Bakıda iştirak etdiyim dünya yaş qrupları yarışları irimiqyaslı turnirdir. Bu yarışların iştirakçısı olmaqdan çox məmnunam.
525.az xəbər verir ki, bunu Bakıda təşkil olunan 28-ci dünya yaş qrupları yarışlarında mübarizə aparan qazaxıstanlı gimnast Vitaliya Smotrikova deyib.
Qazaxıstan təmsilçisi bildirib: “Milli Gimnastika Arenasında müsbət əhvali-ruhiyyə hökm sürür. Bu yarışlar təcrübəmin artırılmasında böyük önəm daşıyır. Gələcəkdə yaxşı nəticələr əldə etmək üçün məşqlərdə daha çox çalışacağam”.
Qeyd edək ki, noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışa ölkəmiz 15 gimnast ilə qatılıb. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edirlər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparırlar. Bundan əlavə, komanda hesabında yarışlar keçirilir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.