525.Az

İncə duyğuların poeziyası - Ülkər Nicatlının şeirləri


 

İncə duyğuların poeziyası -<b style="color:red"> Ülkər Nicatlının şeirləri</b>

İncə duyğularla ədəbiyyata gələn gənc şairə Ülkər Nicatlının şeirləri, qəzet və jurnallardan, sosial şəbəkələrdən oxuculara yaxşı tanışdır. "Yaralı arzular və "Bir misra dəniz" adlı iki şeir kitabının müəllifidir. Ülkərin şeirləri Türkiyə və Cənubi Azərbaycanda çap olunub. Şeirlərindəki hisslər, poetik misralar içindən gələn kövrək duyğuların harmoniyasını özünəməxsus tərzdə oxucusuna çatdırır, misralarındakı poetik yükün rəngarəng çalarlarını sezməmək olmur:

Sahilə can atan coşqun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.

Ülkər Nicatlının utancaq, təvazökar xarakteri şeirlərindəki xoş səmimiyyət, sakit təbiətinə xas olan üz cizgiləri onun könül dünyasının zənginliyindən xəbər verir. Vətənimizin qanlı-qadalı vaxtlarında da şairənin qələmindən çıxan şeirlərində igid Azərbaycan əsgərini obrazını özünün poetik dünyasında gördüyü kimi təsvir edir.

Səngəri əyninə geyinən oğlan,
Sənə gülümsəyən güllə mübarək!
Şəhid məqamıyla görüşə gəldin,
Ömrünə gül açan çillən mübarək!

Ülkərin şeirlərində həyat, sevgi, əbədilik, insanın yaşam tərzi, təbiəti harmoniyasına aid diqqət çəkən məqamlar çoxdur.

Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuva tək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular.

Və yaxud:

Qızıl günəş eşq ilə,
Yer üzünü öpən tək.
Bax beləcə öpüşür,
İki sevdalı ürək.

Ülkərin şeirlərində həzin bir ağrı və ağrılı həsrətin siqlətində yaranan şeiriyyətin qoxusu sözün yanındadır:

Mənim könlümdəki duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu,
Allah, bu dənizin sularına sər.

Ülkər xanımın bir neçə şeirini "525-ci qəzet"in oxucularına çatdırmaq istədim.

Nazim Əhmədli

***

Ülkər NİCATLI


Səngəri əyninə geyinən oğlan

Səngəri əyninə geyinən oğlan,
Sənə gülümsəyən güllə mübarək!
Şəhid məqamıyla görüşə gəldin,
Ömrünə gül açan çillən mübarək!

Alnından boylanan cümlədən soruş, -
Hansı kəlməsinə sürtüm üzümü?!
Bir misra diksinir mənim içimdə -
Şəhidlər qeyrətin lalə mövsümü.

Önündə əbədi diz üstə çökdün,
Əyilib qəbrini öpən bayrağın.
Sevgidən vətənin gözləri gülür,
Üzünü ağ etdin qara torpağın.

Şükür, oğulları ümid qoxuyur,
Allah, salam yetir o uca yurda.
Harda şəhidliyin ətri gəlirsə,
Bir misra Qələbə yaşayır orda.

Qeyrətli oğullar halal eyləyib,
Vətən, doğulmamış sənə qanını.
Hələ qabaqdadır sonuncu döyüş,
Götür, get Şəhidlər Xiyabanını!

 

Mənim ürəyimə yağır bu yağış

Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm, səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.

Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınıb könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

 

Tənhalıq nəğməsi oxuyur sular

Mənim könlümdəki duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu,
Allah, bu dənizin sularına sər.

Sahilə can atan coşqun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.

Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sahil ağlayır.

Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuva tək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular.

 

İki sevdalı ürək

Ulduzlar sönən kimi,
Sözlər həmən sayrışır.
Arzudan, həm şeirdən,
Həm sevgidən danışır.

Çağırır, aparır yol,
Yarır zülmət gecəni.
Tənhalıq bürüyübdü,
O yaşayan küçəni.

Sanki tanış deyilik,
Dünən ayrılsaq da biz.
İlk görüşdə olan tək,
Titrəyir hey səsimiz.

Sozalıbdı həniri,
Sevirəm sözünün də.
Buz nəfəsli ayrılıq
Dayanıb söz önündə.

Qızıl günəş eşq ilə,
Yer üzünü öpən tək.
Bax beləcə öpüşür,
İki sevdalı ürək.

 

Vətən sevgisinin sərhəddi yoxdur

Sərhəddə dayanan vətən oğlunun,
Məramı ucadır, andı müqəddəs.
Torpağın ana tək doğmalığını,
Heç kim onun qədər anlaya bilməz.

Sərhədçi əsgərin vətən sevgisi,
Torpağı, ağacı, daşı isidir.
O qartal baxışlı iti gözləri,
Bu yurdun məhəbbət xəritəsidir.

Yurdun keşiyində duran igidin,
Duruşu yad gözə sancılan oxdur.
Sərhədçi əsgərin qəlbində təkcə,
Vətən sevgisinin sərhəddi yoxdur.

Sərhəddə bir ovuc torpağı oxşa,
Duyarsan içində tarix diridir.
Yurdu gözü kimi qoruyan ərlər,
Vətənin sabaha ümidləridir.
 

 





20.11.2021    çap et  çap et