525.Az

Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Dövlət İmtahan Mərkəzində olub - Foto


 

Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Dövlət İmtahan Mərkəzində olub -<b style="color:red"> Foto</b>

Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) olub. 

525.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, prezidentin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, prezidentin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxildir. 

Əvvəlcə Mərkəzdə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyevin büstü ziyarət olunub. Qonaqlar Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.

Sonra DİM-də yerləşən, təhsildə qiymətləndirmə üzrə tarixi əks etdirən muzeylə tanışlıq baş tutub. Qonaqlara Azərbaycanda qiymətləndirmə sisteminin yaradıldığı gündən müasir dövrədək aparılan işlərə dair məlumatlar verilib. Nümayəndə heyəti DİM tərəfindən hazırlanmış kitablar, dövrü nəşrlər, metodiki vəsaitlər, o cümlədən qapalı şəraitdə hazırlanan sual kitabçalarının nəşri prosesi ilə tanış olublar.

REA-nın prezidenti, akademik A.Sergeyev muzeyin rəy kitabında öz təəssüratlarını bölüşüb.

Daha sonra akademik A.Sergeyevin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib. Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, eləcə də AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, vitse-prezident, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyətinin Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Ağahüseyn Şükürov iştirak ediblər. 

M.Abbaszadə son illər Azərbaycan və Rusiya arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib. Direktorlar Şurasının sədri Rusiyanın müvafiq qurumları ilə həyata keçirilən əməkdaşlıq əlaqələrindən danışıb. O, DİM-in xarici dil kimi rus dili fənni üzrə abituriyentlərin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti, Azərbaycanın təhsildə qiymətləndirmə və qəbul modelinin dünyada işıqlandırılması istiqamətində Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti, həmçinin imtahan suallarının tərtibi istiqamətində təcrübə mübadiləsi məqsədilə Təhsildə Keyfiyyətin Monitorinqi üzrə Elmi-tədqiqat İnstitutu ilə olan əməkdaşlıq əlaqələrindən bəhs edib. 

Direktorlar Şurasının sədri iki ölkə arasında imzalanmış beynəlxalq müqavilələr əsasında Rusiyanın müvafiq ali təhsil müəssisələrinə ilkin seçim mərhələsinin DİM tərəfindən keçirilməsi, DİM əməkdaşlarının Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının (EAOKO) tədbirlərində iştirakı və onlayn olimpiadaların keçirilməsinə dəstək kimi məsələlərin vacibliyini vurğulayıb.

M.Abbaszadə ölkəmizdə təhsilin yüksələn xətlə inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, eləcə də mövcud problemlər və onların həlli yollarından bəhs edib. Həmçinin son illərdə imtahanlarda tətbiq olunan yeniliklər və onların müsbət nəticələri haqqında ətraflı məlumat verib. 
Daha sonra DİM-in Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginov imtahan nəticələrinin elmi-statistik analizi, yazı işlərinin qiymətləndirilməsi texnologiyası, qiymətləndirmə prosesinin mərhələləri, eləcə də markerlərin və qiymətləndirmə meyarlarının hazırlanmasına dair təqdimatla çıxış edib.

REA nümayəndə heyətinin rəhbəri, akademik A.Sergeyev Mərkəz tərəfindən həyata keçirilən tədbirləri, təhsil sahəsində tətbiq olunan, müasir çağırışlara cavab verən yenilikləri yüksək qiymətləndirib. O, təhsilin qiymətləndirilməsi sahəsində ölkələrarası əməkdaşlığın davam etdirilməsinin, birgə layihələrdə iştirakın zəruriliyinə toxunub. REA prezidenti qeyd olunan sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və digər istiqamətlərdə icra olunacaq işlərə dəstək göstərməyə hazır olduğunu bildirib. 

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub, təkliflər səsləndirilib. 

 





28.11.2021    çap et  çap et