525.Az

Rusiyaya inhisarçı ittihamı - Xaqani Cəfərlinin siyasi şərhi


 

Rusiyaya inhisarçı ittihamı -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Beynəlxalq Enerji Agentliyi (International Energy Agency) Rusiyanı neft və qaz bazarında süni qıtlıq yaratmaqda ittiham edib. Dünya neft və qaz bazarlarında yaranmış vəziyyət artıq ciddi narahatlıq doğurmağa başlayıb və Beynəlxalq Enerji Agentliyinin Rusiyaya ittihamı da məhz buna görə gündəmə gəlib. Eyni zamanda, bu ittihamın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) müttəfiqləri ilə birlikdə gələn həftə keçiriləcək sammiti ərəfəsində gündəmə gəlməsi də təsadüfi deyil. Aydın görünür ki, bu ittihamın səsləndirilməsi OPEC-ə üzv ölkələri hasilatı ciddi şəkildə artırmağa sövq etməyə xidmət göstərir. Məlum olduğu kimi, OPEC+ formatında əməkdaşlıq edən neft ixracatçıları hasilatı yalnız gündəlik 400 min barrel artırmaq niyyətindədir. Beynəlxalq Enerji Agentliyinin ittihamının gündəmə gəlməsinin digər səbəbi ABŞ-ın neft hasilatını ciddi sürətdə artırmağa çağırmasının heç bir nəticə doğurmaması ilə bağlıdır. Vaşinqton OPEC-i mövqeyini dəyişmək üçün strateji neft ehtiyatlarından 50 milyon barrel satışa çıxarmağa vadar edib. Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Çin və Hindistan da ABŞ-la həmrəylik göstərərək strateji neft ehtiyatlarının bir hissəsini satmağa qərar veriblər. Ancaq ekspertlər bu addımın vəziyyəti kəskin dəyişəcəyinə inanmırlar.

Vəziyyətin dəyişməyəcəyini, əksinə, daha pisləşəcəyini ehtimal etməyə əsas verən digər səbəb Avropada havaların soyuması, şaxtaların başlamasıdır. Havaların soyuması Avropa Birliyi ölkələrinin anbarlardan daha çox qaz götürməsinə səbəb olub. Statistik məlumatlar anbarlardan qaz götürülməsinin son 10 ildə ən yüksək həddə olduğunu göstərir. Ekspertlər belə davam edəcəyi halda anbarlardakı qaz ehtiyatının havaların istiləşməsindən öncə tükənəcəyindən ehtiyat edirlər.

Bu vəziyyəti dəyişə biləcək yeganə şirkət Rusiyanın qaz nəhəngi "Qazprom"dur. Lakin "Qazprom" buna cəhd etmir. "Qazprom" Ukrayna və Polşa üzərindən qaz ixracını artırmır və əvəzində, Avropadakı anbarlardan qaz götürür. Məlumatlara görə, gün ərzində "Qazprom" Niderlanddakı "Berqermer", Almaniyadakı "Katarina", "Reden" və "Hemqum", eləcə də Avstriyadakı "Haydah" qaz anbarlarından 21 milyon kubmetr qaz götürür. Bu, elə bir vəziyyətdə baş verir ki, "Qazprom"un Avropadakı qaz anbarlarında ötənilki illə müqayisədə üç dəfə az qaz ehtiyatı var. Əgər ötən il "Qazprom"un Avropadakı qaz anbarlarında 9.65 milyard kubmetr qaz var idisə, hazırda cəmi 3.26 milyard kubmetr qaz var. Digər tərəfdən, Rusiya ötən ilin müfaviq dövrü ilə müqayisədə Avropaya daha az qaz ixrac edir. Bütün bu amillər Rusiyanın həqiqətən qaz bazarlarında süni qıtlıq yaratdığını göstərir. "Qazprom" bu ittihamları təkzib edir və qıtlığı qaz nəqlinin tam təmin edilməməsilə izah edir. Belə görünür ki, Avropada qaz qıtlığı yaratmaqla "Şimal axını-2" qaz kəmərinin istifadəyə verilməsinə nail olmaq istəyir. Rusiyanın bu siyasəti "Şimal axını-2" qaz kəmərinin ABŞ-ın sanksiyası siyahısından çıxarılmasına nail olmaq məqsədi güdür. Qərb mətbuatında belə məlumatlar yayılır ki, prezident Co Bayden "Şimal axını-2" qaz kəmərinə tətbiq edilmiş sanksiyanın ləğvinə çalışır.

Avropanın enerji bazarlarında isə enerji daşıyıcıların qiyməti artmaqda davam edir. Qaz və neftlə yanaşı, elektrik enerjisinin qiyməti də rekord həddədir. Bir MBt elektrik enerjisinin Almaniyada topdan qiyməti 273, Fransada isə 295 avrodur.  

Dünya enerji bazarlarında yaranmış vəziyyət bütün ölkələrini alternativ mənbələr axtarmağa vadar edir. Avropa ölkələri Afrika və Xəzər hövzəsinə yönəldiyi halda, Çin rəqibi ABŞ-a üz tutub. Çinin "Foran Energy Group" şirkəti ABŞ-ın "Cheniere Energy Inc" şirkəti ilə 20 illik müqavilə bağlayıb. 2023-cü ilin yanvarından gerçəkləşməyə başlayacaq müqavilənin şərtlərinə görə, Çin şirkəti hər il ABŞ-dan 0.3 milyon ton sıxılmış qaz alacaq. Məlumatlara görə, Çinin başqa şirkətləri Amerika şirkətləri ilə danışıqlar aparırlar. "Cheniere Energy Inc" şirkətinin istehsalı artırmaq üçün infrastrukturunu genişləndirməyə başlaması da tələbatın artması ilə izah oluna bilər.

Rusiyanın neft və qaz bazarında hökmranlığını aradan qaldırmağa çalışan ABŞ-ın son addım kimi İrana qarşı sanksiyaları ləğv edə biləcəyi iddia olunur. Belə məlumatlar var ki, İranın nüvə proqramı ətrafında davam edən danışıqlar müsbət nəticə verən kimi, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyanı aradan qaldıracaq. İranın neft və qaz ixracına başlaması qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Qeyd edək ki, dünyanın ən böyük neft ölkələri hesab olunan Venesuela və İranın neft bazarlarından kənarlaşdırılmasını Rusiyanın uğurlu siyasəti hesab edənlər də var. Enerji daşıyıcıların qiymətinin çox yüksək olması Rusiyanın gəlirlərini ciddi sürətdə artırır. Son qiymət artımı Rusiyanın 50 milyard dollar əlavə gəlir əldə etməsinə səbəb olub.

ABŞ və Beynəlxalq Enerji Agentliyi isə Rusiyanın qaz və neft bazarındakı inhisarçılıqda ittiham etməklə yanaşı, bu vəziyyətə son qoymağa çalışır. ABŞ hətta əsas neft və qaz istehsalçısı olan ölkələri hasilatı artırmağa vadar etmək üçün sanksiya da tətbiq edə biləcəyinə işarə vurur. İstisna deyil ki, Rusiyanın inhisarçılqda ittiham edilməsi də bu prosesə hazırlıq məqsədi daşıyır. Bu ittihamlar eyni zamanda, Rusiyanın etibarlı tərəfdaş olmadığı rəyini yaradır və Moskvaya qarşı tətbiq edilən sanksiyaları legitimləşdirir.

 





28.11.2021    çap et  çap et