525.Az

Azadlıq, Ədalət və Davamlılıq İttifaqı


 

Azadlıq, Ədalət və Davamlılıq İttifaqı <b style="color:red"></b>

Son parlament seçkilərinin qalibi Almaniya Sosial Demokrat Partiyasının lideri Olaf Şolz Yaşıllar və Azad Demokrat partiyaları ilə birgə qurduqları yeni koalision hökumətin proqramını və tərkibini təqdim edib.

"Tərəqqi naminə cəsarət" (Mehr Fortschritte wagen) devizi ilə qurulan hökumətin proqramında bir çox cəsarətli müddəalar var. Məsələn, 2030-cu ilə kimi Almaniyada elektrik enerjisinin 80 faizinin bərpa olunan enerji mənbələrindən alınması üç partiyanın qurduğu hökumətin proqramında yer alıb. Avropada ciddi problemə çevrilən qaçqınlarla bağlı da Olaf Şolzun başçılıq edəcəyi hökumət fərqli mövqe nümayiş etdirəcək. Açıqlanan proqrama görə, qaçqınlara Almaniyada öz ailələrinə qovuşmaq imkanı veriləcək. Bu, Almaniyanın yeni qaçqınlar qəbul etməyə başlayacağı anlamına gəlir. Bundan sonra Almaniyada marixuananın nəzarət altında satışı rəsmiləşəcək. Bu isə səlahiyyət orqanlara marixuananın keyfiyyətinə nəzarət edə bilmək, keyfiyyətsiz maddələrin yayılmasının qarşısını almaq imkanı verəcək. Marixuana bundan sonra lisenziyalı mağazalarda həddi-buluğa çatmış şəxslərə satılacaq. Almaniyada minimum əmək haqqının bir saatı bundan sonra 12 avrodan dəyərləndiriləcək. Almaniyanın Konstitusiyasından "irq" ifadəsi çıxarılacaq, gender ayrı-seçkiliyini qadağan edən maddələr əlavə ediləcək. Mənzil bazarında kirayə haqqının qarşıdakı üç il ərzində 11 faizə qədər azaldılması üçün 400 min mənzilin tikintisi nəzərdə tutulur. Olaf Şolzun hökuməti Almaniya ordusunu dronlarla silahlandırmağı da proqramına daxil edib. Berlin Ukraynanın ərazi bütövlüyünün bərpasına yardım etməyi, Rusiya ilə konstruktiv dialoq qurmağı, Belarus müxalifətinə dəstək vermək və Lukaşenko rejiminə qarşı sanksiyaları genişləndirməyi də bundan sonra xarici siyasətinin əsas hədəfləri sırasına daxil edəcək.

Almaniyanın üç partiyasının 59 günlük müzakirədən sonra razılaşdıqları ortaq proqram həqiqətən inkişaf, tərəqqi naminə cəsarətli addımlardan ibarətdir. Bu cəsarətli addımları isə kansler Olaf Şolzun başçılıq edəcəyi hökumətdə təmsil olunacaq hər üç partiyanın təmsilçiləri həyata keçirəcəklər.

Kansler Olaf Şolzun təmsil etdiyi Sosial Demokrat Partiyasının təmsilçiləri hökumətdə Daxili İşlər, Müdafiə, Tikinti və Mənzil Təsərrüfatı, İş və Sosial Təminat, Səhiyyə, İqtisadi Əməkdaşlıq nazirliklərinə rəhbərlik edəcəklər.

Yaşıllar Partiyası xarici siyasət, ətraf mühit, kənd təsərrüfatı, iqtisadiyyat və iqlim, ailə məsələlərinə nəzarət edəcək.

Koalisiyanın kiçik ortağı Azad Demokrat Partiyası Maliyyə, Ədliyyə, Nəqliyyat və Təhsil nazirliklərinə rəhbərlik edəcəklər.

"Tərəqqi naminə cəsarət" şüarı altında qurulan Azadlıq, Ədalət və Davamlılıq İttifaqı koalisiyası elan etdiyi proqramda nəzərdə tutulan məqamları həyata keçirə bilsə, bu, yalnız Almaniyanın deyil, Avropanın da mənzərəsini dəyişəcək. 

 





28.11.2021    çap et  çap et