525.Az

"Qadına şiddətə son"


 

BAKIDA "LİATRİS HOLDİNG"İN TƏŞKİLATÇILIĞI İLƏ BU MÖVZUDA DƏYİRMİ MASA KEÇİRİLDİ

"Qadına şiddətə son" <b style="color:red"></b>

Tədbirdə "Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də, millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli, Tibb üzrə Fəlsəfə doktoru İlahə Quliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edib müzakirələr aparıblar.

"Liatris Holding"in rəhbəri Ruhi Əliyeva deyib ki, "Liatris Holding" olaraq hər il dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu günü qeyd edirlər: "Cəmiyyətimizin, toplumun, insanlığın üz qarası, ən böyük bəlalarından biri olan qadına qarşı zorakılığın, qadınların öldürülməsi, döyülüb-söyülməsi, mənəvi-fiziki şiddət görməsinə diqqət çəkmək, sosial səfərbərlik yaratmaqla bu problemin həlli yollarının aranması, problemin çözümünün tapılmasına çalışırıq".

O, çıxışında qadınların cəmiyyətdə üzləşdiyi fiziki-mənəvi şiddətdən söz açıb: "Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalır. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər. Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onların başı kəsilir, bıçaqlanır, qətl edilir. Təkcə elə bu il neçə belə qətlin, amansız ölümlərin xəbərini onlayn mediadan və sosial şəbəkələrdən izlədik. Eləcə də, təcavüz görən qız övladlarla bağlı qorxunc, üzücü xəbərlər aldıq. Onlardan birini - İmişlidə baş verən 11 yaşlı uşağın yaşantılarını yada salmaq mövcud mənzərəni göz önündə canlandırmağa bəs edir. Həmçinin, bu il baş verən dəhşətli qadın qətllərinin bir neçəsini qeyd eləmək məsələnin nə qədər aktual və ağrılı olduğunu deməyə yetərlidir. İl ərzində "arvadının başını kəsdi" və ya "arvadını bıçaqladı" kimi başlıqlarla qarşılaşırıq, məhkəmə materialları oxuyuruq. Bütün bu qəddar hadisələrin səbəbi nədir?! Sosial problemlər, narkotik asılılığı, içki aludəçiliyi, yoxsa digər səbəblər?!"

Ruhi Əliyeva qeyd edib ki, bu məsələdə dövlətə və qurumlara dəstək olmaq məqsədi ilə qadına şiddət mövzusunun müzakirə olunması zəruridir: "Çünki zorakılıq yalnız fiziki anlamda şiddət deyil, həm də insan haqlarına hayqırıdır. Qadının özgüvənini zədələmək, onun hüquqlarını axtarmaq istəyini zəiflətmək və məhv etməkdir. Şiddət göstərən şəxsin sosial statusu, təhsili, cəmiyyətdəki yeri, çevrəsi necə olursa-olsun, onun əməli görməzdən gəlinməməlidir! Dünyanın harasında bir qadın şiddət görürsə, təcavüzə uğrayırsa, döyülürsə, incidilirsə, bu, hər birimizə olunan haqsızlıqdır. Döyülən, əzilən hər qadının acısı, bizim acımız, ağrısı bizim ağrımızdır. Çünki müdriklər demiş, bir qadının üzündəki ifadə, üzərindəki geyimdən daha vacibdir".

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxış edərək, demokratiyanın inkişafı, sosial ədalət və tolerantlığın əldə olunmasının gender bərabərliyindən asılı olduğunu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 5-ci məqsədin məhz gender bərabərliyinə nail olunması, bütün qadın və qızlara səlahiyyət verilməsinə aid olduğunu qeyd edib.

Çıxışda milli qanunvericiliyimizin qadınların hüquq bərabərliyini nəzərə alaraq onlara qarşı hər növ ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərdiyi, respublikamızda ildən-ilə gender siyasəti sahəsindəki qanunvericilik bazasının daha da gücləndirildiyi bildirilib. Ombudsman onu da qeyd edib ki, qadınların hakimiyyət orqanlarında, qərar qəbuletmə prosesində bütün səviyyə və formalarda iştirakının əhəmiyyəti daha da artır. S.Əliyeva qadınların hüquqlarının təmin edilməsi, onların təhsil və sağlamlıqla bağlı problemlərinin həlli, gender bərabərliyi sahəsində mövcud olan stereotiplərin aradan qaldırılması və qadınların ictimai həyatdakı mövqeyinin müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Ombudsman qadınların hüquqlarının təşviqi və müdafiəsi məqsədilə aidiyyəti dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə də əməkdaşlıq edildiyini bildirib.

Çıxış zamanı bu yaxınlarda Ombudsmanın təşəbbüsü əsasında keçirilmiş ənənəvi "Uşaq Hüquqları Aylığı" çərçivəsində də erkən evliliyin qarşısının alınması məqsədilə onlayn maarifləndirici təlimlərin keçirildiyi, qız uşaqlarının təhsildən yayınması, habelə məişət zorakılığının qarşısının alınması, ana və körpə ölümü ilə bağlı məsələlərin müzakirə edildiyi diqqətə çatdırılıb.

S.Əliyeva çıxışında qadın hüquqlarının daha etibarlı müdafiəsi və gender bərabərliyinin səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən çoxsaylı təkliflər irəli sürüldüyünü də vurğulayıb.

Tədbirdə mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşa nümayiş olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev vurğulayıb ki, cinayətin zərəri cəmiyyətə vurduğu ziyanla ölçülür: "Problemlərin həll edilməsi üçün DİN tərəfindən işlər aparılır. Əsas diqqət daha çox maariflənmə istiqamətinə yönəlib. "102" Qaynar xətt mərkəzinə cari ildə 432713 məlumat daxil olub, onlarda 7647-si ailə münaqişəsi, məişət zorakılığı ilə bağlıdır. Eləcə də DİN-in sosial şəbəkələrinə 100-dən çox şikayət, həmçinin KİV-dən, ailə-qadın cəmiyyətlərindən də 90-dan artıq müraciət daxil olub. 602 sayda ailəli qadın ərləri tərəfindən döyülüb. DİN-ə 4052 döyülmə faktı ilə bağlı məlumat daxil olub və öz təsdiqini tapıb".

O qeyd edib ki, qadınlarla bağlı müraciətlər hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmaqla müvafiq tədbirlər görülür.


 

 





27.11.2021    çap et  çap et