525.Az

"Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb


 

"Mədəniyyət/Culture” jurnalının yeni sayı işıq üzü görüb<b style="color:red"></b>

Jurnalın 2021-ci ilə aid beşinci sayı artıq oxucuların ixtiyarına verilib. Bu sayımız əsas etibarilə böyük Zəfərimizin şanlı ildönümünə və böyük Nizami Gəncəvinin 880 illiyinin silsilə tədbirlərlə Vətəndə və bütün dünyada qeyd olunmasına həsr olunub.

“Qarabağ Azərbaycandır” rubrikamızda publisist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabı təqdim edilir. Bu kitab “I və II Qarabağ Vətən müharibələrinə dair bədii yaradıcılığımızın ən ümdə mövzusudur” həqiqətini bir daha təsdiqləyir. Rubrika ənənəvi “Mədəniyyətdən əbədiyyətə” və “Səhnədən hərb meydanına” layihəsi ilə davam edir.

Jurnalın “Nizamı-880” rubrikası Mədəniyyət Nazirliyinin bu ilin çox böyük və maraqlı mədəni tədbirlərindən olan VII Bakı Beynəlxalq Kitab Sərgisindən reportajlarla davam edir. 6-10 oktyabrda keçirilmiş möhtəşəm kitab bayramı Sərginin bütün dinamikasını əks etdirən, Baş nazirin müavini cənab Əli Əhmədovun, Mədəniyyət naziri cənab Anar Kərimovun, Təhsil naziri cənab Emin Əmrullayevin kitab və kitabsevərlik haqqında dəyərli fikirləri ilə daha da dolğunlaşan bu yazı oxucuların xoşuna gələcək.

“Azərbaycan Cümhuriyyəti – 103” rubrikasında Cümhuriyyət sevdalılarına həsr edilən və sərgidə təqdim olunan iki kitabdan söz açılır. Tanınmış alimlərimiz Vilayət Quliyev və Nəsiman Yaqublunun tədqiqatları böyük oxucu marağına tuş gəlmişdir desək, yanılmarıq.

“Ədəbiyyat” rubrikamızın Nizami mövzuları Yaşar Qasımbəylinın, Füzuli axtarışları isə Akif Azalpın təqdimatında verilib. Ruhiyyə Məmmədli Qarabağın ilk qadın şairəsi Aşıq Pəri haqqında öz fikirlərini də bu rubrikada oxuculara çatdırır.

“Uzeyir Hacıbəyli Musiqi festivalı”na həsr olunan silsilə yazılar da maraq doğurur. Xüsusən də ona görə ki, “Üzeyir Musiqi günü” bu il həm də musiqi beşiyi Şuşada qeyd olunub. Bu barədə yazan musiqişünas Lalə Hüseynova öz sevincini səxavətlə bölüşür. Mahnıları ilə Qarabağı vəsf edən mərhum sənətkarımız Bəhram Nəsibovun oğlu Adil müəllim jurnalın bu sayında atasının vətənə məhəbbət ruhlu mahnılarından söz açır. .

Kukla teatrımızın 90 illik yubileyi jurnalımız tərəfindən Samirə Behbudqızının teatrın direktoru Rəşad Əhmədzadə ilə müsahibəsində gündəmə gəlir.

Daha bir xeyirli övlad və tədqiqatçı Ələkbər Qasımovun şair-dramaturq Kəmalə Ağayeva haqqında yazısı da “Mədəniyyət/Culture”nin yeni sayında verilib.

“Həmkarlarımız” rubrikamızda “Gilavar” foto klubunun istedadlı üzvlərindən bəhs edilir, Qarabağ həqiqətləri və həyatın gözəllikləri “FOTOKADR 2020” müsabiqəsində fotofaktlarla doğrulanır və fotokadrların ən yaxşıları təqdim olunur.

“Uzaqdakı yaxınlar”da bu dəfə sizinlə danışan əzizlərimiz - Ankaradan İlyas Mirzəyev, Almaniyadan Fəridə Rüstəmovadır.

Daimi müəllifimiz, tanınmış publisist İbrahim Nəbioğlu bu dəfə dünyanın sənət incilərindən olan Ayasofyaya baxışı ilə sizləri böyük maraqda saxlayacaq.

Qarabağ və onun yeni həyatı yenə də “Mədəni irsimiz”in ən aktual mövzusudur.

“Azərbaycanın hər tərəfində jurnalı oxuyur və “Bizə yazırlar” rubrikamıza üz tuturlar. Oxucular jurnalın səhifələrində yenə şəhidlərimizin xatirəsini anır, onlara şeir, hekayə həsr edirlər, kimi də gördüyü işlərin hesabatını verir.

“Elm” rubrikası da həmişəki kimi zəngindir. Bu sayın mözularının əksəriyyəti kulturoloji tədqiqatları əks etdirsə də, burada mədəniyyətin və incəsənətin digər sahələrinə dair araşdırmalar da geniş yer alıb.

 





25.11.2021    çap et  çap et