525.Az

Pəncərələrdən düşən işıq - Qəşəm Nəcəfzadə yazır


 

TANINMIŞ ŞAİR RAMİZ ORSƏRİN 65 İLLİK YUBİLEYİNƏ

Pəncərələrdən düşən işıq -<b style="color:red"> Qəşəm Nəcəfzadə yazır</b>

Bir neçə gündü, böyük rus yazıçısı L.N.Tolstoyun 1908-ci ildə qələmə aldığı "Gündəliklər, qeyd dəftərləri, məqalələr" kitabını oxuyuram və onun Yasnaya Polyanada axşam saatlarında, xüsusən saat 10.00 radələrində yataq otağına keçib işığı uzun müddətdən sonra söndürməyi və bu vaxt ərzində işığın pəncərədən çölə axması, həyat yoldaşının və qulluqçularının bunu müşahidə etməsi yadıma 1981-ci ildə Gəncədə əziz dostum, tələbə yoldaşım, tanınmış şair Ramiz Orsərlə unudulmaz müəllimimiz, filologiya elmləri namizədı, tənqidçi Mürşüd Məmmədovun gecə saat 2-3 radələrində yaşadığı evin qarşısındakı parkda o baş-bu başa gəzməyimiz və həmin zaman düşündüklərimi yadıma saldı. Sevimli müəllimimizin iş otağının pəncərəsindən çölə, yəni bizim gəzdiyimiz parka bal kimi işıq süzülürdü və bu işıqda siqaret tüstüsü, yaradıcılıq iztirabları və sevincləri vardır. İkimiz də pəncərəyə boylanıb qürur hissi keçirirdik ki, görəsən, müəllimimiz hansı əsər üzərində işləyir?

Hər iki pəncərədən düşən işığın iziylə bu il 65 illik yubileyini qeyd edən, doğulub boya-başa çatdığı Şəkini heç vaxt dərk etməyən, təxəllüsünün ilk və sön hecasını oğlanlarının adlarının ilk hecasından götürən (Orsər - Orxan və Sərxan) şair Ramiz Orsərin mənə göndərdiyi şeirləri oxuyuram. Hiss edirəm ki, şair dostum bu şeirləri yazarkən yəqin ki, pəncərəsindən işıq seli axıb və kimsə, hardasa o pəncərəyə baxıb və haçansa o pəncərədən axan işıq haqqında yəqin ki, yazacaq.

Hələ Gəncədə tələbə ikən Ramiz Orsəri, Sərvaz Hüseynoğlunu və məni gözəl şairimiz Vaqif Bayatlı Odər 1978-ci ilin "Ulduz" jurnalının 11-ci sayında böyük ürəklə çap eləmişdi. İndiyə kimi yadımdadır, Ramizin çap olunan ilk şeirinin ilk misrası beləydi: "Ağacı kəsənin qolu ağrıyıb". O vaxta qədər, elə indi də, əsas məsələ bu idi ki, insanlar, xüsusən də şairlər kəsilən ağacın halını acıyırdılar, amma tələbə, gənc şair Ramiz Yusifov (Orsər) oxuduqlarından və eşitdiklərindən bir az da irəli gedərək, ağac kəsənin qolunun ağrısının qeydinə qalıb. Bu da dolayısı yolla, fikrin inkişafı fövqündə yenə ağacın dərdini ağlamaqdı və özü də, ən başlıcası ağacı kəsəni ironik şəkildə ürəkdən söyməkdi.

Tələbəlilik illəri bitdi, həyat hərəmizi bir tərəfə atsa da, şeir yerimizi bir-birimizə nişan verdi və biz bir-birimizi axtardıq, tapdıq, bütövləşdik. Hər dəfə Ramiz mənə yeni kitabını verəndə və ya yeni şeirlərini oxuyanda onda fikrin hərəkətini gördüm. Yaradıcılığında yeni düşüncənin inkişafı gündən-günə artdı, yeniləşdi və bu da müasir şeirimizin spesifik cəhəti kimi nəzərdən qaçmadı. 

Oğlanların dəlisov rəqsi,
Ulduz kimi dairələndi.

Burda nə hecanın, nə sərbəstin, nə də əruzun hikməti var. Hazır, keçilmiş yol da yoxdur. Sadəcə "Yallı" rəqsinin rəssam fırçası ilə çəkilmiş şəkli var. Şeirdə müəllif "Yallı"nın adını çəkmir. Onu fikirləşib oxucu tapır, yəni onu istədiyi kimi yozur. Şairin oxucuya nəyisə yozmaq üçün verdiyi imkan onun orijinallığının başlıca cəhətidir. Oğlanların dəlisov rəqsində ehtiras burulğanı nəinsə başlanğıcıdır, rəqs dairlənirsə, ortada qalan qızlar da ola bilər, vətən də, torpaq da. Kim necə istəyir, fikirləşsin. Şeirin ixtiyarı artıq oxucuya ehtiva edilib. Bəlkə Şuşa qalasıdır ortada. İgid əsgərlərimizin dairəvi, bir az da səmavi rəqsi onu əhatəyə alıb, düşmənlərdən qoruyub. Rəqs elə belə adi əl-qol hərəkəti deyil, daxildən və tarixdən verilən əmrdir, döyüşdür. "Dairələndi" sözündəki mistika ruhun görüntüsüdür, bu sözdəki qələbə ritmi və rahatlıq, insanın könlünü ovsunlayır. İstər-istəməz onun ən gözəl qafiyəsi dilinə gəlir: "lalələndi". Yerdəki yallı rəqsi torpaqdan daha çox göylə bağlıdır. Dərindən fikir versən və dörd gözlə baxsan, göydə ulduzların o cür düzülüşünü görə bilərsən. "Dairələndi" sözü feilin qayıdış növüdür, daxili enerji işi öz üzərində icra edir, həm də bu dairə vətən sərhədini çəkir, yerin quruluşuna dönür, bitkinliyə çevrilir, ayrlığa son qoyur, tamlığı, bütövlüyü yaradır.

Yadıma gəlir, Ramizlə 1980-ci ildə Gəncə şəhər kitabxanasından unulmaz müəllimimiz professor, rəsulşünas Bağır Bağırovun ədəbiyyat siyasına əsasən Rəsul Rzanın "Pəncərədən düşən işıq" kitabını almışdıq. Bu sətirləri yazarkən mən indi L.N.Tolstoyun iş otağından düşən işıqla, Mürşüd Məmmədovun evinin pəncərəsindən düşən işığın və Rəsul Rzanın eyni adlı kitabının arasında mistik bir əlaqənin olmasına inanmaya bilmirəm. 
Hər üç pəncərənin işığı bizə anlaya bilmədiyimiz dünya sirlərini yerini nişan verir. Və istər-istəməz dünyaya pəncərə kimi baxırsan Günəşi də, Ayı da dünya pəncərəsindən boylanan bir canlı varlıq kimi görürsən. Adicə bir Əriyin və yaxud Narın özü də, çiçək də pəncərədən baxırmış kimi adamın üzünə sevinə-sevinə boylanır. Bir azdan pəncərəsi bağlanacaq. Amma hər bağlanan pəncərinin yerinə yüzlərlə pəncərələr açılacaq. 
Ramizin şeirlərində bədii ovqat, bu ovqatda görünən detallar hadisənin təbiiliyinə oxucunu inandırır.

Kəsilib taqəti, yellənir elə,
Küləyin dənizdə batmaq qorxusu.

Bəlkə, doğrudan da, belədir, ya da heç belə deyil. Hər halda burda nəsə səyriyən üstüörtülü bir həqiqət var. Özü də hiss və duyğu şəklində. Şairin və şeirin mənə verdiyi imkandan yararlanaraq daha irəli getmək istəyirəm; daha doğrusu, şeirin yeni abzasını yazmaq fikrindəyəm. Bəlkə, elə doğrudan külək boğulub, dənizdəki kiçik dalğalar ölmüş küləklərin cəsədləridir, nə qədər çırpınsalar da, suyun üzərindən havaya qalxa bilmirlər. Bir az da irəli getmək olar; əgər suda küləklər boğulub ölübsə, demək, burda xəyanətin əli var. Demək, kimsə və nəsə küləyin arxasında geri çəkilib.

Axar suyla danışdı könül,
duruldu kefi,
Su da çalxalandı, sonalandı.
Könül sirri qarışdı suya,
Su da axıb töküldü çaya.

Ramizin şeirlərində payız su və od, külək və torpaq - bu dörd ünsür, müasir sosial həyatla, problem-situasiyalarda qarşılaşaraq yeni fikrin doğulmasına şərait yaradır. Su dünyanın sirrini daşıyan və yaşadan və həm də böyük Füzulu demiş, "kələfin ucunu gizlədəndi". Könülün sirri suya qarışanda, su da axıb çaya gedəndə, sonra buxalanıb bulud olanda dünya da dəyişir, insan da... 

Var, var,
Suyun da dili var.
İçini bəyan edər,
Sonra ağzına su alar.

Şair yuxarıdakı şeirə "var, var" sözü ilə başlayır. Demək, bundan qabaq nəsə olub, nəsə baş verib. Şair bunu demir, deməməyi də bir yenilik kimi görsənir. Su əvvəl dediyimiz kimi, çox sirləri özündə gizlədir. Balıq onun fikirləridir. Amma danışmır, laldır. Demək, Yaradan belə məsləhət bilib. Şair demiş, su ağzına su alıb durub.

Balıqçı qayığı üzü dənizə,
Sahil sularında ləngər vururdu.

Məncə, bu ləngərin özündə bir tənhalıq, bir kədər var. Bir sözlə, qayıq kədərlidir. Sahibi yoxdur, bəlkə evə gedib. Hər halda axşamdır. Kiçik ləpələr qayığa sataşır. Havada bir hüzn var. Bu mənzərini min yerə yozmaq olar. Bir türk şairinin şeirində deyildiyi kimi:

Ey kiçik qayıq,
Çıx körpünün altından,
Artıq böyük gəmilər getdi.

Bəlkə kiçik qayıqlar böyük gəmilərin yanıda qorxaq və yazıqdılar. Tənha və kimsizdilər. Şöhrətsiz şair kimi. Qayığın kədərinə bax: eynən insan.

Adın haqqı,
andım da,
and yerim də
adınla bağlı...

və ya 

İlahi!
Sən olmayan yerdə
mənim nə işim?!
İki əlim, bir başım,
bir də qarışqa vərdişim
.

Ramiz hər yeni şeirə başlayanda yeni bir intonasiya ilə xitab edir. Hiss edirsən ki, şeirin yazıldığı an və yaxud yer, yurd, əhvala, xüsusən təfəkkürə uyğundur. Birinci şeirin ifadə tərzi "and", "ad" sözlərinin təkriri (təkrarı yox), "d" samitinin alleterasiyası şeirə axıcılıq gətirir. İkinci şeirdə "iki əlim, bir başım, bir də qarşıqa vərdişim" ömrə, həyata işarə olunur. 

1969-cu ildə Xalq yazıçısı Anar Əkrəm Əylisli haqqında "İşıqlı pəncərə" adlı esse yazıb: "Əkrəm Əylisliylə qonşuyuq. XVIII əsrin böyük şairi Vaqifin adını daşıyan dar küçə mənim evimlə Əkrəmin yaşadığı evi ayırır. Neçə illərdir ki, evdən çıxanda ya evə qayıdanda qanrılıb Əkrəmin pəncərəsinə baxıram. Axşam pəncərədən işıq gəlir. Pəncərəyə baxır və sanki görürəm: Əkrəm yazı masasının arxasında oturub. Masada bir dəst ağ kağız... Evinə qalxıb yeni xəbərləri bölüşmək, bir neçə dəqiqə söhbətləşmək istəyirəm. Amma bunu edə bilmərəm. Ən böyük günahlardan biri işləyən yazıçını işindən ayırmaqdır". 

Bu da dördüncü pəncərə...

Əziz dostum, Ramiz, işığı gələn pəncərələr Allahın lütfüdür. Yazımda dörd pəncərənin işığı haqqında danışdım. Və bu pəncərələr nə qədər başqa pəncərələrin işığına nur, bərəkət qatıb. Biri də sənin pəncərən. Həmişə qapının zəngi çalınsın, pəncərənin işığı gəlsin, əziz qardaş! 
 

 





17.11.2021    çap et  çap et