Ziyalı, ziyalı, ziyalı...
Nədir bu ziyalı sevdası? Hardan düşüb dilimizə? Ümumiyyətlə, bizə ziyalı lazımdırmı? Və ən əsası kimdir ziyalı?
İlk növbədə onu qeyd edim ki, bu sözün izinə düşüb, arxasınca gedəndə oxuduğum ilk cümlə bu oldu: "İlk dəfə 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlənən bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdı".
Aha... elə burdaca məndə ilk sual yarandı. Niyə SSRİ bu ziyalılardan belə möhkəm yapışır? Nəzərə alsaq ki, Qərbin bir çox dəyərlərini Sovet asan-asan həzm etmirdi. Deməli, bu ziyalılıqda sistemin işinə yarayan nəsə vardı. Bu nəsə də, çox güman, rejimin nəzarət mexanizminin güclənməsinə xidmət edən, cəmiyyətə kimlərinsə əli ilə təsir göstərmək ehtiyacından doğan zərurət idi. Yəni ziyalı fikir adamı kimi qəbul olunduğu üçün onun dediyilə sıravi bir adamın dediyi sözün çəkisi eyni olmayacaqdı. Nəticədə o, neçə-neçə sıravi adamı arxasınca apara biləcəkdi, ən azından potensial bir variant kimi. Deməli, rejim üçün xalqın içində belə adamların olması sərfəli idi. Yoxsa diktatura bu anlayışı yerli-dibli yox edərdi. Qərbdə ziyalı anlayışına yaxın olan intellektual anlayışı var. Düşünürəm ki, bu iki anlayışı eyniləşdirmək doğru deyil. Çünki Qərb cəmiyyətində intelellektuala olan münasibətlə bizim ziyalıya olan münasibətimiz eyni deyil (Mən bilmirəm onlar intellektualdan bizim ziyalıdan istədiyimiz mövqeyi istəyir, ya yox?)
Ümumiyyətlə, Qərb insanını fərdiyyətçilik daha çox maraqlandırır. Ona görə də o öz haqqını, öz mənafeini özü tələb etməyə meyilliddir. Nəinki ilanı Seyid Əhməd əliylə tutmağa.
Ziyalı anlayışına yanaşma təkcə Qərb-Şərq müstəvisində deyil, həm də zaman müstəvisində dəyişir. On doqquzuncu əsrdə ziyalının mövqeyi bugünkü kimi ola bilməzdi. Məsələn, belə bir fikir var ki, məğlub xalqlarda müharibədən sonra revanşizm, millətçilik ruhu daha da güclənir. Qisasa ac toplum ziyalısından da bunu istəyir. Meydan, qışqırıq, çağırış və sairə və ilaxır.
Digər tərəfdən, xalqın keçdiyi tərəqqi yolunun da bu məsələdə mühüm əhəmiyyəti var. Bir-iki əsr öncə ziyalılıq cəmiyyətin eyiblərini demək, qüsarlarına uca səslə etiraz idisə, bu gün ziyalı olmaq üçün bunlar kifayət etmir. Çünki bu gün təkcə tənqid yox, həm də təklif tələb olunur cənab qalstuklulardan. Yəni falan-falan çatışmazlıqlar var, dedin bildik. Bəs sən nə təklif edirsən? Çıxış yolunu nədə görürsən? Axı, bu gün Kefli İsgəndər olmaq qəhrəmanlıq deyil. Qəhramanlıq ayıq başla düşünmək və çıxış yolunu göstərməkdədir.
Ziyalı olmaq həm də cəmiyyətin qüsurlarına etiraz edə bilməkdir. Bu cəsarətə sahib olmaqdır. Varını-yoxunu, adını-sanını bu yolda qurban verməyə hazır olmaqdır. Cəmiyyətin mənafeyini öz mənafeyindən üstün tuta bilməkdir. Necə ki, bunu bir vaxtlar Mirzə Fətəli, Mirzə Cəlil, Zərdabi etmişdi.
Ziyalı olmaq həm də söyülməkdir. Özü də uğrunda savaşdığın cəmiyyət tərəfindən. Təbii ki, bu, tələb deyil, yəni söyülmədən də bu adı daşımaq olar, ancaq bu da qaçılmazdır.
Bəs biz bu gün bu kəlməni hansı konteksdə işlədirik? Kimin əlində diplomu, boynunda qalstuku varsa, deyir ki, mən ziyaliyam. Halbuki ziyalı olmaq cəmiyyətin mənafeyi uğruna o qalstukdan asılmağı gözə almaqdır. Xalqı üçün repressiya dövründə həbslərdə, sürgünlərdə ömür keçirənlərə də ziyalı de, hər gördüyün diplomlu, qalstukluya da?
Ümumiyyətlə, bu gün bu anlayışa münasibət dəyişməlidir. Çünki dövr dəyişib, iqtisadi formasiya dəyişib. Bu gün vəhşi kapitalizmin mübarizələrində ömür keçirən adamlardan mövqe tələb etmək... Axı, bəh-bəhlə ziyalı adlandırdığınız adam da bir tikə çörəyin əsgəri ola bilər.
Uzun sözün qısası, hər müəllim, hər həkim, hər yazıçı ziyalı deyil. Cəmiyyət artıq hər qalstukludan ziyalı mövqeyi gözləməkdən əl çəkməlidir. Ərəb dilindən "işıqlı", "aydın" mənasına gələn bu sözü cəmiyyəti aydınlandıranların əvəzinə, zülmətə aparanlara qoymaqla cəmiyyət özü də böyük səhv edir. Həmişə deyirlər, axı "ziyalı" ilə "ziyanlı" arasında bir hərf fərqi var.
Onsuz da əsl "aydın" lazımi məqamda öz mövqeyini ortaya qoyacaq, öz kreslosunu da, varını da, statusunu da cəmiyyət üçün qurban verəcək - siz tələb etsəniz də, etməsəniz də. Çünki bu, onların fitrətindədir. Çünki əsl ziyalı cəmiyyətin xoşbəxtliyi naminə özünü bədbəxt etməkdən belə çəkinmir. Tolstoyun da dediyi kimi, ziyalılar taleyin məğlub etdiyi insanlardır.