525.Az

Tariximizdən soraq verən qiymətli sətirlər


 

GENERAL HƏSƏN XAN QACARIN I EHSAN NAXÇIVANSKİYƏ MƏKTUBUNDA NƏDƏN SÖZ AÇILIB?

Tariximizdən soraq verən qiymətli sətirlər<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

"Qafqaz Aktları"nın III cildindəki 1025-ci sənəddə yazılıb: "Şahzadənin Naxçıvanı təslim etmək haqqında Kalbalı xana verdiyi tələb müvəffəqiyyət qazanmadı. Hüseynqulu xanın hiyləsi nəticəsində Kalbalı xan İrəvanda tutuldu, deyilənlərə görə şahzadənin yanına aparılacaq".

Hüseynqulu xan 300 atlı və 200 piyada ilə Naxçıvana gəldi, onun satqınlığından xəbəri olmayan naxçıvanlılar qalası satqınlıq və xəyanətin qurbanı oldu.

I Ehsan xan isə bu səbəbdən anası tərəfdən yaxın qohumu olan Hüseynqulu və Həsən xan qardaşlarına heç cür inanmırdı. Və onların siyasi yolları ayrıldı.

Qeyd edək ki, Həsən xan hədələyici məktub yazıb istəyirdi ki, Fətəli şahın əmrini yerinə yetirsin. Hacı Şeyxəli xanı və qardaşı Ehsan xanı dilə tutaraq İrana aparsın və orada onları şaha təhvil versin. Amma o buna nail ola bilmir. Çünki Naxçıvanın taleyi  xan naxçıvanskilərə bütün mükafatlardan vacib idi. Həsən xan Qacar da bunu bilməmiş deyildi. Məktubda Həsən xan Qacar Kalbalı xanın şəxsiyyətinə yüksək dəyər verib. Hələ də bəziləri Kalbalı xanı kəngərli tayfasından ayırmaq üçün min bir əfsanə uydururlar. Amma Həsən xanın məktubda yazdıqlarını indi özünüz oxuyacaqsınız. Məktub genişdir. Qəzetin imkanlarını nəzərə alaraq ixtisarla çapa hazırladıq.

Əlahiddə Qafqaz korpusunun komandiri, infakteriya (piyada qoşunlar) generalı, general-adyutant və kavaler Paskeviçə

General-leytenant knyaz Eristovdan

Raport

"Zati-aliləri, Həsən xan Sərdar tərəfindən Hacı Şeyxəli bəy və I Ehsan xan Naxçıvanskilərə göndərilən məktubun əslini və tərcüməsini sizə göndərməyi özümə şərəf  bilirəm. Məktub iki həftə bundan əvvəl Qaraziyəddinə göndərilmiş Ehsan xanın adamına çatdırılıb. Həmin adam düşmən tərəfin düşərgəsinə gələn kimi tutulub və nəzarət altında saxlanılıb. Ona verilən məktubu, azad edildikdən sonra, çubuğun içərisində gizlədib. Bizim düşərgəyə qayıdan kimi həmin məktubu Şeyxəli bəyə təqdim edib. O isə məktubu mənə verdi".

Knyaz Eristovun imzası:

Məktub farscadan tərcümə edilib

30 avqust 1827-ci il.

Qarababa kəndi yanındakı düşərgə

"Siz qətiyyən rəhmətlik Kalbalı xanın yolu ilə getmirsiniz. Əgər sizi o rəhmətliyin  oğlanları kimi qəbul etsəm belə, sizin atdığınız addımları başa düşmək çətindir. Rəhmətlik Kalbalı xan Allah adamı idi. Qeyrətli islam tərəfdarı idi. İrəvan qalasının mühasirəsində qalanı müdafiə etdi. Onda bəs sizi nə vadar etdi ki, başqa cür hərəkət etdiniz.

Sizin atanız heç bir səbəb olmadan özünün və öz valideynlərinin peyğəmbərə olan inamını təsdiqlədi.

Yəqin xatırlayırsınız ki, hələ atanızı tanımadığım vaxt  Məhəmməd xanın işi ilə bağlı olaraq onun arvadını, uşaqlarını və sizi Qəzvindən Sultaniyəyə gətirdilər. Onları fərraşlara və katerçilərə vermək istəyirdilər. Amma mən mane oldum və onlara kiminsə toxunmağına imkan vermədim.

İndi Allaha şükür ki, bizim aramızda dostluq var.

İstəkləriniz yerinə yetəcək. Siz bu cür hərəkət edəndən sonra naib Sultan istədi ki, qadınlarınızı və sonra uşaqlarınızı katerçilərə versin.  Sizin qadın və uşaqlarınızın və əlinizdə olan var-dövlətin hamısını onlara versin. Mən buna imkan vermədim. Onları Makudan Xoya gətirdik ki, Şahdan sizə aid olan əşyaların heç biri itməsin...

İstəmirəm ki, sizin arvad-uşaqlarınız günahsız olaraq cəllad və katerçilərin əlinə düşsün! Allah qoysa, bu haqda fikirləşin və mənə bildirin. Sizin nə ölçüb-biçdiyiniz mənə məlumdyr və elə edin ki, qərarınız düzgün olsun. Siz İrana qayıdanda mən şahla və naib sultanla söhbət edərəm ki, sizi bağışlasınlar. Ona görə də mən indi Əlinağı Mirzənin yanındayam. Ona məruzə etdim və yalvardım ki, şahla və naib sultanla vasitəçilik etsin sizi bağışlasınlar. Və o, söz verdi. Öz qərarınızı mənə yazın və əmin olun ki, arzularınız yerinə yetəcək".

 





26.11.2021    çap et  çap et