Naxçıvan şəhərinin geniş səkilərindən biri ilə hər səhər ağır-ağır yol gələn bir insan qarşınıza çıxır. Sanki, təbiətdən yoğrulan, Adəm ata görünüşlü, ağır ləngərli insan başı aşağı gedir. Hərdən fikirlərinin içindən boylanıb ətrafı yorğun nəzərlərlə seyr edir, salam verir, salam alır.
Deyirlər, Adəm atanın yoğrulduğu torpağa bir gün sevinc, otuz doqquz gün qəm buludundan yağış yağır. Ona görə də bizim tanıdığımız Adəm oğlu deyir ki:
Məni silkələmə, silkələsən sən,
Üstümdən-başımdan dərd töküləcək.
Dünyanın üzünü su alan kimi,
Dünya dərd içində ölüb gedəcək.
Yazıqdı bu dünya, hünər ona ki,
Mən tək dərd ümmanın üstə gəzdirir.
Bir damlam düşəndə bu yer üzünə
Bir damla əzabım onu bezdirir.
Bəli, bu insan dərdi ilə sevincin üzünə gülən, danışanda nağıl kimi danışan, xeyirlə şəri bəşərin övladı hesab edən gözəl şairimiz Xanəli Kərimlidi. Bu gün onu doğum günüdür. Yetmiş ildir dərdini çəkib dərdə düşdüyü torpağın üstündə üzü günəşə doğru addımlayır. Hər addımı bir misradı, hər misrası bəşərdi:
Beş hərfdir “bəşər” sözü,
İkisi haqq, ikisi şər.
Tək bir kəlmə sözdə belə
Üz-üzədir xeyirlə şər...
Sanki, varlığıyla qaya parçasıdı. Xanəli müəllimin varlığı da, şeirləri də Naxçıvanın möcüzəli dağlarından durulub gələn su kimidir. Dağ zirvəsinə yağan qarı əridən günəş kimi, içini yandıranları, gözünü göynədənləri, ürəyini titrədənləri zamanın mürəkkəbiylə əridib sözə çevirib, sözü sözlə yaşadıb:
Ən qədim köhnədir ən yeni təzə,
Dünyanın astarı, üzlüyü kimi.
Nə qədər çək-çevir etsə də ağlım,
Çözülməz Tanrının sözlüyü kimi.
Naxçıvan ədəbi mühitində öz həmyaşıdları arasında müasirliyi, söz seçimi ilə fərqlənən Xanəli müəllim qafiyə şairliyindən çox uzaqdır. Az sözlə məna dolu fikirlər onun şeirlərinin əsas bəzəyidir. Cəmiyyətdə rast gəldiyi, yox deyib keçə bilmədiyi mənfilikləri bir az incə, bir az sərt, bir az da üsyankar dillə oxucuya çatdırır:
Axı niyə biz hər kəsi
öz yerində görənmirik?!
Axı niyə biz hər kəsə
düz qiymətin verənmirik?!
Bu suallar cavabını
öz vaxtında tapmadıq ki,
tarix boyu millətimin
qılınc çalan nərlərini,
şeir-sənət ərlərini
qarşı-qarşı qoya-qoya
məhv elədik !..
Handan-hana ayılanda
gördük yaman səhv elədik !..
Təəssüf ki, belədir…
“Söz üzümə bozaranda yazıram”- deyən söz xiridarı sözün üzünə işıq tutub, onun ürəyi hər an işığa can atıb:
Sözün işığından güc alıb bəlkə,
Günəşin işığı sönməz olubdur.
Yerdən kainatın sonsuzluğuna
Tək sözün işığı dönməz olubdu.
Gecələri söz işığına yol gedən, gündüzlər qaranlıq yollardan öz fəhmiylə çıxan Xanəli Kərimli hər şeyi zamanın axarına buraxır, zamana tapşırır:
Ancaq bu zamandır-
Dəyirman zaman…
Üyüdür dənliyin boğaz dənin də.
Kozarın ununu buğda unundan
Seçənlər tapılar günün birində.
Onda öz taxtında oturacaq söz,
Onda şeirin də güləcək üzü.
Onda dəllalara yer qalmayacaq,
Onda yazılacaq zamanın özü,
Bir də ki,
Hər kəsin astarı, üzü…
Bəli, hər şeyi həll edən zamandır. Dəyərli şairimiz haqqında yazmağa da zaman ayırmaq özü bir dəyərdi. Elə zaman da göstərir ki, kimin şeirləri, kitabları ya əl altdadı, ya da əl qalınlığında toz altda.
Nəsə yazmaq istəyirəm…
Amma hələ bilmirəm ki.
Nədən yazım, kimdən yazım?
Yazım ki, mən
Hər kəsin
Asanlıqla and içdiyi,
Üstündən də keçdiyi
Bir udumluq suyam.
Hərdən-hərdən silkinsəm də,
Kükrəsəm də, coşsam da,
Əslim, köküm nədirsə,
Elə buyam!...
İnsanın da, onun yazdığının da əsli-kökü olmalıdır. Elə sizin kimi, Xanəli müəllim…
Deyirlər ki, təkcə savadı olanlar istədiyi vaxt hecalı, qafiyəli şeirlər yaza bilər. Amma istedadlı, anadan şair doğulanlar yazarkən Tanrıdan güc alır, onu dediklərini bizə çatdırır. İkinci halda yazılanlar daha çox oxucu sevgisi qazanır, Xanəli Kərimlinin şeirləri kimi…
İlahi, sən mənə bir dərddaş yetir,
Bir qulaq yoldaşı olsun qəlbimə.
Səndən ayrı mənim kimim var axı,
Özün de, könlümü bəs açım kimə?!
Ustad şairimiz, içinizdə ilahi sevgi tükənməsin!