525.Az

Romada Nizami təntənəsi


 

Romada Nizami təntənəsi<b style="color:red"></b>

2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romanın məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yubileyinin İtaliyada məhz Roma şəhərinin "Villa Borghese" parkında qeyd olunması xüsusi əhəmiyyətə malikdir. 2012-ci ildən etibarən "Villa Borghese" parkında Nizami Gəncəvinin abidəsi yerləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış bu abidə Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində intensiv əməkdaşlıq da daxil olmaqla yaxın dostluq əlaqələrini təcəssüm etdirir.

525.az Azərtac-a istinadən xəbər verir ki, yubiley tədbiri çərçivəsində ilk öncə Azərbaycanın İtaliyadakı səfirliyinin heyəti, habelə Romadakı Azərbaycan icmasının bir sıra üzvləri və Azərbaycanın italiyalı dostlarının iştirakı ilə görkəmli mütəfəkkirin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Daha sonra "Villa Borghese" parkında yerləşən məşhur "Casa del Cinema" kinoteatrında bədii-musiqili tədbir keçirilib. Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə Roma şəhər Meriyasının Mədəniyyət İdarəsi, "Casa del Cinema" kino evi, habelə "Zetema Progetto Cultura", "Villa Borghese", "Luce Cinecitt?", "Rai Cinema", "01 Rai Cinema SpA" kimi mədəniyyət qurumları da təşkilati dəstək göstərib.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, "Sandro Teti Editore" nəşriyyat evinin rəhbəri Sandro Teti və türkoloq, islamşünaslıq elmləri doktoru Federiko De Renzi çıxış ediblər.

Natiqlər 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək dünyanın müxtəlif ölkələrində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini bildiriblər. Dünya şöhrətli mütəfəkkir Nizami Gəncəvinin irsindən bəhs edərək onun XII əsrdə həmin dövrün aparıcı mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın Gəncə şəhərində yaşayıb-yaratdığını, Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti inciləri ərsəyə gətirdiyini vurğulayıblar. Habelə bildirilib ki, Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkirin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğu, Nizami Gəncəvinin əsərlərinin dünyanın ən məşhur kitabxana və muzeylərini bəzədiyini və şərq miniatür sənətinin inkişafına təkan verdiyini diqqətə çatdırıblar.

Tədbirdə "Sandro Teti Editore" nəşriyyat evi tərəfindən tərcümə edilərək nəşr olunmuş şərqşünas-alim Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" ("Il Grande Poeta Azerbaigiano Nizami Ganjavi") kitabının italyan dilinə ilk akademik tərcüməsi də təqdim olunub.

Yubiley tədbiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında 1982-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş Azərbaycanın milli kino tarixində ilk film-balet olan, musiqisi Qara Qarayevə məxsus "Yeddi gözəl" film-baletinin nümayişi ilə davam edib. İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi tədbir yerli mətbuatının geniş diqqət mərkəzində olub. Nizami Gəncəvinin yubiley tədbiri haqqında reportajlar, dahi şairin irsinə dair məqalələr, səfir M.Əhmədzadənin müsahibələri "Retesole", "Askanews", "il Sole 24 Ore", "Virgilio", "Quotidiano", "il Tempo", "Libero Quotidiano", "Affari Italiani", "Notizie Yahoo", "Cultura Tiscali", "il Giornale d'Italia", "MSN", "Vistosulweb", "Timgate", "Today", "Dailymotion", "Corriere di Rieti", "Corriere dell'Umbira", "Correre di Arezzo", "Corriere di Viterbo", "Insideover", "Kmetro", "Giornale Diplomatico", "Agenzia Nova" kimi media orqanlarında yayılıb.


 

 





25.11.2021    çap et  çap et