525.Az

“Google” zəhmətkeşləri unutmadı


 

“Google” zəhmətkeşləri unutmadı<b style="color:red"></b>

“Google” dünyanın bir çox ölkələrində keçirilən “1 May - Beynəlxalq əmək günü” üçün xüsusi "doodle" hazırlayıb.

ANS PRESS-in xəbərinə görə, dünyanın müxtəlif ölkərində qeyd olunan bəzi xüsusi bayramlar üçün "doodle" hazırlayan “Google” axtarış sistemi bu gün “Beynəlxalq əmək günü”nü də unutmayıb.

Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.

Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.

Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtdar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər.

Qeyd edək ki, 1 May - dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

 





01.05.2014    çap et  çap et