525.Az

"Azərbaycan kimi gözəl bir ölkədə doğulmaq biz yeniyetmələr üçün böyük şansdır"


 

Bizim gələcək

"Azərbaycan kimi gözəl bir ölkədə doğulmaq biz yeniyetmələr üçün böyük şansdır"<b style="color:red"></b>

Şəms və Tuncay bacı-qardaşdır. Şəmsin 12, Tuncayın 11 yaşı var. Hər ikisi hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təhsil alırlar. Onlar eyni zamanda şahmat və musiqi ilə də yaxından maraqlanırlar. Həm bu, həm də ənənəvi təhsildəki fəallıqlarına, iti zəkalarına görə fərqlənirlər. 

Şəms və Tuncayın timsalındakı bacarıqlı, istedadlı yeniyetmələr Azərbaycanın gələcəyidirlər. Elə bizim onlarla bugünkü söhbətimizin səbəbi həm də budur...

***

- Ənənəvi təhsillə yanaşı siz bacı-qardaş olaraq hər ikiniz şahmat, rəsm və musiqi ilə də məşğul olursunuz. Bu sahələrə sizdə maraq necə yaranıb?

Şəms: Körpəlikdən mənə və qardaşıma müxtəlif ölkələrdən hədiyyə olaraq gətirilmiş kiçik musiqi alətləri bizim musiqiyə, boyama kitabları və müxtəlif rəssamlıq alətləri rəsm çəkməyə, uşaqların zehni və intellektual inkişafı üçün faydalı olan oyunlar və kitabçalar isə şahmata olan həvəsimizi formalaşdırdı. Həm də uşaqlıqdan evdə dinlənilən dünya klassik musiqi əsərlərinin sədaları hər zaman qulağımdadır. Balaca olarkən ilk baletlə məşğul oldum. Sonradan isə həvəs, bilik, qabiliyyətlərimiz nəzərə alınaraq qardaşımla DTX Mədəniyyət Mərkəzinin şahmat, rəsm və Mərkəzin nəzdində fəaliyyət göstərən Orta musiqi məktəbinin skripka şöbəsinə qəbul olduq.

Tuncay: Bu sahələrə marağımın yaranmasına kömək edən məncə evdə körpəlikdən eşitdiyim piano sədaları, bir çox ölkələrdən bizim üçün hədiyyə kimi alınan müxtəlif musiqi alətləri oldu. Eyni zamanda uşaqların zehni inkişafı üçün faydalı sayılan intellektual oyunlar və kitabçalar mənim musiqi, şahmat və rəsmə olan marağımı formalaşdırdı. 

İdmana olan böyük həvəsim isə musiqili Braziliya döyüş sənəti olan kapoeyrayla başlayıb. Sonradan isə ailəmin dəstəyi ilə daha ciddi və davamlı olaraq şahmat, rəsm və musiqiyə olan həvəsimi və biliklərimi inkişaf etdirməyə qərar verdim. Artıq uzun illərdir DTX Mədəniyyət Mərkəzinin ən fəal və istedadlı üzvlərindən sayılmaqla, Mərkəzin orta musiqi məktəbinin skripka aləti üzrə şagirdiyəm.

- İndiyədək müsabiqə və ya yarışlarda iştirak etmisinizmi?

Şəms: Böyük fəxr hissi ilə qeyd edirəm ki, ötən illər ərzində şahmat və rəssamlıq üzrə ölkədaxilində təşkil olunan bir sıra turnir və sərgilərin mütəmadi şəkildə fəal iştirakçısı olmuşam. Həmin yarışlarda bir çox diplom, sertifikat və həvəsləndirici yaddaqalan mükafatlara layiq görülmüşəm.
Tuncay: Mən də bacım kimi ötən illər ərzində şahmat və rəsmdən Mərkəzimizdə və ölkəmizdə keçirilən turnir və sərgilərin daimi, fəal iştirakçısı olmaqla bir çox diplom, hədiyyələrə layiq görülmüşəm. Bundan sonrakı hədəfim beynəlxalq şahmat turnirlərində, eyni zamanda çəkdiyim rəsmlərin beynəlxalq rəsm sərgilərində uğurla təmsil edərək ölkəmizin adının daha da ucaldılmasında faydalı olmaqdır. Yaranmış fürsətdən istifadə edərək, bacımla mənim istedadlı şahmatçı, rəssam və musiqiçi kimi formalaşmağımızda böyük zəhməti olan yüksək təcrübəli pedaqoqlarımıza təşəkkürümüzü bildirir. Bizə ayırdıqları faydalı zamanı yüksək dəyərləndiririk.

- Dərslərinizi necə oxuyursunuz?

Şəms: Mən orta məktəbin 7-ci sinfində təhsil alıram. Ailəmizdəki yüksək tələbkarlıq və məsuliyyətli mühit mənimlə qardaşımın məktəbdə də nümunəvi şagirdlər kimi formalaşmağımızda böyük rol oynayır. Dəqiq elmlərə olan həvəsim sonsuzdur. Bütün fənlərə həvəslə hazırlaşıram. Kimya, fizika, riyaziyyat və coğrafiya isə ən sevimli fənlərim sayılır. Gündəlik dərslərdən əlavə, məktəbimizin sosial və ictimai həyatında da böyük həvəslə iştirak edirəm.

Tuncay: Mən orta məktəbin 5-ci sinfində təhsil alıram. Humanitar fənlərlə yanaşı, texniki fənlərə marağım dəqiq elmlər üzrə uğurlar qazanmağımda yardımçı olur. Kompüter elmlərinə olan marağım olduqca böyükdür. Məktəbdəki çalışqanlığım və aktivliyim mənim sinif əlaçısı olmağımla bərabər nümunəvi şagird kimi tanıdır. Gündəlik dərslərdən əlavə olaraq məktəbin sosial və ictimai həyatında da yaxından iştirak edirəm. Məktəb illərimin belə yaddaqalan olmasında və hərtərəfli yüksək intellektual şagird kimi formalaşmağımda orta məktəb müəllimlərimin yüksək səyləri danılmazdır.
Mən müəllimlərimin üzərimdə olan əziyyətlərini yüksək dəyərləndirir, layiqli nümunəvi şagird olmağa çalışıram.

- Sizin timsalınızda yeniyetmə azərbaycanlıların gələcək üçün məqsədi nədir?

Şəms: Düşünürəm ki, Azərbaycan kimi milli-mənəvi və yüksək ailə dəyərləri olan gözəl bir ölkədə doğulmaq biz yeniyetmə və gənclər üçün böyük bir şansdır. İnsan müstəqil olduqdan sonra istənilən başqa bir yerdə yaşaya, təhsilinin növbəti pilləsini davam etdirə və ya geniş karyera imkanlarından yararlana bilər. Mən və qardaşım da orta məktəbi bitirdikdən sonra yüksək ali təhsilimizi dünyanın nüfuzlu universitetlərində davam etdirməklə, qazanacağımız elmi və iş təcrübəsi ilə dövlətimizə və ölkəmizə daha çox faydalı olmağı qarşımıza indidən məqsəd qoymuşuq.

Tuncay: Bugünkü Azərbaycan gəncliyi həyatın bütün sferalarında seçilir. Bu gün orta məktəblərdə, televiziya kanallarında, sosial mediada, ümumiyyətlə, cəmiyyətdə gənclər arasında aparılan uğurlu təbliğatın nəticəsi olaraq Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir. Tarixi Qarabağ Zəfərimiz bunun parlaq nümunəsidir. Səbirsizliklə mənim də böyüyüb Azərbaycan Respublikasının vətəndaşı olaraq hərbi xidmətə yollanıb Vətənimə xidmət etməyin qürurunu yaşayacağım günü gözləyirəm.

- Əlavə məşğuliyyətləriniz haqqında eşitmək maraqlı olardı.

Şəms: Hazırda həvəskar olaraq onlayn şəkildə ispan dilini öyrənirəm. Bundan əlavə moda aləmində baş verən yenilikləri yaxından izləyirəm. Həftəsonları qardaşımla yaşımıza uyğun teatr tamaşalarını, film və konsertləri canlı izləmək, şəhərimizdə təşkil edilən müxtəlif sərgiləri ziyarət etmək isə sevimli məşğuliyyətimizdir.

Tuncay: Artıq uzun illərdir ki, həvəskar olaraq aktiv üzgüçülük və velo sürməklə məşğul oluram. Əslində bu, yaz və yay aylarında bacımla mənim sevimli məşğuliyyətimizdir. Eyni zamanda həftəsonları aktiv olaraq robotexnika ilə də məşğul olmağa başlamışıq. Bir şeyi fərəhlə qeyd etmək istərdim ki, Şəms və mənim ikimizə aid olan gözəl bir kitabxanamız var. Həmin kitabxanaya dünyanın müxtəlif ölkələrindən gətirilmiş maraqlı hekayə və elmi kitablar, nəşrlər daxildir. Mütəmadi olaraq kitablarımızın sayını artırırıq. Artıq uzun illərdir ki, davamlı mütaliə sayəsində ikimiz də müxtəlif dillərdə sərbəst yazı, oxu bacarıqlarımızı inkişaf etdirməklə, dünya görüşümüzün genişlənməsində bu dəyərli kitablara minnətdarıq.

Sevinc QARAYEVA
 

 





25.11.2021    çap et  çap et