ də davam edir. "525-ci qəzet"in mətbuat tariximizdəki yeri, mövqeyi haqqında uzun uzadı nəsə deməyə ehtiyac duymuram. İndi bu təbriki oxuyanların, özünü ictimai-siyasi, ədəbi-mədəni hadisələrin içində görənlərin "525-ci qəzet"i daim izlədiyini, onun bizə nələr qazandırdığını bildiklərini düşünürəm. Bu dəyərli qəzetin yeni yaşı münasibəti ilə, özüm də daxil olmaqla, yolu "525-ci qəzet"dən keçənləri, qəzetin əməkdaşlarını ürəkdən təbrik edirəm, hər birinə uğurlar arzulayıram. Yaxşı ki, "525"imiz var!"

Hər iki fikir və söz adamının səmimi təbriki olduqca xoş təsir bağışladı. Onların dedikləri bir daha sübut edir ki, "525-ci qəzet" mətbuat orqanı kimi məktəbləşib və böyük bir yola çevrilib. Bu yoldan gəlib keçənlər heç nə itirməyiblər, əksinə, addımlamaq istədikləri yolda çox şey qazanıblar.

Mən ötən il "525"də işə başlayanda çox ehtiyat edirdim. Qorxurdum ki, standartlara cavab verə bilməyəm. Baş redaktor müavinləri - Əməkdar jurnalist Yusif Rzayev və Seyfəddin Hüseynli, başqa neçə-neçə gənc kimi, yazmağı mənə də öyrətməyə başladılar. Rəşad müəllim ilk yazılarıma çox həssaslıqla yanaşıb, təhrifləri bir-bir kağız üzərində izah edib. Hər bir cümləmə görə onlara borcluyam.

Rəhman Mirzəlizadə və El Roman "525-ci qəzet"də mənimlə birgə işə başladı. Onların da ürək sözlərini bölüşürəm:

El Roman, şair: "İşlədiyim 1 il 2 aylıq müddətdə "525" mənə çox şey qazandırıb: ilk növbədə, təcrübə. Baş redaktorumuz Rəşad Məcidin iş mühitində bizə göstərdiyi diqqət həmişə daha yaxşı işləməyə stimul verib. Hər gün həm hal-əhvalımızdan, həm də gördüyümüz işlərdən xəbər alır, ardınca da elə həvəsləndirir ki, olmayan yerdən də iş tapıb işləmək istəyirsən. Hər dəfə bir şeyin fərqinə varıram. Elə bir yazım olmur ki, redaktorumuz Yusif Rzayevdən öyrəndiklərimi ora tətbiq etməyim. Bunun üçün ona minnətdaram. "525" bütün fərqliliyi, rəngarəngliyi, kreativliyi ilə "525"dir. "525-ci qəzet"in dəyərli əməkdaşları, səmimiyyət və rəsmiyyətin ideal dozada birləşərək yaratdığı səliqəli mühit adamı vadar edir ki, sən mütləq burada işləyəsən və bu ailənin bir parçası olasan. 29 yaşın qutlu olsun, "525"!

Rəhman Mirzəlizadə, jurnalist: "525-ci qəzet"ə yeni gələndə qəzetin ilk nömrələri - 1992-ci ildə çıxanlar mənə çox maraqlı gəlmişdi. Araşdırıb tapdım. Sonra digər illərdəki nömrələr - 1993, 1994... 2005... 2010...  Müxtəlif illərdə çıxan nömrələri vərəqlədim. Bir şeyin fərqinə vardım: Qəzetimizdə 2 mövzu var ki, daim aktual qalıb, mərkəzdə olub: Qarabağ və gənclər. 

Elə Qarabağı da işğaldan azad edən gənclərimiz oldu. Qəzetin baş redaktoru Rəşad Məcidin ilk nömrədə dediyi "Bu qəzet gənclərin qəzetidir" cümləsinə bu gün bir sözardı yazmaq olar: Bu qəzet vətənin qəzetidir. Bu qəzet zəfərin qəzetidir..."

Dostlarımın dediklərinə qatılıram və dəyərlərə sadiq qalaraq qəzetçilik ənənələrini davam etdirən, daim ictimai fikri düzgün yönə istiqamətləndirən doğma "525-ci qəzet"i, qəzetin baş redaktoru Rəşad Məcid başda olmaqla, əziz kollektivi, qəzetin sadiq oxucularını, dəyərli yazarlarını təbrik edirəm!
 

 





17.11.2021    çap et  çap et