525.Az

Özünə oxşayan şəkil - Seyran Səxavət yazır


 

Özünə oxşayan şəkil -<b style="color:red"> Seyran Səxavət yazır</b>

Nəzakət Məmmədliyə

Keçən əsrin 75-ci ilində, şahın vaxtında, İranın İsfahan şəhərində adını unutduğum bir İtaliya filminə baxmışdım. Mənim aləmimdə İtaliya dünya kinosunun zirvəsində qərar tutub. Filmin məzmununu danışmaq fikrim yoxdu. Ancaq fikrimi izah etmək və çatdırmaq üçün bəzi detalları açmalıyam. Belə ki, film gənc bir rəssamın öz portretini- avtoportretini çəkməsi ilə başlayır və film boyu davam edir- Ömrünün axrına qədər hər gün öz portretinə nələrsə əlavə edir... 

Bu sətirləri yaza-yaza heç vaxt unutmadığım, adını isə unutduğum, bu filmə ürəyimdə ad da qoydum: "Özünü çəkən adam". Nə bilim, bəlkə də, o filmin adı beləymiş... Əlqərəz... 

Bakılı hesab elədiyim, əslən Ərdəbildən olan, "Xatirə kitabı"nın baş redaktoru, "Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru, şair, publisist, üç zabit anası, zabit qayınanası, ədəbi və qeyri-ədəbi mühitdə hamının sevimlisi, dünyanın ən səmimi və rahat adamlarından biri olan Nəzakət Məmmədlini hər dəfə görəndə o İtaliya filmini xatırlayıram; səbəbini bilmirəm, buna heç vaxt çalışmamışam da - əgər bu yazını qurtarana qədər ağlıma və qəlbimə nəsə gəlsə, mütləq sizinlə bölüşəcəm - söz verirəm.

Bu günə qədər tanıdığım, ünsiyyətdə olduğum adamları iki yerə bölmək olar; onların bir qismi neçənci ildə, hansı ayda, ayın neçəsində, hətta saat neçədə üz-üzə gəlib tanış olduqlarımdı; ikinci bir qismi isə nə vaxt tanıdığım yadımda deyil və mənə elə gəlir ki, onları doğulduğum gündən tanıyıram - bu mənada ikincilər birincilərdən daha qədim və doğmadır. Baxmayaraq ki, birincilərin içində eləsi var ki, tanışlığımızın tarixi əlli ili keçsə də, ikincilərdən beş il əvvəl tanıdığım biri daha qədim, doğma görünür. Görünür, bu yerdə illərin uzunluğu yox, münasibətlərin səmimiyyəti hər şeyi yerbəyer eyləyir. Nəzakət Məmmədli sözün bu mənasında ikincilərdəndir. Elə ikincilərdən ki, bizim adət etmədiyimiz, öyrəşmədiyimiz kimi birincilərdən uca və səmimi. Görünür, ikincilərin birincilərdən doğma ucalıqda olması iyirmi birinci əsrin yeni keyfiyyətlərindəndi- mənlik deyil və məni qınamayın... deyə bilərsiniz ki, bu, harda görünüb ki, ikinci birincidən?: düzdü, heç harda görülməyib, ancaq indi görünür də... Yuxarıda dediyim kimi, İyirmi Birinci əsrdən soruşun, düzünü o deyər, mən yalan deyərəm... mənə yaraşmaz...

Nəzakət Məmmədlinin nəinki özü, hətta atası da Bakıda doğulub. Ərdəbildən Quzey Azərbaycana təşrif gətirən, məskunlaşan babası olub. O, yalnız sərhədlər açılandan sonra ata-baba yurduna- Ərdəbilə gedib. Görünür, bu məqamda harda doğulmaq bizlərin adət etdiyi anlamda, o qədər də önəmli deyilmiş - əsas ulu babaların dünyaya göz açdığı torpaq imiş - Ərdəbil, Güney Azərbaycan. Yoxsa, Nəzakət xanım o yerlərə xitabən yazmazdı ki:

İrəvanda gur səsiniz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə, 
Öpsün vətən torpağını gözlərim,
Çöksün vətən torpağında dizlərim.

Beş misranı misal gətirdiyim bu şeirdən qan iysi gəlir. Ona görə belə deyirəm ki, son Qarabağ müharibəsi də göstərdi ki, qansız-qadasız heç nə eləmək, daha sərrast desək, vətən torpağını- vətəni bütövləşdirmək mümkün deyil. Yeri gəlmişkən şair, publisist, naşir Nəzakət xanımın üç zabit övladı (iki oğul, bir qız hərbi həkim) zəfər qazandığımız Qarabağ müharibəsində iştirak etmişlər. 44 gündə 44 dəfə qırpılmayan, yol çəkən ana gözləri...

Adətən rəssamlar, bəstəkarlar, yazıçılar haqqında deyirlər ki, filankəs çox nəhəng sənətkardı. Allaha da xoş gedər bu yerdə desək ki, Nəzakət Məmmədli nəhəng anadır. Müharibədə iştirak eləyən üç övladın nigaranlığını çəkmək üçün ya gərək Nəhəng Ana olasan, ya da yük qatarını dartıb aparan Parovoz... 

...Bir neçə il bundan qabaq Nəzakət xanım Türkiyənin Əskişəhər şəhərində bir qıza rast gəlir. Qızın suyu ona çox şirin gəlir, qanı qaynayır, qıza quşu qonur, ona görə də oteldə işləyən bu qızla tanış olmaq qərarına gəlir.

- Sizin adınız nədi? - Nəzakət xanım nəzakət və məhəbbətlə soruşur. 

- Mənim adım... - qız utana-utana deyir, - mənim adım... - elə bil, adını yadına salmağa çalışır, - mənim adım Gülərdi... Gülər...

- Sizdə də Gülər adı olur? - Nəzakət xanım təəccüblə, nəzakət və məhəbbətlə soruşur. 

- Mən buralı deyiləm... - Qızın gözləri bir anlıq çox uzun yol çəkir.

- Bəs hardansan?

- Azərbaycandanam...

Nəzakət xanım elə bil sevincək olur:

- Azərbaycanın harasından?

- Xocalıdan... - Gözləri dolur, - məni türk tanışımız gətirib bura...- Gözləri boşalır, -ailəmizdə hamımızı qırdılar, bircə mən salamat qalmışam... -türklər mənə öz balaları kimi baxır... özdərinkindən seçmirlər... 

Nəzakət xanım onu bağrına basır, öz doğması kimi öpür, sığal-tumar çəkir, yalvarıb-yaxarır ki, gəl səni aparım özümlə. Qız deyir: 

- Çox sağ olun... hələ tezdi... Qayıdacağam... Xocalıda ev tikəcəm... həmişəlik orda yaşayacağam...

- Gülər, onda söz ver ki, gələndə birinci mənə zəng vuracaqsan...

- Onsuz da Azərbaycanda sizdən başqa heç kəsi tanımıram... Gələcəm... Hər şeyi sıfırdan başlayacağam...

Bu çox böyük hadisə 2013-cü ildə olmuşdu... kiminləsə bu cür qarşılaşmaq da hamıya, hər kəsə qismət olan deyil. Bu, müqəddəs, kövrək qismətdi, Nəzakət Məmmədli qismətidi... Və Azərbaycan xalqı demişkən, Qismət Allahındır...

Nəzakət xanıma zəng eləyib Güləri soruşanda dedi: 

- Əlaqələrimiz var... yazışırıq... 

Gülər Xocalıya qayıdıb hər şeyi sıfırdan başlayacaq. 

- Gülər bala. Bütün başlanğıclar sıfırdandı - elə yaşadığımız Yer kürəsi də sıfırdandı. Gəl. Nəzakət xanım Məmmədli səni gözləyir. Gəl. Mən də səni gözləyirəm. Gəl. Xocalı səni gözləyir, Xocalı... Gəl... Azərbaycan gözləyir... Gəl...

Bütün bunları ona görə xatırladım ki, Nəzakət Məmmədliyə dəxli var. Hər halda mənə elə gəlir... İnsanıq də... 

Nəzakət Məmmədlinin qələmindən çıxanların hamısı igidlik, qəhrəmanlıq, vətənpərvərliklə bağlıdır. -İnsana məhəbbət, həssaslıq, istiqanlılıq, səmimiyyət də öz məkanında və məqamında... 

Nəzakət Məmmədli orta məktəb illərində gündəlik yazırmış. Əgər belə demək mümkündürsə, o, ədəbiyyata gündəliklərindən gəlib. Yazı-pozu ilə məşğul olmaq-ədəbiyyat qəliz olduğu qədər də qeyri-qəlizdi, havadı, sudu. Ədəbiyyatda ilk kövrək və nabələd addımlarını atanların hamısına, sözün böyük mənasında, bələdçi lazım olur. Bu mənada Nəzakət xanımın kitablarından birinə böyük şairimiz (böyük bələdçi) Xalq şairi Musa Yaqub ön söz yazıb. Bu qarmaqarışıq Söz zamanında Xalq şairi Musa Yaqubun diqqətini cəlb eləmək özü bir ədəbiyyat uğurudu-mənim buna heç bir şübhəm yoxdu...

Xalqı qəflət yuxusundan oyadan da, onu dünyada tanıdan, başını uca eləyən, bayrağını qaldıran da onun qəhrəmanlarıdır. Qəhrəmanları olmayan milləti heç kəs saya salmaz, onun əsl qiymətini verə bilməz. Saya salınıb söz sahibi kimi tanınmayan, əsl qiyməti verilməyən xalqların aqibətini bilmək üçün tarixi vərəqləmək kifayətdi: onların çoxusu əsl simasını itirib tanınmaz olub, ya da ki, ümumiyyətlə tarixdən silinib, yoxa çıxıb. 

Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab, bu mənada çox dəyərlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona "var olun Nəzakət xanım" deyirəm. 

Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində, yersizdi - çünki hər şey göz qabağındadır və bu qeyrətli - vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. 

"Bakı-xəbər" qazeti ilə birlikdə "Şəhidlər ölməz - Vətən bölünməz" layihəsinin adı hər şeyi anladır - necə deyərlər, görünən kəndə nə bələdçi...  Hətta tədbirlərin birində hamının son dərəcə təvəzökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədli özünün rəhbərlik etdiyi Respublika Xatirə Kitabı haqqında belə dedi:

- Respublika Xatirə Kitabı ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsidir. 

Hamı da onunla həmrək olduğunu bildirdi - onu alqışladılar... 

Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdı - onun bircə yolu var: belə olmaq - Nəzakət Məmmədli kimi olmaq - Nəzakət Məmmədli olmaq...

Bir misal - ehtiyac olmasa da. Topxana meşəsindən başlayan (ilk səbəbkar kimi) milli azadlıq uğrunda mücadilədə yüz minlərlə adam məşhur, tarixi Azadlıq Meydanında tufanlı dəniz kimi dalğalanıb şahə qalxanda Nəzakət xanım balalarını da götürüb meydana gedir, elinə, obasına - xalqına qoşulurdu. Gücü çatan yerdən biş-düş eləyib yüz minləri yedirtmək istəyirdi; ona elə gəlirdi ki, bişirdiyi bir qazan yemək, bir-iki təndir çörəyi meydandakı adamların hamısına çatacaq -  neyləmək olar, varını verən utanmaz...

Sonuncu Qarabağ müharibəsində özləri kimi vuruşan üç zabit balası, bəlkə də vətənsevərlik "peyvəndi"ni ilk dəfə elə o tarixi, möhtəşəm Azadlıq Meydanında qəbul eləmişdilər - çox güman ki...

...Hə... imkanı olanlar inansın mənim səmimiyyətimə ki, uzaq 1975-ci ildə baxdığım İtaliya filminin əsl mahiyyətini hələ indi başa düşdüm. Sən demə, bütün insanlar doğum evindən qəbir evinə qədər qələm-fırça ilə deyil, əməlləri ilə öz şəkillərini çəkirlər. 

Nəzakət Məmmədli kimi...

Nəzakət xanımın şəklini isə mən çəkdim - telefonla yox - Sözlə...

Görün Özünə oxşayırmı?..
 

 





17.11.2021    çap et  çap et