525.Az

"Əsgər üşüyəndə torpaq qızınar..." - Barat Vüsalın şeirləri


 

"Əsgər üşüyəndə torpaq qızınar..." - <b style="color:red"> Barat Vüsalın şeirləri</b>

ŞAXTALI HAVA

Qar yağır, əridir, su götürürük, 
Söymürük nə tale, nə də ki baxta.
Bu, bizim ömürdür, gəl, gəl, əsgərim, 
Bizim işimizdi bu iş, vəzifə, 
Bizdən ötəridir bu qar, bu şaxta!

Bura elə yerdir, qar tuğyan edir, 
Donur, əl də donur, ayaq da donur...
Bura yurd sərhədi, sərhəd xəttidir, 
Donub, çay da donub, bulaq da donub.

Bir vaxt min-min qalxıb ayağa birdən, 
Bir-bir, üç-üç, beş-beş vurulmuşlarıq.
Özgə adamlarıq, elə bilirlər, 
Bir vaxt Xocalıda qırılmışlarıq.

Vətənə hər yandan keşik çəkirik, 
Demirik oradı, buradı cəbhə.
Nədi könlümüzün muradı - cəbhə!
Nədi ömrümüzün bir adı - cəbhə!
Bizim üçün məzar haradı - cəbhə!
Bizim üçün beşik haradı - cəbhə!

Qoy çıxsın çıxsa da, hər hansı yerdən, 
O necə oğul ki, yaralı olmaz.
Bizim bu torpaqdan, bizim bu eldən, 
Fərari çıxmayıb, fərari olmaz!

İsti ocaq başı, öz evində də
Üşüyən bilir ki, 
Nədən üşüyür.
Əsgər üşüyəndə torpaq qızınır, 
Əsgər qızınanda Vətən üşüyür!

Qoy qalsın sonraya... lap sonralara, 
Hər yoldan ötəni, yetəni sevmək.
Bizim alnımızın yazısı budur:
"Dindən, imandandı Vətəni sevmək!"

Çoxu elə sanır, düşmən bəlkə də 
Çoxdan ölmüş olar, 
qalmaz bu vaxta!
Gəl, hələ səngərdə duraq əsgərim, 
Aylar, sənələrlə duraq əsgərim, 
Bizdən ötəridi bu qopan tufan, 
Bizdən ötəridir bu qar, bu şaxta. 

Çaşıb özgəsinə ərk etmək olmaz, 
Min-min can vermişik, 
can qurtarmayıb!
Vətən səngərini tərk etmək olmaz, 
Necə ki, qar, şaxta
tam qurtarmayıb!

 

KOR DÜYÜN

Yıxdı mərd igidlər düşmən öyünü, 
Kəsdi Qarabağda o Kor düyünü.
Vətən təkcə sənin bu gördüyünmü, 
Təbrizdi, Dərbənddi, Hələbdi Vətən!

Ey şəhid oğluna süd verən anam, 
Mən də bir oğlunam, sana qurbanam.
Haqqı var, desin ki, Azərbaycanam, 
Haqqı var, sevinsin, qalibdi Vətən!

Axır ki, həyat da həyata döndü, 
Nə varsa mərmiyə, barıta döndü.
Əriyib dəmirlər polada döndü, 
Gördülər nə gözəl qəlibdi Vətən!

Çətin olan işi səhmandı daha, 
Dərdinin özü də dərmandı daha.
Mənim doğmamdan da doğmamdı daha, 
Kim deyə bilər ki, qəribdi, Vətən!

Necə daşa dönüb, daş oğlu daşdı
Necə heçə dönüb, heç oğlu heçdi.
Bax, yığın yığındı, leş oğlu, leşdi, 
Elə bilirdilər, ölübdü Vətən!

Qarabağa qılınc qurşayan getsin, 
Qurşasan qılıncı qurşa, can getsin.
İstəyir Ağdamdan, Şuşaya getsin, 
Barat, dur, qarşıla, gəlibdi Vətən!

 

ƏSGƏRƏ MƏKTUB

Əsgərim, bilirəm hardasan indi, 
Hansı sərhəddəsə...
hardasa, öndə!
Mən də qızınıram sən qızınanda, 
Mən də üşüyürəm sən üşüyəndə!

"Düşmən can desə də, düşməndir yenə".
Qılınc çəkilidi... qın açılıdı.
O günü burnumdan qan açılmışdı, 
Eşitdim, yarandan qan açılıbmış.

Sən öz vüqarını əyməyirsən ki, 
O uca boyuntək boyumuz olsun.
Mən də çalışıram, mən də qaçıram, 
Çörəyimiz olsun, suyumuz olsun!

Hansı vicdansızsa deyir bəlkə də, 
Niyə tam yaz olmur... hələ qışdayıq.
Fərqimiz o qədər deyil bəlkə də, 
Eyni döyüşdəyik, eyni işdəyik.

Sərhəd kəndi idi bizim kəndimiz, 
Düzdü, əlim yetmir mənim hələ də...
Qapısın açarsan öz qapın kimi, 
Sən allah, gedərsən bizim evə də!

Evlərin içində evlərin şahı, 
O ürəyim evdi, o gözüm evdi.
"Xarıbülbül" oxur görsən daşında, 
Ondan tanıyarsan, o, bizim evdi!

Vətən sərhədini sən qoru, oğlum, 
Qoru duzumla da, çörəyimlə də.
Sənə göndərəcəm Günəşdən, sənə, 
Nə od, isti varsa ev-eşiyimdə, 
Nə od, isti varsa ürəyimdə də!

 

DOĞANAQ
    (Nəvəm Ayxana)

Düşmən "Boğazın üzərəm",
Derkən, denən, sən də oğul...
Doğanaqdan keçir hökmən, 
Örkən! - denən, sən də oğul!

Qoy söyləsin yalan-palan, 
Oymuş guya fələk-filan.
İtməz babalardan qalan, 
Görkəm, denən, sən də oğul!

Desə mil çəkəcəm yenə, 
Tutub sənin gözlərinə.
Bəsdi gəlsə üzərinə
Kölgəm, - denən, sən də oğul!

Dədənə Boz qurd deyiblər, 
Ya Dədə Qorqud deyiblər.
Hər qarışa yurd deyiblər.
Ölkəm! - denən, sən də oğul!

Allahdan düşən sayəsən, 
Qurandan olan ayəsən.
Düşmən deyir: "Mən hayesəm",
"Türkəm!" - denən, sən də oğul!

 

BAYRAM
        
Bu il bayram edəcək, 
Yasda idi haçandan. 
Görəcək Şuşadadı
Xarıbülbül açanda!

O da itkin düşmüşdü, 
O da qaçqın olmuşdu.
Peşiman etmişdilər, 
Açmamışdan solmuşdu.

Yenə bayram gələcək, 
Görəcəklər, görəcək, 
Adam haraya gedər?!
Adam Şuşaya gedir, 
Şuşa Ağdama gəlir, 
Ağdam Şuşaya gedir.
Belə hara boylanır. 
Durub İsa bulağı
"Təbriz yoldadır" deyir.
Könlümə qonaq gəlir, 
Dəniz yoldadır", deyir.

Durnalar da getməyib, 
Enəcək göy üzündən.
Şeir oxuyacaqdır
Vaqif Cıdır düzündə!

Qayıdıb öz yurduna, 
Ağa, Bəyim gələcək.
İrandakı qəbrindən, 
Ağabəyim gələcək!

Qara bağlamayacaq
Bir çiçəyin sözləri.
Daha ağlamayacaq
Natəvanın gözləri!

Üzeyir bəylə Bülbül
Gəlib belə deyəcək:
"Sənsiz" öldük, ay Şuşa!
Ta "Sənsiz" mahnısı da
Sənli oldu, ay Şuşa!

O bayrama gələcək
Hər kəsin gözü-könlü,         
Yarı - bir gül əlində!

Nə xoşdu qalmaq, Allah, 
O "Xarıbülbül"gildə.
Nə xoşdu olmaq, Allah, 
Olanda yarı bülbül
Yarı bir gül... əlində!

 

QİBTƏ

Mən ürəyə deyəydim
Gərək hər bir sözümü, 
O başa deyənəcən, 
Bu başa deyənəcən!

İsmarıc yollayaydım
Bahara durnalardan, 
O qışa yalvarınca, 
Bu qışa deyənəcən!

Sanki əsrlər keçdi, 
Gəldi fəsillər keçdi, 
Dərdimi o qayaya, 
Bu daşa deyənəcən!

Düşməni yerə gömüb, 
Siz Şuşanı aldınız, 
İgidlər, bir yol dinib
Mən Şuşa deyənəcən!

Məni də götürün bir, 
Nolar, qanadınıza!
Baxdım quş olmuşsunuz, 
Mən quşa deyənəcən!

Qarabağ elə yanıb, 
Dağlar, daşlar su istər, 
Su gözümdən töküldü
Yağışa deyənəcən!

 

ONLAR

Qanlı-qanlı cəhbələri gördülər, 
Başlar üstdə şimşək-şimşək çaxdılar.
İgid-igid - döyüşlərə girdilər, 
Şəhid-şəhid - zirvələrə çıxdılar.

Şirin-şirin canlarından keçdilər, 
Verib-verib torpağa can, daşa can.
Dönə-dönə əlimizdən tutdular, 
Deyə-deyə torpağa "can", "daşa", "can!"

Qoymadılar Vətən qalsın pis gündə, 
Hər birinin varmış bir yox, min dərdi.
Yaraşaraq bu torpağın üstünə, 
Altını da yaraşığa mindirdi.

Qayasına dırmandılar Şuşanın, 
Minə-minə buludunun atına
Ana girdi, bacı girdi, yar girdi, 
Hər şəhidin tabutunun altına!

Nə yaxşı ki, bu torpaqda yenə də
Kişi oldu, olan məlun olmadı.
Sinəsindən yara alan hər əsgər
Elə öldü, ölən məlum olmadı!

 

SƏNGƏR

Ağıllı olmağın vaxtıdır indi, 
Elə dəlinin də həmdəmi olub.
Sənin silahınla aldığın yerlər, 
Mənim qələmimin səngəri olub.

Qeybdən səs gəlir qulaqlarıma, 
Nə əkin vaxtıdır! Əkin əkəsən.
Qoy bu səngərlərə toxunmasınlar, 
Mən bu səngərlərdə əkin əkəcəm!

Vətən, yurd uğrunda tökülürsə də, 
Axır... tökülən qan qanı artırır, 
Dastanlar yazmagın tam zamanıdır.
Qələmi tökülən qana batırıb...

Sənin ayaqların dəydiyi yeri, 
Borcumdu, müqəddəs yerdi, qoruyum.
Bir az da mən durum qarda, sazaqda, 
Vətəni qoruyum, yurdu qoruyum!

Yıxılsan heç zaman can vermə əsgər, 
Dur, döyüş o saat qalxıb ayağa.
Heç vaxt ağarmasın rəngin kağıztək, 
Şeir yazammaram belə varağa!

Dərmanımız torpaq, davamız yurddu, 
Bu dəva - dərmansız kama çatdı kim?!
Yatmışam sən yatan bu səngərə ki, 
Sənin döyüşünü davam etdirim!
        

MƏNİM HAQQIM

Yurd oda düşəndən oda düşmüşəm, 
Yurd kimi alışmaq mənim haqqımdır.
Uğrunda hər yetən çalışa bilməz, 
Vuruşmaq, çalışmaq mənim haqqımdır.

Görən deyir, gərək sən yaşayasan, 
Atanın torpağı can yaşayasan.
Yaradan yaradıb... dən daşıyasan, 
Dən səpmək qarışqa, mənim haqqımdır!

Natiqmi olar ki, pəltək hıqqansa, 
Sənin də dilin var nadan, hıqqan da!
Hiqqanmaq, zıqqanmaq sənin haqqınsa.
Vətəndən danışmaq mənim haqqımdır!

 





29.11.2021    çap et  çap et