525.Az

Ay Bəniz Əliyarın yeni kitablarının sorağı


 

Ay Bəniz Əliyarın yeni kitablarının sorağı<b style="color:red"></b>

Qədim Şabran torpağında yaşayıb-yaradan, yaradıcılıq yolu ədəbi ictimaiyyətdə maraq doğuran, oxucuları ilə hər görüşü layiqincə qarşılanan istedadlı qələm sahibi Ay Bəniz Əliyarın şeirlərini heç vaxt tələsik oxumamışam. Onun nə demək istədiyini yetərincə dərk etmək üçün ahəstə, aramla oxumuşam şeirlərini. 

Son aylarını yaşadığımız 2021-ci ildə şairə xanımın iki kitabı işıq üzü görüb. "Vətən andı" və "Ruhumun aynası". Bu dəfə də müəllif başqa bir aləmə baş vurub. Qəlb evinin qapılarını taybatay açaraq özünün fikir və düşüncələrini oxucuları ilə bölüşüb. Ay Bəniz Əliyarın kitablarını oxuyan hər kəs, yəqin ki, dediklərimlə razılaşar. Həzin, incə hislər və insani duyğular,  açmaq istədiyi müəmmalar yaradıcılığının ana xəttini təşkil edir. Müəllif bunları öz içindən keçirərək şeirə çevirir. Bu şeir evini kərpic-kərpic qurur və oxucusunu necə tilsimə salır, ovsunlayır, bilmirsən. Hələ üstəlik bir müddət bu tilsimin sehrindən çıxa bilmirsən. 

Çağdaş ədəbi mühitdə Ay Bənizi həmkarlarından fərqləndirən nədir? Tələbkar oxucu və peşəkar jurnalist kimi deyə bilərəm ki, onun açıq və cəsarətli danışmaq qabiliyyətidir. O, sevən bir qəlbin atəşini üsyankar naləsini, Ayın, Günəşin hərarətini, Yeri, Göyü, təbiətin fəsillərini, ən əsas isə cəmiyyəti öz rəngində, öz boyasında təcəssüm etdirə bilir. Bir sözlə, qələmə aldıqları şair bir xanımın poetik düşüncələrinin səmimi, bədii ifadəsidir. 

Bədii sözün qüdrəti haqqında çox danışmaq istəmirəm. Bu hamıya məlumdur. Millət olaraq hər anı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ savaşı günlərində də biz bunu gördük. Azərbaycan bir yumruq kimi birləşərək düşmənlə ölüm-qalım savaşına girdiyi ilk andan yazarlarımız da "Müsəlləh əsgər" kimi öz sözlərini dedilər. Ordu-Xalq-İqtidar birliyi bizə bu zamana qədər dadmadığımız duyğular yaşatdı və Qələbəyə, Zəfərə qovuşdurdu.

Əsgərlərimizi, şəhidlərimizi, qəhrəmanlarımızı təbliğ etmək, böyüməkdə olan nəsillərə Vətən, Bayraq, millət sevgisi sahəsində öz sözünü deyən yazarlar sırasında Ay Bəniz Əliyar da vardır. Zəfərimizi təbliğ etmək üçün yola çıxan şairənin "Elm və Təhsil" nəşriyyatında çap olunmuş " Vətən andı" , "Ruhumun aynası" kitablarında Qələbəmiz müəllifə xas şeir dili ilə təsvir edilir. 

Siyəzən şəhər Mədəniyyət Mərkəzində rayon rəhbərliyinin, şəxsən Siyəzən RİH-nin başçısı, tanınmış yazıçı Novruz Novruzovun təşəbbüsü ilə keçirilən təqdimat mərasimində bu kitablar barədə ətraflı danışıldı.

İstər tədbirin aparıcısı, AYB-nin üzvü, şair Nəcməddin Mürvətov, istərsə də  digər iştirakçılar - AYB Şabran bölməsinin sədri yazıçı-publisist Aydın Tağıyev, ədəbi tənqidçi Zakir Məmməd, qazi, leytenant Akif Quliyev, həkim Xanlar Həsənov, şəhid Ş. İsmayılov adına 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Ülfər Paşayeva kitablarla bağlı fikirlərini bölüşdülər. C. Cabbarlı adına 1 saylı tam orta məktəbin şagirdləri Bahar Baxışəlizadə və Zahidə Əliyeva, 3 saylı tam orta məktəbin şagirdi Qızılgül Atakişiyeva müəllifin şeirlərini səsləndirdilər.

"Vətən andı" kitabında Ay Bəniz Əliyarın oxuculara  "Zəfər yazanlar" adlı poeması və "Xarı bülbül" pyesi təqdim olunub. Zəfər yazanlar" poemasında I və II Qarabağ savaşı, Aprel döyüşləri, Azərbaycan əsgərinin, Azərbaycan Ordusunun gücü, Azərbaycan xalqının yenilməzliyi, Ali Baş Komandanın rəhbər müdrikliyi və qətiyyəti öz əksini tapıb. "Xarı bülbül" pyesində isə Hikmət adlı bir gəncin döyüş yolundan bəhs edilir. Bu pyes həm Şabranda, həm də qonşu rayonlarda səhnəyə qoyulub və hər dəfə də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

"Ruhumun aynası" kitabının redaktoru və ön sözün müəllifi N.Nəcəfoğlu "şeir dili Vətən dili, şeiri ruhunun aynası olan" müəllifin əsərləri barədə fikirlərini dilə gətirdi, ona yeni uğurlar arzuladı.

Sonda Ay Bəniz Əliyar öz düşüncələrini mərasimə toplaşanlarla bölüşdü, onun yaradıcılığını maraq və diqqətlə izləyən dəyərli oxucularına minnətdarlığını  bildirdi. 

Reyhan MURADOVA

 





26.11.2021    çap et  çap et