525.Az

Addım-addım "mavi qızıl" böhranına doğru


 

Addım-addım "mavi qızıl" böhranına doğru<b style="color:red"></b>

İqtisadi əhəmiyyətinə görə "qara qızıl" adlandırılan neft kimi, artıq dünya bazarında əmtəəyə çevrilməkdə olan su da "mavi qızıl" adı ilə dəyər qazanıb.

"Mavi qızıl"ın varlığı həyat mənbəyi, onun çatışmazlığı, qeyri-bərabər paylanması davamlılığın sonu, yoxluğu isə istisnasız hər canlı üçün ölümün digər adıdır. Bu baxımdan yalnız regional iqtisadi inkişafın yox, hər baxımdan inkişafın davamlılığını təmin etmək üçün bütün dünyanın davamlı və zəngin yararlı su ehtiyatına sahib olması vacibdir. Vaciblik ilə reallıq isə üst-üstə düşmür.

Demək olar ki, bütün dillərdə işlədilən "sudan ucuz" ifadəsi hələ ki reallığı əks etdirir. Dünyada su çox ucuzdur, hətta pulsuzdur. Bunun səbəblərindən biri də dövlətlərin həyata keçirdiyi sosial və iqtisadi siyasətdir. Məsələn, kənd təsərrüfatının inkişafı təbii olaraq suyun çox ucuz olmasını tələb edir. Pulsuz və ya nisbətən ucuz olan hər şey bir qayda olaraq daha çox israf edilir. Dünyanın bir çox yerində sudan istifadə baxımından tələbat aşağı səviyyədə olsa da, suyun israf edildiyi məlumdur. Bu da bizi gözlənilən, qaçılmaz reallığa doğru sürətlə yaxınlaşdırır.
Yox, söhbət dünya üzərində suyun tükənməsindən getmir. Əslində, dünyamızda heç su qıtlığından söhbət gedə bilməz. Bəşəriyyətin qarşısında duran bu böyük problemi "su problemi" olaraq adlandırmaq absurd və məsələnin ciddiyətini pərdələyən yanaşmadır. Dünyanın elə 70 faizi su ilə örtülüdür. Qorxunc reallıq su qıtlığı yox, su emalının getdikcə daha baha başa gəlməsi ilə bağlıdır. 

Təbii ehtiyatlar olan neft və kömür kimi mədənlər tükənə bilər. Lakin dünyanın su ehtiyatı tükənmə xüsusiyyətindən çox, keyfiyyətinin pisləşməsi təhlükəsi ilə qarşı-qarşıyadır.

Belə ki, istifadəyə yararlı şirin su dünyadakı ümumi suyun cəmi 2,5 faizini təşkil edir. Qalanı isə duzlu, istifadəyə yararsız olan sudur. Yararlı su mənbələrinin yalnız 1 faizi insan istifadəsi üçün - içməyə uyğundur. Böyük bir hissəsi isə Cənubda və Şimalda buzlaqlar halında toplanıb. Onların da əriməsi başqa bir qlobal problemdir. İnsanların istifadə edə biləcəyi su göllərdə, gölməçələrdə və yeraltında insan əlinin çatacağı qədər dayazdadır. Bu su ehtiyatları qar və yağışlarla yenilənir. Yəni bəzi dövrlərdə quraqlıq nisbətən su qıtlığına səbəb olsa da, ümumən davamlılıq var. Amma su sərfiyyatı artdıqca bu mənbələrin bütün insanlara çatmayacağı barizdir.

Bu həyati səbəbə görə gün keçdikcə "mavi qızıl"ın dəyərini daha yaxşı anlayırıq. Heç şübhəsiz, yaxın dövrdə dünya üzərində gedən enerji müharibələri artıq su müharibələri ilə əvəzlənəcək. Son 25-30 ildə qlobal iqtisadi, siyasi və sosial inkişaf suyun iqtisadi və strateji əhəmiyyətini artırıb. Necə ki, neft sərvətlərinin sahibliyi, idarə olunması və bölüşdürülməsi uğrunda son əsrdə aparılan gizli və aşkar hökmranlıq mübarizəsinə şahid oluruq, bu mübarizənin yaxın gələcəkdə su üçün aparılacağını da gözləmək olar. 

Kapitalist sistem üçün bir məhsulun və ya xidmətin qiymətləndirilməsi, alınıb-satılacaq mala çevrilməsi üçün onun az, qıt olması kifayətdir. Qızıl və digər az tapılan qiymətli metallar, daşlar kimi təbii ehtiyat olan su da artıq mövcud sistem üçün qiyməti ödənilə bilən əmtəə və xidmətə çevrilməkdədir. Bunun səbəbi suyun getdikcə çirklənməsi və istifadəyə yararsız hala düşməsi kimi səbəblərdən bazar təklifinin məhdud, tələbinin isə sonsuz olmasıdır. Beləcə, təbii sərvət olan su, sənayeləşmə və qloballaşma nəticəsində ona olan ehtiyacın artması ilə iqtisadi sərvətə çevrilir. Neft kimi o da təbiətdə bütün coğrafiyalara bərabər paylanmayıb və az deyil, məhduddur. Amma su, enerjidən daha vacibdir.

Su olmadan yaşamaq mümkün deyil. Suyun gücü ilə enerji istehsal etmək mümkündür. Buna baxmayaraq, dünyada enerji və su istifadəsi paralel gedir. Hər ikisindən istifadə bir növ iqtisadi və sosial inkişafın göstəricisidir. Hər ikisi azdır. Əhali artımı ilə yanaşı, dünyada iqtisadi və sosial inkişaf səviyyəsi yüksəldikcə su istehlakının da sürətlə artdığı müşahidə olunur. 

Bu gün dünyada buxar maşınlarından su elektrik stansiyalarına, əczaçılıqdan tekstil və kosmetikaya qədər bir çox sahədə mənbə kimi sudan istifadə olunur. İçməli su, məişət istifadəsi, kənd təsərrüfatı suvarma, enerji istehsalı, sənaye istehsalı, tullantıların çıxarılması, idman məqsədləri kimi nəfəs aldığımız havadan gündəlik həyatımıza, sənətdən iqtisadiyyata qədər bütün sahələrdə su həyatın davamlılığını təmin edir. 

Sudan ən çox istifadə edilən və israfa yol verilən sahə isə kənd təsərrüfatıdır. Bu gün dünyada yararlı suyun 90 faizə yaxını kənd təsərrüfatında istifadə olunur. 1980-ci illərdə FAO-nun apardığı araşdırmalar göstərir ki, suvarma sistemlərində verilən suyun 60 faizi su sahəyə çatana qədər boş yerə sərf olunur. Yeri gəlmişkən. yararlı su mənbələrinin ən çox istifadə olunduğu coğrafi bölgə Asiya qitəsidir. Bunun səbəbi də çəltik istehsalıdır. Dünyanın heç bir yerində çəltik istehsalından başqa heç bir təsərrüfat sahəsində suya basdırılma üsulu tətbiq edilmir. Çəltik istehsalı buğda və digər dənli bitkilərin yetişdirilməsinə nəzərən təxminən iki dəfə çox su tələb edir. Respublikamızın səkkiz zonasında çəltik əkini aparılmaqdadır: Lənkəran, Masallı, Şəki, Zaqatala, Quba, Xaçmaz, Ağdaş, Ucar zonalarında hər il çəltik əkini baş tutur.

Vacib məqamlardan biri də odur ki, istifadəyə yararlı su təmiz su mənasına gəlmir. İstifadəyə yararlı hesab olunan su mənbələrinin hamısı təmiz və içməli su deyil. İnsan sağlamlığı baxımından lazımi qədər təmiz olan su mənbələri daha azdır. Bu mənbələrin miqdarı dəqiq bilinməsə də, bəzi statistikalar onun "qıt" deyə biləcəyimiz qədər az olduğunu sübut edir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada hər il 5 milyon insan çirkli sudan istifadə nəticəsində yaranan xəstəliklərdən ölür. Bunun çox mühüm hissəsi Afrika və Asiya qitələrinin payına düşür. Çirkli suyun sağlamlıq üçün təhlükəli olmayan suya nəzərən daha çox olduğu məlumdur. Dünya əhalisinin təxminən üçdə biri "su problemi" olan ərazilərdə yaşayır. Böyük su ehtiyatına sahib olduğu düşünülən Asiya qitəsindəki su ehtiyatının yarısının 1900-cü illərin ortalarından sonlarına kimi tükəndiyi bildirilir. Həmçinin, müxtəlif mənbələr 2025-ci ildən sonra bir çox Asiya ölkələrində çox ciddi "su problemi" yarana biləcəyindən xəbər verir.

Bütün bu xəbərdarlıqlara baxmayaraq, bütün dünyada olduğu kimi, ölkəmizdə də 2014-cü ildə qəbul olunmuş "Sudan istifadə qaydaları"nın tələblərini pozan müəssisələr fəaliyyət göstərir. Təkcə 2021-ci ilin yanvar-oktyabr aylarının statistikasına nəzər salsaq, sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" ASC üzrə 13537 fakt aşkarlanıb. Sürətlə azalan təmiz su, içməli su qaynaqlarımızın mövcudluğunu təhlükə altına alan aidiyyatı qurumlara məlum olmayan hələ minlərlə bu kimi hallar var. Bütün bunlar və mövcud qlobal təhlükə yaşadığımız coğrafiya və ölkəmiz üçün getdikcə daha böyük təhlükələrdən xəbər verir. Buna görə də bütün istehsal sahələrində sudan istifadəylə bağlı nəzarətin daha da gücləndirilməsi vacib və qaçılmaz addımlardan biridir.

 





17.11.2021    çap et  çap et