525.Az

Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar


 

Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar <b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb. Bu istiqamətdə növbəti tədbir Yevlax, Ucar və Kürdəmir rayonlarında keçirilib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, məlumatlandırma sessiyalarının məqsədi yeni aqrar subsidiya qaydaları ilə bağlı fermerləri məlumatlandırmaq, payızlıq əkinlər barədə məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi prosesini sürətləndirməkdir.

Payızlıq əkinlərin bəyanı prosesi 1 sentyabr – 30 dekabr tarixlərini əhatə edir. Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidir. Əkin məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir. Öz əkinlərini son müddəti gözləmədən EKTİS-də bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alır və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə edə bilirlər.

Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, aqrar sığorta sisteminin geniş tətbiq olunması ilə əlaqədar bu mexanizmin kənd təsərrüfatına subsidiyaların verilməsi prosesi ilə uzlaşdırılmasına başlanılıb. 2022-ci ildən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Subsidiyaların alınması üçün aqrar sığorta tələbi buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkilərinə şamil edilib.
 

 





29.11.2021    çap et  çap et