525.Az

Laçın günlərim Laçında keçir! - Orxan Saffari yazır


 

Laçın günlərim Laçında keçir! -<b style="color:red"> Orxan Saffari yazır</b>

Laçına gəldiyim ilk günü xatırlayıram... Xidmətimin ən həvəsli vaxtları, gənc əsgər dövrüm... Özü də gör hardan hara gəlmişdim... 30 ilin pafosu əməlli-başlı çiyinlərimə yığılmışdı. İçimdə öz özümə deyirdim: 

Laçın əsgəriyəm!

Gənc əsgər vaxtı Laçına gələcəyimi biləndə dodağaltı Məhəbbət Kazımovun "Laçınım" mahnısını zümzümə eləmişdim.

"Ağlayan-çağlayan Həkəri həsrəti" deyib, uşaqlarla buraların xəyalını qururduq. Hələ Bakıya düşən əsgər yoldaşlarımıza da lovğalanırdıq ki, biz ön cəbhə əsgəriyik, Laçın əsgəriyik!

Zarafatsız, öz-özümə deyəndə belə xoşuma gəlirdi. Söz yox, elə indi də gəlir. Buraları bir dəfə də olsa görüb sonra can vermək minlərlə insanın xəyalı idi. Uğrunda nə qədər şəhid vermişdik, dinc əhali evindən-eşiyindən didərgin düşmüşdü. İndi isə bu torpaqlarda xidmət edirik.

***

Uzun yol gəlmişdik bura, düz iki gün. İlk dəfə idi ki, hərbi "Kamaz"a minirdim. İlk dəfə idi ki, yolda görənlər əl edəcəkdi. Mülkidə nə vaxt görsəm, özüm də edərdim. Sağ olsunlar, maşından siqaret tullayanlar belə oldu. Elə ləzzət edirdi ki... Əsgərlərin hamısının xoşuna gəlir belə şeylər. Həm də 3 ayda ilk dəfə idi ki, yola çıxmışdıq. Vəziyyət o yerdə idi ki, "Kamaz"dakı əsgərlərdən biri yolda gördüyü balaca uşağa həyəcandan "aa, mülki uşaq" demişdi. 

Beləcə, Qarabağa daxil olduq. Daha doğrusu, gözümü açanda gördüm ki, ətraf dağılmış evlər, maşınlarla doludur. Amma heç kim dəqiq hara olduğunu bilmədi. Biri dedi, bura Füzulidir, biri dedi Qubadlı, amma dəqiq olan o idi ki, hamısını gördük. İlk dəfə bu torpaqlara ayaq basmaq, buraları bu vəziyyətdə görmək... Nə bilim, hisslərimi tam ifadə edə bilməyəcəm. 

Axır ki, Laçının özünə, "Dəhliz"ə gəlib çatdıq. Ətrafda rus əsgərlərini görəndə qəribə olduq. Kalon dayananda əsgərlərdən biri Azərbaycan dilində "Xoş gəlmisiniz" deyib neçə nəfər olduğumuzu soruşdu. Elə pis oldum, elə pis oldum. Mən də yolda nə qədər rus sözləri fikirləşmişdim ki, belə danışacam, elə danışacam. Elə oldu ki, bizi səhər yox, günortadan sonra buraxası oldular.

Soyuqdan dona-dona ilk dəfə verilən "suxoy payok"u elə "Kamaz"ın içindəcə qızdırıb yeyir, siqaret çəkir, vaxtı gözləyirdik. Nəhayət, vaxt çatanda buraxdılar. 

Laçın şəhəri qarşıdaydı. Biz şəhərə çatanda artıq qaranlıq düşmüşdü. Açığı, bu cür gözəl təsəvvür eləmirdim. Di gəl, erməniləri gördükcə qan qaralırdı. İlk dəfə idi ki, erməni görəcəkdik. Həm də öz torpağımızda. Qeyri hərəkət etmək olmazdı, yoxsa, mən bilirdim nə edərdim! Həm də bizim keçid günlərimizdə çölə çox da çıxmırlar. Amma şəhərin düz içində özümü saxlaya bilməyib möhkəmdən mahnı oxumağa başladım;

- Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil dodağım tar-kaman Qarabağ!

Bütün əsgərlər mənə qoşuldu. "Kamaz"dan əməlli toy iyi gəlirdi. Öz torpağımızda, onların eşidəcəyi tonda mahnılar oxuya-oxuya şəhərdən çıxıb yerləşəcəyimiz "N" kəndinə gəldik.

Həəə... Burdan o tərəfi həm çox xırdalıq olar, həm də hər şeyi yazıb deyə bilmərəm. Qismət olsun, mülkidə danışaram.

Burda baş verən hər şey artıq xatirələrə çevrilməkdədir. Ağrılı, acılı, gülməli anlar, yaşantılar, bir sözlə, keçən hər dəqiqə ömürdən gedir. 

Laçın günlərim Laçında keçir!

Burada şərait ideal olmasa da, maraqlıdır. Çölçülük, dağın-dərənin, meşənin içində xidmət aparmaq yəqin ki, hamıya maraqlı gələrdi. Bezdiyin anların belə, şirin xatirəsi var. 

Mən bütün hallarda içimdəki Qarabağ pafosunu yerə qoymuram. Laçın əsgəriyəm, bir qarabağlı olaraq Qarabağ torpağında xidmət edirəm! Odur ki, hər kəsə vətən qoxulu salamlar. Qismət olsa, görüşərik...

12 noyabr 2021-ci il
 

 





25.11.2021    çap et  çap et