525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı<b style="color:red"></b>

"Azərbaycan" jurnalının noyabr sayı işıq üzü görüb. Jurnal Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. Jurnalın sözügedən sayı Rəşid Faxralının "Qələbəyə salam olsun" adlı lirik poeması ilə başlanır. 

Jurnalın nəsr hissəsində Zahid Sarıtorpağın "Qiyamət qaziləri" roman-pritçası, Vahid Məhərrəmovun "Dəniz gözlü qız" və "Sevgi məktubları" hekayələri yer alıb.

Poeziya bölməsində Ramiz Qusarçaylının "Vətən" poemasının son hissəsi, Nazim Əhmədli, İntiqam Yaşar, Dəyanət Osmanlı, Nəzakət Məmmədova, Güləmail Murad, Sehran Allahverdi, Gülnarə Sadiqin şeirləri təqdim olunub.

Dramaturq Əli Əmirlinin 6 səhnədən ibarət "Bircə addım" pyesi də jurnalın bu sayında dərc edilib.

"Nizami Gəncəvi - 880" başlığı altında Nüşabə Araslının "Beş inci"nin sonu", Yaqub Babayevin "Nizaminin imanı və inamı", Paşa Əlioğlunun "Mənzərə Məmmədovanın nizamişünaslıq fəaliyyəti" adlı məqalələri noyabr sayında işıq üzü görüb.

Rahid Ulusel "Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi" adlı yazısında məsələ ilə bağlı özünün ədəbi görüşlərini ortaya qoyub.
"Əlincədə ətir saçan qızılgül" adlı yazıda Vaqif Yusifli Adil Qasımlının şeirləri haqqında düşüncələrini oxucularla bölüşüb.

Jurnal, ənənəvi olaraq, "Kitab rəfi" bölməsi ilə yekunlaşır.

Nadir YALÇIN
 

 





30.11.2021    çap et  çap et