525.Az

"Son 15 ildə ali məktəblərdə texniki ixtisasları seçən qızların sayı artıb" - Məleykə Abbaszadə


 

"Son 15 ildə ali məktəblərdə texniki ixtisasları seçən qızların sayı artıb" -<b style="color:red"> Məleykə Abbaszadə</b>

"Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlardan sonra gender aspektləri ilə bağlı təhlillər aparılır". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, gender problemləri ilə bağlı yalnış düşüncə bunun sırf qadınların məsələsi olmasıdır: "Kişi və qadın cəmiyyətin təməl daşıdır. Bu kimi düşüncələr qadınların cəmiyyətdə çətin işlərin altına girməsinə səbəb olur. Tənqidlərin bəziləri xoş niyyətli olsa da çox dayaz fikirlərdir".

M.Abbaszadənin sözlərinə görə, son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb: "Bu da o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Hətta builki qəbul imtahanlarında Dəniz Akademiyasına 4 qız qəbul olunub".

M.Abbaszadə bildirib ki, peşə imkanları olmayan qadınların çoxu erkən nikahın qurbanı olur, öz hüquqlarını müdafiə etmir, onlara qarşı kobud rəftara dözməli olurlar: "Bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olur. Bu da erkən nikah və ya qızların təhsildən uzaq tutulması tendensiyalarından xəbər verir".

M.Abbaszadə əlavə edib ki, növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır. Cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. M.Abbaszadənin söylədiyinə görə, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur: "Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirlər olmasa çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".

SEVİNC
 

 





25.11.2021    çap et  çap et