Məlum olduğu kimi noyabrın 26-da Soçi şəhərində Rusiya, Azərbaycan, Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu, Qarabağ müharibəsi başa çatdıqdan sonra ikinci üçtərəfli görüş idi. Bundan əvvəl liderlər təxminən bir il əvvəl, 2020-ci il 11 yanvar tarixində görüşmüşdülər. Görüşün sonunda birgə bəyanat qəbul edildi. Vurğulamaq lazımdır ki, 26 noyabr 2021-ci il tarixli Soçi bəyanatı əslində Prezident İlham Əliyevin son bir il ərzində səsləndirdiyi tezislərin üzərində qurulub. Sənəddə 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiqlik ifadə edilir.
Xatırladaq ki, bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul edilib ki, bu da məhz Zəngəzur dəhlizini nəzərdə tutur. Heç bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bu sənəddə əksini tapıb. Bəyanatın qəbul edilməsi eyni zamanda digər vasitəçiləri, xüsusilə də Paşinyanın daim prosesə cəlb etmək istədiyi ATƏT-in Minsk qrupunu kənarda qoyur. Onlar artıq formal xarakter daşıyır. Hazırda prosesdə Rusiyanın daha aktiv vasitəçilik missiyası həyata keçirdiyini görürük. Bu məsələdə prinsipal mövqe göstərən Rusiya post-sovet məkanda qaynar münaqişələrdən birinin həllində vasitəçi olmaqla öz beynəlxalq imicini yaxşılaşdırmaq və nüfuzu gücləndirmək istəyir.
Soçi görüşü, həmçinin Rusiya ilə Azərbaycan arasında əlaqələrin də yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Vladimir Putinlə İlham Əliyev arasında xüsusi münasibətlərin olması onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya meyillərin kəskin artdığı Ermənistana ünvanlanmış ciddi xəbərdarlıq idi. Ümumilikdə, Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi idi. Bu görüşdə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam müşahidə olunmadı.
Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə “dəhliz” ifadəsini işlətməklə Zəngəzur dəhlizi layihəsinin dəstəklədiyini nümayiş etdirdi ki, Ermənistan artıq bundan sonra qeyd edilən məsələ üzərində “oynaya” bilməyəcəyinin fərqində olmalıdır.
Mövzunu şərh edən politoloq Qabil Hüseynli deyib ki, Soçi görüşü demək olar ki, sülhyaratma proseslərinin bünövrəsini qoydu. Əlavə edib ki, bu prosesin əsas amillərindən olan sərhədlərin demarkasiyası və delimitasiyası barədə xüsusi komissiya yaranması və onların işə başlaması haqqında qarşılıqlı razılaşma oldu: “Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində uzun müddətdir ki, kommunikasiyaların açılması ilə bağlı danışıqlar aparılırdı. Baş nazirlərin apardıqları danışıqlar nəticəsində kommunikasiyaların açılmasına dair bir neçə variantda təkliflər hazırlanıb və onlar nəzərdən keçirilib. Yekun olaraq bu məsələdə müəyyən fikrə gəlinməsə də, hər halda sonrakı görüşə qədər tərəflər mövqelərini müəyyənləşdirəcək. Sülh sazişinin imzalanmasına da start verilməsi barədə fikirlər olub. Burada Rusiyanın mövqeyi ondan ibarətdir ki, bütün bu mübahisəli məsələlərinin həll edilməsi işi sürətləndirilsin. Sülhyaratma prosesinə dair Qərb dövlətlərinin müdaxiləsini nəzərə alaraq Rusiya, sülhyaratma prosesinin sürətləndirilməsi barədə xüsusilə fəal görünür, Putinin davranışları bunu sübut edir. Beləliklə, belə görünür ki, bütün məsələlər üzərində konsens razılığa gəlmək üçün işlərin sürətləndirilməsi barədə yekdil fikirlərə gəlinib. Sonrakı addımlar barədə komissiyalar və s. yaradılıb, bunlar iki qaydada razılaşdırılacaq. Sonrakı Brüssel görüşünə də imtina edilmir. Avropa İttifaqı Şurasının prezidenti milliyyətcə fransız olan Şarl Mişelin rəhbərliyi altında dekabrın 15-də orada görüş olacaq. Mənim fikrimcə, bu görüş formal xarakter daşıya bilər. Bütün məsələlərə daha məqsədyönlü baxış Soçidə baş verdi. Soçi prosesi bundan sonra iki ölkə arasındakı münasibət və digər məsələlərin razılaşdırılması işində əhəmiyyətli bir hadisə ola bilər və bu proses tarixə düşə bilər”.
PƏRVANƏ
çap et