525.Az

"Daşdan da yazsam, orada insan amili görünür" - Təranə Turan


 

TƏRANƏ TURAN: "ŞEİRLƏRİMİN ANA XƏTTİ İNSAN VƏ ONUN YAŞANTILARIDIR"

"Daşdan da yazsam, orada insan amili görünür" -<b style="color:red"> Təranə Turan</b>

Azərbaycanın elm-mədəniyyət tarixində fədakar qadınların rolu danılmazdır. Elmi-bədii yaradıcılıqla məşğul olub ailə dəyərlərinə sadiq qalmaq, bütün məsuliyyətin öhdəsindən gəlmək bir ziyalı qadın üçün, sözün əsl mənasında, xoşbəxtlikdir. Həmin qadınlardan biri də, şair, publisist, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi Təranə Turandır. Təranə xanım bir çox yerli və xarici təşkilatların, birliklərin üzvüdür. Bu illər ərzində bir sıra beynəlxalq mükafata layiq görülüb. Eyni zamanda, tədqiqat işlərinə və bədii yaradıcılığına da vaxt ayırır. Bu yaxınlarda doktorluq dissertasiyasını müdafiə edib. Onun bədii yaradıcılığı barədə Azərbaycanın görkəmli qələm adamları müsbət rəy bildiriblər.

Bu müsahibədə Təranə Turanla oxucuları daha yaxından tanış etmək istədik.

***

- Təranə xanım, fikrimcə, ədəbiyyat sahəsi üzrə bütün uğurlarınızın təməli məhz Azərbaycan Dövlət Pedaqoji Universitetindəki filoloji təhsilinizdir. Sizi bu sahəyə bağlayan ilkin amil nə olub?

- Ədəbiyyata sevgim uşaq yaşlarından, Tavat nənəmin danışdığı nağıllardan, dastanlardan, dediyi bayatılardan, qoşmalardan başlayıb. O əziz səsin tonu, ahəngi ilə doğmalaşan qəhrəmanların xəyalımdakı obrazları hələ də o vaxtkı müqəddəsliyindədi. Sonrakı illərdə geniş mütaliəm, məni Filologiya fakültəsinə gətirən israrlı arzum da bu sevgi ilə bağlıdı. Azərbaycan Dövlət Pedaqoji Universiteti mənimçün başqa bir aləm yaratdı. Tələbəlik illərində müəllimlərim hansı əsəri seminar üçün öyrənmək tapşırığı versələr, mən baxırdım ki, artıq həmin əsəri orta məktəb illərində oxumuşam. Amma buna baxmayaraq təkrar oxuyurdum, eyni əsəri təzədən  oxuyanda özümçün yeni nələrisə kəşf edirdim. Hüqonun "Səfillər"ini isə 21 dəfə oxumuşdum. Və hər dəfə fərqli məsələlərin dərindən idrakı... Son oxunuşda Konvent üzvü haqda bəhs etməklə Hüqonun necə dərin mətləbləri dilə gətirdiyinin fərqinə varmışdım.  Filologiya fakültəsi ilk növbədə mənə ciddiliyi, məsuliyyəti öyrətdi. Bütün yaradıcı adamlar kimi məndə də digər hiss və duyğular məsuliyyətdən öndə gəlirdi. Lakin tələbəlik illəri insanın həyatını məhz məsuliyyət hissinin qoruduğunu mənə aşıladı.

Azərbaycan Dövlət Pedaqoji Universiteti mənə çox dəyərli müəllimləri, ölkəmizin nüfuzlu alimlərini tanıtdı. Onlardan təkcə ədəbiyyatın elmi tərəfini öyrənmədim, həm də həyat dərsi aldım. Yaradıcılıq yolumda mayak olan insanları bu təhsil ocağı sayəsində tanıdım. Ədəbiyyat yolumun hər yönü üçün mənə istiqamət göstərən müəllimlərimə ömür boyu  ödəmək mümkün olmayan vəfa borcum var. Amma hər bir insanın uğurlarının təməli ilk növbədə özünütəhsildir. Aristotel deyirdi ki, təhsil bütün öyrəndiklərini yaddan çıxarandan sonra yerdə qalandır. O yerdə qalanı əldə etmək məcburi öyrəndiklərimizin yox, özünütəhsilin hesabına baş verir.        

- Neçə-neçə monoqrafiya və dərslik müəllifisiniz. Bilirik ki, qadın üçün məişət problemləri, analıq məsuliyyəti və sair məsələlər vaxt məhdudiyyəti yaradır. Bütün bu işləri necə çatdırırsınız? Bu yolda kimlər sizə dəstək olur?

- Çox yaxşı sualdı. Həqiqətən də qadın olmaq çox çətindi. Elmi əsər yaza bilərsən, yüksək cəmiyyətdə layiqli yerin, hörmətin ola bilər, amma ailəndə vəzifələrini lazımınca yerinə yetirməsən, qadın ola bilməzsən. Mən heç vaxt bunu unutmamışam. Qadın, ana olmaq bütün öhdəliklərimdən öndədir. Elə illər olub ki, cəmi iki saat yuxu yatıb səhər tezdən də işə getmişəm. Və şükr etmişəm ki, buna tab gətirə bilirəm. Əlbəttə, öz məsuliyyətimlə yanaşı, ailəmdəki bugünkü sahman üçün anama çox borcluyam. Kiçik yaşlarından övladlarımı etibar etdiyim anam Esmira xanımın köməyi olmasaydı, mən nə dissertasiya müdafiə edə bilərdim, nə monoqrafiya, dərs vəsaiti yaza bilərdim, nə də bədii əsər. Bütün həyatım boyu anamın xilaskar əlləri var üstümdə. Allah o əlləri əskik etməsin! İndi də xaricdə təhsil alan qızlarım ona əmanətdir. Eyni zamanda, həyat yoldaşım Zaurun dəstəyini həmişə hiss etmişəm. Ruhdan düşdüyüm vaxtlarda o mənə başladığım işi sona çatdırmaq məsuliyyətini xatırladıb. Bütün kitablarımın kompüter dizaynı, texniki zəhməti onun üzərinə düşüb və bunu böyük həvəslə, sevgiylə edib.

- Müəyyən illərdə BDU-da yapon mədəniyyəti, ədəbiyyatı, incəsənət tarixi ilə bağlı dərs demisiniz. Yapon mədəniyyətində sizi tədqiqatçı kimi özünə cəlb edən nədir?

- Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yapon ədəbiyyatını tədris etmək təklifi gələndə düşünmədən qərar verdim. Çünki bu xalqın nəinki ədəbiyyatı, mədəniyyəti, hətta bütünlükdə ruhu mənə doğmadır. Hər bir milləti millət edən, onu tanıdan, sevdirən milli dəyərləridir. Yaponlar qədər milliliyini qoruyub saxlaya bilən ikinci bir millət yoxdur.  Təsəvvür edin ki, XIX əsrdə baş verən Meyci inqilabına qədər Yaponiyanın qapıları nəinki Avropaya, qonşu Uzaq Şərq ölkələrinə - Çinə, Koreyaya da bağlı olub. İmperatorların heç biri əsrlərdən gələn bu ənənəni pozmayıb. Milli dəyərləri qorumaq üçün Yaponiyanın bu addımı, mən deyərdim ki, öz bəhrəsini verib. İndi Yaponiya məhz buna görə hamını sirli-sehrli bir ölkə  kimi  özünə cəlb edir. Məni də cəlb edən bu fərqlilik, özünəməxsusluq idi. Ona görə də  yapon yazıçıları Mişima Yukio, Kavabata Yasunari, Kaci Morociro, Oe Kenzaburo və başqalarını böyük bir sevgiylə tədris edirdim. Yapon mədəniyyətinin, incəsənətinun analoqu olmayan sahələrini tələbələrimizə tanıtmaqdan xüsusi zövq alırdım. Bu gün həmin ixtisasdan dərs deməsəm də, Yaponiya ilə əlaqəli işlərim davam edir. Yapon yazıçıları ilə bağlı məqalələr yazıram, yapon dili və ədəbiyyatına dair dərsliklərin,  kitabların rəyçisi kimi sözümü deyirəm, yapon mədəniyyəti festivallarının təşkilinə qatqılarım olur. Yaponiya saytlarında yazılarım dərc olunur. Yəni, BDU-dan başlanan yol davam edir.

- Bildiyimiz kimi, yaxın vaxtlarda doktorluq dissertasiyasını müdafiə etmisiniz. Mövzunuz nədir? Bir az bu barədə danışaq...

- Doktorluq dissertasiyası müdafiə etməyin nə həyəcanı, nə də məsuliyyəti əvvəlki nüdafiəmə bənzəmir. Həmin məsuliyyət və həyəcan da o işin mahiyyətinə uyğun idi. Amma doktorluq dissertasiyasının qəribə bir zəhmi var. O ağırlıq, o məsuliyyətin ciddiliyi işi görmə prosesini belə ləngidir. Elmdə böyük ustadım akadenik Kamal Talıbzadə deyirdi ki, doktorluq dissertasiyası alimin ən ciddi işi kimi yadda qalmalıdır, ona görə də doktorluq yazan adamın gecəsi-gündüzü olmaz. Mən bu sözləri ustad öyüdü kimi bir an belə unutmadım.

Mövzum "1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə" adlanır. Mürəkkəb olduğu qədər də maraqlı bir mövzudur. Ədəbiyyatımızın önəmli bir inkişaf mərhələsi olan 60-70-ci illər nəsrimizin qızıl dövrüdü. Ən yadda qalan nəsr əsərlərimiz bu illərdə yazılıb. "Roman onilliyi" kimi dəyərləndirdiyimiz 80-ci illər nəsri də, sonrakı onilliklərin nəsri də möhtəşəm ədəbi mənzərəsi üçün 60-70-ci illərdəki yeniliyə borcludu. Ədəbi tənqidimizin inkişafında da bu illər xüsusilə fərqlənir. Nəhəng tənqidçi simaları bu nəsrlə bağlı öz sözlərini deyiblər. Bu baxımdan tədqiqatçıya çox zəngin material verən bir mövzudur.

- Alim Təranə Turanla şair Təranə Turanın fərqləri nədir?

- Gerçəklik budur ki, hər ikisi ilə birlikdə Təranə Turanam. İkisinin bir çox ortaq cəhətləri var. Amma sualın qoyuluşuna görə ancaq fərqlərindən bəhs etməliyəm. Alim Təranə Turan daha dəqiq, daha məsuliyyətli, hər qərarında diqqətli və hökmlüdür. Qanunlara tabe olan, qəbul edilmiş normalara riayət edən, cəmiyyət qanunlarına ehtiramla yanaşan sabit bir varlıqdır.  Şair Təranə Turanın isə, öz insanlıq qanunları var. Yeri gələndə bu  qanunlar üçün qurbanlar verən, bu  yolda heç bir sədd tanımayan, daxili azadlığı hər cür rahatlıqdan üstün tutan, bundan  xoşbəxt olan  bir varlıqdır. Şairlik tərəfinə  bəzən çəki-düzən vermək ehtiyacı duyan isə alimlik tərəfidir.

- Şeirlərinizdə zamanın sürətli axışından gileylənirsiniz: "Saniyəylə savaşıram, saatlar əlimdən qaçır..." Bu qədər fəaliyyətin, məhsuldar çalışmaların qarşılığında hələ də vaxt-zaman sizin üçün məhdudiyyət yaradır?

- Bəzən mənə elə gəlir ki, heç nəyi çatdırmayacağam, bütün işlərim yarımçıq qalacaq. "Ömür sürət qatarıdır" şeirim bütün iliklərimə qədər hiss edib yaşadığım bir reallıqdır. Zamanın sürətli axışı saniyələrin belə nə qədər dəyərli olduğunu öyrədir insana. Bu amansız sürətlə ayaqlaşa bilmək üçün çox zəhmət çəkmişəm. Amma yenə də istədiyim qədərinə, enerjimin yetə biləcəyi səviyyəyə çatmadığımı düşünürəm. Amma onunla təsəlli tapıram ki, heç kim, heç bir yaradıcı insan dünyadan ayrılanda bütün işlərini bitirə bilmir, yarımçıq işləri qalır. Axı həyat davam etdikcə yeni işlər görməyə də davam edirik, bir an belə dayanmadan işləsək də, ömrün hansı anda bitəcəyini bilmədiyimizdən mütləq nəsə yarımçıq qalacaq.

- Şeirləriniz təbiət motivləri ilə zəngindir, həyat tərzi ilə maraqlı paralellər aparırsınız. Təranə Turanın əsas ilham mənbəyi nədir, o, öz şeirləri ilə hansı ana fikrə xidmət edir?

- Mənim ustadım Hüseyn Arif təbiət şairi idi. Təbiətə həyatın ilkin qaynağı kimi əbədi sevgimin formalaşmasında onun böyük rolu olub. Mən konkret bir ilham mənbəyi göstərməli olsam, şeirlərimin ana xətti İnsan və onun yaşantılarıdır deyərdim. Mən daşdan da yazsam, orada insan amili görünür. Ədəbiyyatşünaslığa insanşünaslıq deyənləri bu mənada çox haqlı hesab edirəm. Elə təbiət də insana xidmət etmək üçün yaradılıb.

Nadir YALÇIN

 





23.11.2021    çap et  çap et