525.Az

Özünüreklamla məşğul olub başımızı qatan qurumlar - Sosial şəbəkədə yazılanlar


 

Özünüreklamla məşğul olub başımızı qatan qurumlar -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Əvəz Rüstəmov, jurnalist:

- Təxminən 4-5 ilin söhbətidir. İstanbuldaydım. Susamışdım. Küçədə su satan, təqribən 11-12 yaşlarında olan bir oğlan uşağına yaxınlaşdım. Yarım litrlik suyu 2 lirəyə satdığını deməyilə, üzümə baxmağı bir oldu. Fərqinə vardı ki, mən də onun dilində danışıram. Dərhal da Azərbaycandan olduğumu bildi və dedi: abi, su sənə 50 kuruşa. Ardınca küçədə gəzən xariciləri göstərib bildirdi ki, suyu bax, bunlara 2 lirəyə satacam. Qoy, görsünlər dolları qaldırmaq nə deməkdir. Həmin vaxt 1 dollar təxminən 5 lirədən bir az artıq idi və bu məsələ Türkiyə cəmiyyətində böyük səs-küy doğurmuşdu. Ancaq mən o susatan uşağın timsalında Türkiyənin dirənişini gördüm. Heç şübhəsiz, Türkiyə yenə də dirənəcək və vəziyyətdən çıxacaq. Başqa məqamları bir kənara qoyuram, yalnız ona görə vəziyyətdən çıxacaq ki, ölkədə həmin susatan uşaq kimi milyonlar var. Bu düşüncə mənim nəzərimdə bütün iqtisadi hesablamalardan daha üstündür.

***

Sahilə Yaya, yazıçı:

- Bir də kabinetində vətəndaşın ağır həyat durumu ilə tanış ola-ola ləbləbi yeyən məmur tipi var. Mən bir az pis adam olsaydım, fındığı ağzına atan zaman o adamın başına lüstr düşməsini arzulayardım.

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ermənilər çırpınırlar... Əlbəttə, bu, türkün bayrağına salam vermək üçün dalğalarını şahə qaldıran Qara dənizin çırpıntısından deyil.

Ölümqabağı vurnuxmaq, can çəkişməsi kimi bir şeydir. 

Deməli, "yerli ideoloqlar" bütün dünyanın türk əsilli "Qarabağ"  toponimindən istifadə etdiyini görüb tam "erməniləşmək" üçün psevdo (ingilislər daha yaxşı deyir: puppit - kukla) dövlətlərini Arsax adlandırdılar. Sonra anladılar ki, türk sak tayfaların adı ilə bağlı olan "Arsax" "Qarabağ"dan heç də az türkcə deyil. Həm də onu erməni toponimi kimi vecinə alan yoxdur. Hamı Qarabağ deyir.

Odur ki, valı dəyişirlər. Oyuncaq qurumun qapıçısından "birinci diplomatına" qədər bütün işçiləri  özündən ibarət olan "xarici işlər naziri" açıqlama yayıb ki, bəs bilməzsiniz, "Qarabağ" qədim erməni sözüdür. Guya "Qara" qədim ermənicə "böyük" deməkdir, "bağ" isə iranlı qardaşlara bağlanır və Boq sözünün təhrifə uğramış şəklidir. Deməli, Qarabağ da Böyük Allahın ermənilərə əta etdiyi torpaqdır, yaxud Böyük Allah yurdudur. Fikrini əsaslandırmaq üçün də ermənilər arasında yayğın olan Qarabed adını nümunə gətirir. Yəqin ki, erməni-fars qardaşlığı zəminində Qarabedi də "böyük fəlakət, böyük pislik" və s. kimi şərh etmək olar.

Belə getsə, bu acgöz məxluqlar tezliklə Qara dənizə, Qarayazıya, Qaradabaniyə, Qaratəhləyə, Qaradonluya, Qaramana, Qarahanilər dövlətinə, Qaraqoyunlulara, hətta qaramala talib olacaqlar (Bu sıradan Qaraxaçı, Qarakilsəni artıq özününküləşdiriblər).

"Bağ-Boğ-Boqa" gəldikdə isə görünür, bədbəxtlər İsa Hüseynovun 30-40 il əvvəl yazdıqlarını indi oxuyublar...

***

Xaqani Səfəroğlu, jurnalist: 

- Paşinyanın müsahibəsini oxudum. O, vaxtı uzatmağa cəhd edir. Paşinyan "Sülh danışıqları" mövzusunu geopolitik alverə, hakimiyyətdə qalması üçün bir vasitəyə çevirmək istəyir.

Əvvəlcədən "Zəngəzur dəhlizi olmayacaq!", "Dağlıq Qarabağa status verilməlidir", "sərhədlə bağlı dəqiq xəritələr əlimizdədir" kimi avanturist bəyanatlarla çıxış edən Paşinyan Soçi və Brussel görüşlərində bəs nədən danışacaq? 

44 günlük müharibədə Yerevan təslim olub və sülh istəyib. Beynəlxalq təcrübəyə əsasən delimitasiya sülh danışıqları aparılan vaxt hazırlanır, xəritələr üzərində razılaşdırılır sonra ərazidə demarkasiya - işarələnmə başlayır. 

Paşinyan "xəritələr əlimizdədir" deməklə sülh danışıqlarını zondaj edir və niyyəti beynəlxalq gücləri prosesə cəlb etməkdir.

***

Mustafa Mehmandarov, dirijor:

- "Vuruşduğum Bryansk-Voronej cəhbəsindən, Ural və Orta Asiyadan keçərək, mən olanlarımı - yeni ordu çəkmələrimi çörək və pula, bir də biletə dəyişərək, Bakıya çatmışdım...

Gəmidən yenərkən, xəstə halda, arıqlamış vəziyyətdə, vəsaitsiz bu şəhərdə mənim üçün yeganə doğma ev olan Konservatoriyaya yollandım. Üzeyir bəyin məni gördükdə gözləri yaşardı, doğma övladı kimi qucaqlayaraq öpdü. Sonra hər şey haqqında ətraflı sorğu-sual edərək, mənim üçün sürpriz hazırladığını dedi - bu, onun təşəbbüsü ilə mənim cəhbəyə getməzdən az öncə yazdığım fortepiano "Variasiyalar"ımın dərc edilmiş notları idi. Mən Üzeyir bəydən tezliklə əzizlərimin yaşadığı Gəncəyə çatmağım üçün kömək istədim, lakin o, qəti şəkildə etiraz etdi: "Bu barədə söhbət belə ola bilməz - bu gün sən mənim qonağımsan! Bir neçə gün Bakıda qal, bir balaca özünə gəl - anan yazıqdır, səni belə görməsin, əzab çəkəcək". Üzeyir bəy məni öz evinə gətirdi, doyunca yedizdirdi və həyat yoldaşı Məleykə xanımdan vanna və yataq hazırlamağı xahiş etdi, sonra Gəncə filarmoniyasına zəng edərək, mənim iki gündən sonra şəhərdə olacağımı bildirdi. Səhər oyandıqda, Üzeyir bəy evdə yox idi və Məleykə xanım əvvəlcə məni yedizdirdi, sonra isə Üzeyir bəy tərəfindən mənim üçün qoyulmuş yeni kostyumu verdi. Kostyumu əynimə geydikdə, pencəyin cibindən 200 rubl pul çıxdı...

Unudulmaz müharibə illəri mənim bioqrafiyamda xüsusi yer tutur, lakin onların sərtliyi əziz və sevimli Müəllimim - Üzeyir Hacıbəylinin sonsuz qayğısı haqqında xatirələrlə sanki yumşaldılır".

Fikrət Əmirov 

***

- Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

Bu gün Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edilib. Aygün xanım uzun müddət, 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini işləyib.

Elektron hökumət quruculuğu, vətəndaşlarla effektiv əlaqələrin qurulması, onlayn şəffaflıq, sosial mediadan effektiv istifadə, rəqəmsal transformissiya məsələləri ilə bağlı birgə işlərimizdən çox yaxşı xatırlayıram fəaliyyətini. Dəfələrlə müsbət təcrübələri haqqında yazmışdım. Uğurlu namizəd hesab edirəm. İnanıram ki, xeyli problemləri olan, son illərdə xeyli zəifləyən vətəndaş cəmiyyətinin dirçəldilməsi üçün, Prezidentin  dəfələrlə vurğuladığı ictimai nəzarətin gerçəkləşməsi üçün ciddi işlər görə biləcək.

***

Rövşanə Ağasəfqızı, jurnalist:

- Qurum var ki, ancaq özünü reklamla məşğuldur. O işi belə gördük, bu işə elə zad elədik. Problemin axırına belə çıxdıq. Camaatın şikayətinə yerindəcə baxdıq. Qaynar xəttimiz gecə-gündüz xidmətdə filan... (musiqiyə köklənmək istəyən də qaynar xəttə zəng eləsin. Saatla əntiqə musiqi dinləyəcəksiniz. Cavab verib musiqini korlayan olmayacaq. Narahat olmayın). Bütün günü gözümüz mozol, qulağımız yağır olub. Ortada sabun köpüyü. İş adına cüzi əmək...

Yəni yola ver getsin prinsipi. Robot kimi əzbərləyib iki-üç cümləni, hər yerdə eyni müsahibələr - lap ürəkvurucu. Ortadan sual versən, ayaqda ilişib qalacaqlar. Çoxdur e belə qurumlar. Allah canlarını sağ eləsin. Bizim də, özlərinin də başını yenə qatırlar da. Bekar qalmaqdan qız doğmaq yaxşıdır misalı.

Bu arada pensiyalar heç olmasa vaxtında verilir. Gecikmə olmur deyəsən...

***

Zümrüd Dadaşzadə, professor:

- Üzeyir BƏY...  Biz bu adı tez-tez eşidirik, onun haqqında tez-tez danışırıq, musiqisi də mütəmadi səslənir - yaratdığı himn hər gün...

Operettalarının musiqisi də,  "Koroğlu"nun uvertürası da, Sənsiz və Sevgili canan da - Nizami ilində daha çox. Üzeyir bəy haqqında sanki hər şeyi bilirik. Nə vaxt anadan olub, hansı əməllərə imza atıb... Amma onun haqqında söhbətlərdə nə isə bir adilik yaranıb. Bax tələbələrimlə  ünsiyyətdə oluram. Sual edirəm: Üzeyir bəy nə edib ki, biz onu daim yad edirik? Azərbaycan üçün O, kimdir? Təkcə Azərbaycan üçün yox, bütün Şərq dünyası üçün? Və başlayırlar cavab verməyə - trafaret sözlər,  çeynənmiş cümlələr, duyğusuz, sönük gözlər... qalaytək soyuq gözlər... və mən başlayıram sinirlənməyə, sonra da kədərlənməyə... Qanım qaralır və mən susuram... Heyranlıq - bax bu hiss yoxdur... O cür çətin bir zamanda O, dişlə-dırnaqla yaratdı, sağdan da, soldan da zərbələrə məruz qaldı, amma yolundan dönmədi! Xoşbəxtik ki, Üzeyir bəy tariximizdə olub. Bu gün anım günüdür. Gəlin yad edək, onun gördüyü işin mahiyyətinə varaq və HEYRAN olaq! Ruhun şad olsun, Üzeyir bəy!

 





26.11.2021    çap et  çap et