525.Az

“Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb”


 

“Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb”<b style="color:red"></b>

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən 15-ci Zirvə toplantısı üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, qurumun beynəlxalq aləmdə nüfuzunun artması baxımından əhəmiyyəti ilə yadda qaldı. Zirvə görüşünün yekununda qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.

Azərbaycanın İƏT-in fəal üzvlərindən biridir. Ümumiyyətlə, ölkəmiz bütün regional və beynəlxalq platformalarda öz fəallığı ilə seçilən dövlətlərdəndir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Qoşulmama Hərəkatında təmsil olunurlar və üzv dövlətlər arasında səmərəli əməkdaşlıq qurulur. Vurğulamaq lazımdır ki, İƏT-in daha da təkmilləşdirilməsi məsələsində Azərbaycanın xüsusi rolu var. Hələ 2002-ci ildə İstanbulda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə ulu öndər Heydər Əliyev təşkilatın Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Təşkilatın 2006-cı ildə Bakıda keçirilmiş 9-cu Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında isə İƏT-in Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə görüşündə Mərkəzin nizamnaməsi imzalanıb ki, bunun əsasında İƏT-in Tədqiqat Mərkəzi tezliklə Bakıda fəaliyyətə başlayacaq. 

Zaman sübut edir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar vaxtı gəldikcə həyata vəsiqə qazanır. Bakıda fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin əsas məqsədi isə iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İqtisadi Əməkdaşlıq Təşkilatı və üzv ölkələrə yardım etməkdir. Bu və digər regional, eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış edən Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Buna töhfə verəcək növbəti böyük bir uğurun-Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. 

Soçi görüşündən sonra Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi bir daha təsdiq edir ki, bu, yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək və təşkilata üzv ölkələr bu dəhlizdən böyük fayda götürəcəklər.

Prezident İlham Əliyev hər zaman bütün platformalarda olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatın tribunasından da Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində bütün şəhər və kəndləri, o cümlədən, mədəni, dini irs abidələrini yerlə-yeksan etməsinə diqqət çəkməklə Prezident İlham Əliyev bunun bütün müsəlmanlara qarşı təhqir və nifrət olduğunu, tarixin və olanların isə unudulmadığını bir daha bəyan etdi. İşğala məruz qalmasına baxmayaraq Azərbaycan bu gün qalib ölkə olaraq davamlı sülh və təhlükəsizlikdə maraqlıdır. 

Azərbaycanın nailiyyətlərinin beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Bunu Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın mövqelərinin ildən-ilə daha da gücləndirməsinə də sübut edir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və digər mühüm beynəlxalq statistik göstəricilər əsasında Azərbaycanın xarici sərmayələr üçün açıq və cəlbedici ölkəyə çevrilib.

Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı bildirib ki, Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Azərbaycanın fəal münasibətdə olduğu beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Deputat əlavə edib ki, İƏT-in əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. “Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni reallıq yaradan Azərbaycan məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etdi və kommunikasiyaların açılmasının vacibliyini önə çəkdi. Soçi görüşündən sonra Ermənistan bu çağırışlara artıq müsbət reaksiya verməyə başlayıb. Bu da regionda sülh və təhlükəsizliyin təmin olunması və region ölkələrinin inkişafı üçün çox əhəmiyyətlidir”. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan C.Məmmədov ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində sərmayə üçün münbit şəraitin yaradıldığını bildirib. Bunu Dünya Bankının “Doing Business” hesabatı təsdiq edir. Hesabata əsasən xarici sərmayələr üçün açıq və cəlbedici ölkəyə çevrilən Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

O, sammitdə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəaların öz əksini tapdığını vurğulayıb: “Aşqabad sənədində Azərbaycan xalqına və hökumətinə işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ünvanlanıb. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Hesabatlarda Zəngəzur dəhlizindən danışılması bu layihənin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir”.

Pərvanə

 





29.11.2021    çap et  çap et