Məlum olduğu kimi, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videomüraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi.
Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə edilərək səsvermə ilə qəbul olunub. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə çıxmayıb. Sənədə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır.
Qeyd etmək lazımdır ki, bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının növbəti nümunəsidir.
Qətnamə dekabr ayında, bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.
Vurğulamaq lazımdır ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizəyə qoşulan və lazımi infrastrukturu təmin edən ölkələr arasında ilk yerlərdən birini tutur. Ölkəmiz peyvəndlənmənin səviyyəsinə görə də dünyada liderlərdən biridir. Azərbaycanın səyləri təkcə daxildə görülmüş tədbirlərə yönəlməyib. Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən bir oldu. Prezident İlham Əliyev beynəlxalq platformalarda çıxışları zamanı pandemiyanın öhdəsindən yalnız birlikdə gəlməyin mümkünlüyü bəyan edib. Dövlət başçısı peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb, eyni zamanda, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanmasının ciddi narahatlıq doğurduğunu, bir sıra dövlətlərin ehtiyacdan dəfələrlə çox peyvənd tədarük etdiyini, nəticədə peyvənd qıtlığı ilə üzləşildiyini söyləyib. İyulun 13-də Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edən Prezident Əliyev bildirib ki, Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl fəaliyyət planı qəbul edib.
Xatırladaq ki, Azərbaycan 30-dan çox dövlətə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı, eyni zamanda vaksin yardımları edib. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Azərbaycan bu istiqamətdə öz fəaliyyətini davam etdirir.
BMT Baş Assambleyanın 3-cü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı hesab edir ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində qəbul edilmiş qətnamə kifayət qədər müfəssəl məzmundadır: "Qətnamədə digər məsələlərlə yanaşı, COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVİD-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır. Eyni zamanda, COVİD-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır. Bütün dövlətlər COVİD-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur, BMT Baş Katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır".
O qeyd edib ki, bu qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir.
PƏRVANƏ
çap et