525.Az

Zəngəzur dəhlizi və Paşinyanın riyakarlığı  


 

ERMƏNİSTANIN BAŞ NAZİRİ QƏRBLƏ GİZLİ SÖVDƏLƏŞİB, RUSİYAYA ÜZ TUTDU  

Zəngəzur dəhlizi və Paşinyanın riyakarlığı  <b style="color:red"></b>


Ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatda bir sıra vacib məqamlarla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin blokdan çıxarılması da yer alıb. Bu xətlərin açılması bütün region, o cümlədən Ermənistanın özü üçün əlverişlidir. Lakin İrəvan imza atdığı razılaşmaları yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələr səsləndirir. Baş naziri Nikol Paşinyanın son açıqlamaları isə onun riyakarlığını yenidən üzə çıxardı.

Paşinyan Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edib, öz fikrini əsaslandırmaq üçün üçtərəfli bəyanatda dəhliz ifadəsi olmadığını önə çəkib. Həmin sənədin 9-cu bəndində dəhliz ifadəsi işlədilməyib, amma qeyd edilən bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur.

Paşinyan iddia edir ki, dəhliz ifadəsi guya Laçın koridoruna münasibətdə işlədilib. Amma unudur ki, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Burda digər əsaslı məqam budur ki, Ermənistan Laçın dəhlizindən istifadə edirsə, Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin?

Qeyd edildiyi kimi, kommunikasiyaların blokdan çıxarılması, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın maraqlarına xidmət edəcək. Çünki Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var.

Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi tək Azərbaycanla Naxçıvanı deyil, həm də Azərbaycanla Türkiyəni, Türkiyə ilə Orta Asiyanı, Pakistanla Türkiyəni və nəhayət, Şərqlə Qərbi birləşdirir. Həmçinin, bu dəhliz Rusiyanın da iqtisadi maraqlarına cavab verir. Rusiya birbaşa Türkiyəyə, oradan isə Avropaya alternativ avtomobil və dəmir yolu əldə edir, Ermənistanla nəqliyyat əlaqələri bərpa olunur.
Paşinyan qeyd edir ki, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Azərbaycanda adların coğrafi-tarixi əsasları var. Məsələn, dünyada Şimali Makedoniya, Cənubi Tirol, Qərbi Saxara, Şərqi Timor, Mərkəzi Afrika Respublikası kimi tarixi-coğrafi adlar mövcuddur. Heç kim onların varlığını şübhə altına almır. Əgər bu ərazinin adı Zəngəzurdusa, onu başqa adla niyə çağırmalıyıq?

Görünən budur ki, İrəvan bilərəkdən prosesi yubatmaqla məşğuldur. Ancaq ilkin dərsini aldığını da unutmur. Belə ki, Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu isə istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti ümumiyyətlə qeyri-mümkün həddədir.

Paşinyan Rusiyaya qarşı da ikili oyun oynamaqdadır. Bu il 9 noyabrda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə nəzərdə tutulan növbəti üçtərəfli görüşün baş tutmamasının səbəbkarı məhz Ermənistanın Baş naziridir. Rusiya mənbələri də təsdiq ediblər ki, Ermənistan tərəfi tədbirə bir gün qalmış hər hansı səbəb göstərmədən görüşə qatılmaqdan imtina edib. Görüşün yekun bəyanatı da hazırlanırdı. Bu addımı ilə Rusiyaya hörmətsizlik göstərən Paşinyan, bir qədər də uzağa gedərək üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına üz tutdu. Rusiyanı pərt durumda qoyan Paşinyan ardınca yenə də riyakarlıq edərək Rusiyaya hörmətlə yanaşdığını və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq niyyətində olmadığını dedi. Bundan cəmi bir neçə gün əvvəl - 16 noyabrda Ermənistan sərhəddə təxribatını törədən zaman isə bu ölkənin rəsmiləri Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə NATO-ya, Avropa İttifaqı və digər qurumlara müraciət edəcəkləri barədə bəyanatları Rusiya və KTMT-yə təhqir olmaqla yanaşı, həm də şantaj idi.

İndi Paşinyan Soçi görüşü ərəfəsində Kremlə xoş gəlmək üçün müxtəlif variantalara əl atmağa çalışır. Ancaq Moskva Paşinyanın ikili oyunu, hər an ona zərbə vurmağa hazır olduğunu, Avropa ilə gizli sövdələşmələrə getdiyini artıq yaxşı bilir.

Azərbaycanın guya Ermənistan ərazisini “işğal etməsi” ilə bağlı Paşinyanın söylədikləri isə onun növbəti yalanıdır. O, xəritələrin çox olduğunu özü etiraf edir və hətta onları şəkilli kağız adlandırır. Paşinyan Azərbaycanın mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur.

Mİllət vəkili Azər Badamov da hesab edir ki, Paşinyanın hərəkətlərinə baxanda hər kəs görə bilər ki, o, manipulyasiya ilə məşğuldur və müxtəlif şantaj xarakterli bəyanatlar səsləndirməklə Rusiyanı da təhqir etmiş olur. Onun sözlərinə görə, 16 noyabrda Azərbaycan ordusunun qarşısında yenidən aciz duruma düşəndə İrəvan NATO-ya və Avropa İttifaqına müraciət edəcəkləri ilə Rusiyanı da hədələdi: "Amma son məqamda yenə də Rusiyanın qarşısında dizini yerə qoyaraq prezident Putinə yalvardı ki, Azərbaycandan xahiş edib atəşkəsi təmin etsin. Paşinyan uzaqda dayanıb barıt qoyanların regionda ancaq sabitliyin pozulmasına xidmət etdiyini anlamır. Ermənistan ona uzadılan xoş məramlı əldən yapışmalıdır. Əks halda bu ölkənin gələcəyi yoxdur. Nə qədər ki, qonşu dövlətlərə ərazi iddialarından əl çəkməyəcəklər, onlar siyasi və iqtisadi böhranın içində boğulacaqdır. Bu gün Ermənistan KTMT-dən uzaqlaşmağını heç təsəvvür edə də bilməz. Ermənistanın siyasətini Rusiya müəyyənləşdirir. Əks halda bu ölkə dünya xəritəsindən silinəcək. Ona görə də gələcəkdə də Ermənistan Rusiyanın dediyi ilə oturub-durmağına məcburdur. Ola bilsin ki, Paşinyanın könlündən böyük güclərlə oturub durmaq keçir. Amma səfalətin içində çabalayan Ermənistan heç kimə lazım deyil".

Görünən odur ki, Ermənistan hansı bəhanləri irəli sürməsindən asılı olmayaraq üçtərəfli bəyanatları yerinə yetirmək məcburiyyətindədir. 30 il regionda sülhə, sabitliyə təhdid olan İrəvan artıq bu siyasətini davam etdirə bilməyəcəyinin fərqindədir.

PƏRVANƏ

 





24.11.2021    çap et  çap et