525.Az

İranın son ümidi


 

İranın son ümidi<b style="color:red"></b>

İran nüvə silahına sahib olmağı qurtuluş yolu hesab edir və israrla bu ümidini gerçəkləşdirməyə çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyinin yaydığı hesabatda İranın bir neçə ay içərisində atom bombasına sahib ola biləcəyi öz əksini tapıb. Hesabatda qeyd edilir ki, İran 60 faiz zənginləşdirilmiş uranın miqdarını 17.7 kiloqrama çatdırıb. Çox maraqlıdır ki, avqust ayında İranın yalnız 10 kiloqram urana sahib idi. Belə görünür ki, İran israrla nüvə silahına sahib olmağa çalışır. Agentliyin mütəxəssisləri hesab edirlər ki, İranın malik olduğu zənginləşdirilmiş uran atom bombasını yarada biləcək miqdarda 90 faiz zənginləşdirməyə yetərlidir, yəni İran atom bombası əldə etməyin artıq bir addımlığındadır. Tehran rejimi İranın nüvə proqramı ilə bağlı P5+1 formatında aparılan danışıqları bərpa etmək üçün diplomatik danışıqları davam etdirsə də, israrla uranın zənginləşdirilməsi prosesini də dayandırmır. Artıq aydın görünür ki, İran vaxt qazanmağa və həmin müddətdə nüvə silahı yaratmağa çalışır. Bu isə təsadüfi deyil. Nüvə silahı İranın son ümidi kimi görünür. Tehran rejimi nüvə silahına sahib olmaqla Qərbin ağır sanksiyalarının aradan qalxmasına və özünün təhlükəsizliyinin tam təmin edilməsinə nail olacağını düşünür.

İranda sosial-iqtisadi vəziyyət həddindən artıq ağırdır. Artıq lokal sosial etirazlar bütün ölkəni bürüyüb. Məlumatlara görə, İranda hər gün 10-15 etiraz aksiyası keçirilir. Narazılıq isə cəmiyyətin bütün təbəqələrin əhatə edir. İranın 50-ə qədər şəhərində müəllimlərin 60-dan artıq etiraz aksiyası qeydə alınıb. Təqaüdçülər isə 13 şəhərdə 39 dəfə küçə və meydanlara çıxıblar. Paytaxt Tehranda həkimlərin kütləvi etiraz aksiyaları müşahidə olunub. Etirazçılar arasında neft-kimya, energetika sənayesi işçiləri, mədənçilər və dəmiryolçular xüsusi fəallığı ilə seçilirlər. Etirazların əsas səbəbi həyat səviyyəsinin çox aşağı olması, yoxsulluqdur.

İran Dünya Səfalət İndeksində səkkizinci yerdədir. Bu isə ölkədə vəziyyətin nə qədər ağır olduğunu göstərir. İrandan daha pis vəziyyət isə Argentina, Liviya, Suriya, Livan, Sudan, Zimbabve və Venesuelada müşahidə edilib. Hətta Anqolada da vəziyyət İrandakından yaxşıdır.

ABŞ-ın ağır sanksiyaları və koronavirus pandemiyasının doğurduğu problemlər İranda vəziyyəti Anqoladan da ağır vəziyyətə gətirib. İran əhalisi isə Anqola xalqından fərqli olaraq belə ağır vəziyyətdə yaşamaq istəmir. Etiraz aksiyaları da bunun nəticəsidir. Sosial-iqtisadi vəziyyət mərkəzdənqaçma prosesini də tətikləyir. İranın hakim dairələri vəziyyətdən çıxış yolunu nüvə silahına sahib olmaq və bundan sonra bu üstünlüklərdən istifadə edərək beynəlxalq tərəfdaşları ilə münasibətləri düzəltməkdə görürlər.

ABŞ və İsrailin İranın atom silahına sahiblənməsinə imkan verməməkdə qərarlı olduğunu nəzərə alsaq, Tehranın son ümidinin gerçəkləşməyəcəyi ehtimalı çox yüksəkdir. Ancaq bir məsələ tam aydındır ki, yaxın iki ay İran üçün həlledici dövr olacaq. Bu müddətdə İran ya son ümidini reallaşdıracaq, ya da tarixin səhnəsini tərk etmək təhlükəsilə üz-üzə qalacaq.

 





24.11.2021    çap et  çap et