525.Az

Virusu pulla yola gətirmək... - Sosial şəbəkədə yazılanlar


 

Virusu pulla yola gətirmək... -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Günel Mövlud, yazıçı:

- 1875-ci ildə Parisdə "Karmen" operasına gələnlər zaldan hiddətlə çıxmışdılar. Daima şahzadə qızların, ilahələrin, məsum qızların çıxdığı opera səhnəsinə ilk dəfə idi ki, baş qəhrəman rolunda fahişə çıxırdı. Fransa hiddət içində idi.

Hərçənd, o zaman bütün Avropa əxlaq anlayışı artıq Volter, Didro, Russo kimi insanmərkəzçi filosofların ələyindən keçmişdi. Hətta bir neçə il idi ki, Hüqo kənddə soyuqdan donan qızına isti paltar almaq üçün saçlarını və dişlərini satan fahişə Fantinanı məsumluq mərtəbəsinə qaldırıb, kütlələr sevdirmişdi. Avropa cəhənnəm, Dostoyevski qəhrəmanı Raskolnikov fahişə Sonya Marmeladovanın qarşısında diz çöküb, "mən sənin deyil, sənin əzabların qarşısında diz çökürəm!" demişdi. 

Çifayda, opera kimi akademik sənət səhnəsinin "fahişələr yığnağı" olmasına Fransa hazır deyildi. Qalmaqal elə böyük, opera müəllifi Bizeyə nifrət nitqi o qədər güclü idi ki, bəstəkarın ürəyi partlayıb öldü. 

İşin ən əjdaha tərəfi budur ki, o illərdə bütün Avropanın alman bəstəkarı Vaqnerin ağır musiqisi altında əziləndə, Vaqnerin müasiri filosof Nitsşe təxminən "Vaqner qələt edir, əsl Avropa operası elə "Karmen"di" demişdi. Orası da var ki, Nitsşenin Vaqnerə qarşı güclü nifrəti vardı, bəstəkarın merkantilliyi, qadınları öz ehtiraslarına və maraqlarına alət etməsi Nitsşeni iyrəndirirdi. 

Mən "Karmen"ə ötən il, lokdaun ərəfəsində baxdım. Bir çox Avropa operaları quruluşlarını canlı yayımlayırdılar və biz də kef edirdik. Amma "Karmen"də məni tutan Eskamilyonun kupletləri oldu. Sözlərini anlamasam da, hiss edirdim ki, bu enerji, bu nəfəs nəsə libido, nəsə şəhvət məsələsidir. Ərinmədim, rusca librettodan tapıb, sözlərini oxudum və anladım ki, əşi nə şəhvət ee, bunlar əməlli-başlı....

Nə isə. Zarafat bir tərəfə. Sizə Eskamilyonun kupletlərini ən uğurlu hesab etdiyim ifada paylaşıram. Az qala on nəfər fərqli ifaçıdan dinlədim, ən dəhşətlisi Xvorostovski müəllimdir. Hətta ərinmədim, bu hissəni bir neçə dəfə ifa etmiş müəllimin ən uğurlu ifasını tapdım. 
Sözlərdən bir parça:

Dostlar, alqışlarınızı qəbul edirəm.
Mən də sizin kimi cəsur əsgərəm.
Öküz döyüşləri də tamaşa deyil, döyüşdür.
Cəsur ol, Toreador! İrəli!

Bil ki, ispan qızlarının şəhvət dolu gözləri səni izləyir.
Səni sevgi gözləyir, Toreador! Səni sevgi gözləyir.

***

Aida Qasımova, professor:

- Dostlar, deməli, İngiltərəyə pandemiya dövründə səfər etməyin öz qaydaları var. Ölkələr 3 qismə bölünür: yaşıl, narıncı, qırmızı. Ən çətini qırmızı siyahıdır. Qabaqcadan Londonda göstərilən oteldə bir günü 250 funt-sterlinqə (təxminən 550 AZN) otaq tutub 10 gün karantində qalmalısan. Azərbaycandakı kimi nə pulsuz otel, nə də 3 dəfə pulsuz yemək söhbəti var. Əgər narıncı (amber) siyahıda olan ölkədən (məsələn, Azərbaycandan) gəlirsənsə, onda öz mənzilində 10 gün özünü təcrid  şəraitində qalmalısan. Amma əgər 150 funt-sterlinq ödəsən, onda 10 gün deyil, 5 gün özünü təcriddə qalırsan. Bu, virusu pulla yola gətirməyə bənzəyir, deyilmi? Azərbaycanda belə bir qayda olsa, TƏBİB-i köçürdərik.

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Mobil telefonun ən müxtəlif modifikasiyalarının meydana çıxmasına baxmayaraq, artıq dünya çapında rəsmi ünsiyyətin əsas vasitəsi elektron məktublardır (e-mail). Beynəlxalq təşkilatlarda fərqli mərtəbələrdə, hətta qonşu otaqlarda oturan əməkdaşlar da işgüzar ünsiyyəti əsasən e-maillər, yazılı mesajlar vasitəsi ilə aparırlar. Çünki hər e-mail artıq yazılı sənəd statusu qazanır, söz kimi havaya uçub unudulmur.  "Dear Sir/Madam" ("Əziz cənab/xanım") sözləri ilə başlanıb "Faithfully yours/Best regards" ("Sizə sadiq/Ən xoş salamlarla") sözləri ilə bitən bu məktublarda məsələnin məğzi lakonik şəkildə izah olunur.

İllər öncə qədim və vəzifəli bir dostumla müştərək layihə üzərində işləyirdik. Tez-tez fikir mübadiləsi aparmaq, yazışmaq lazım gəlirdi. Bilmirəm, dostum İnternetdən istifadə edə bilmirdi, yoxsa belə xırda şeylərə vaxt itirmək istəmirdi - işi katibəsinin öhdəsinə buraxmışdı. Bu katibənin saymazyana tərzdə, müraciətsiz, salam-sağolsuz, əmr tonunda yazdığı e-maillər türklər demiş, moralımı o qədər pozdu ki, əslində  çox faydalı olacaq layihə başa çatdırılmamış qaldı...

Hər dəfə nəşriyyat və redaksiyalardan adsız "Müəllim..." müraciəti ilə başlayan elektron məktublar alanda yazıram ki, filan xanım, yaxud bəy, "müəllim" müqəddəs peşənin adıdır. Onu "ayə" tipli ucuz müraciət formasına çevirməyin. Müəllimi ən azı şəxsin adının sonuna əlavə edin.  Müraciət və yazı mədəniyyəti, məmur mədəniyyəti cəmiyyətimizdə həllini gözləyən məsələlərdəndir. Bəzən, hətta əski zamanların "yoldaş" kəlməsi üçün darıxmalı olursan (Yeri gəlmişkən, "yoldaşlar" sözündən müraciət forması kimi hələ XIV əsrdə Nəsimi istifadə etmişdi).

***

- 1920-ci illərin başlanğıcında proletkultçular köhnə nə varsa hamısını yıxıb-yaxmaq, Sovet üslubunda yenidən qurmaq fikrinə düşmüşdülər. Bu ağılsızlıq böyük Nizami Gəncəvidən də yan keçməmişdi. Azərbaycan Arxeologiya Cəmiyyətinin Gəncə şöbəsinin fəalları 1922-ci ildə onun məzarını açıb nəşini çıxarmış, Gəncənin mərkəzində dəfn edib üzərində yeni məqbərə tikmək, qarşısında isə şairin heykəlini ucaltmaq qərarına gəlmişdilər.  Məqbərəni tikə, heykəli qoya  bilməsələr də, goreşən kimi qəbri dağıtmağa imkan tapmışdılar. Kim bilir, bəlkə də bu fəalların önündə  qəbir dağıtmağa patoloji sevgisi olan ermənilər gedirmiş. Yalnız  Bakı məsələdən xəbər tutandan sonra şairin nəşinin qalıqları yenidən əvvəlki yerində dəfn olunmuşdu...

Belə-belə işlər...

***

Şahbaz Xuduoğlu, naşir:

- Doğrusu, Gəncədən bunu gözləmirdim. Gəncə Kitab Sərgisinə hazır deyilmiş... Adam çox azdır, kitabla maraqlanan da yoxdur. Əcaba bu, nəylə bağlıdır?

***

Azər Ayxan, jurnalist:

- İzlədiyim Amerika serialından bir dialoqu olduğu kimi bura yazıram. 

Qadın jurnalist: 

- Bir qəzetçi olaraq mənbəni gizli saxlamaq haqqımdır.

Gizli agent-dedektiv: 

- Qəzetçimi? Ah, nə günlərə qaldıq. İnternetə bağlı bir kompüteri olan Tom, Dik və ya Salli özünü qəzetçi zənn edir. Halbuki soyadlarını belə istifadə etmirlər...

Amerika da eyni dərddəymiş. Eynən bizim kimi. Orda da sintetik jurnalistika, süni qəzetçilik peşəkarlara və peşəkarlığa mane olmağa başlayıb. Klassik jurnalistika küncə sıxışdırılmış duruma düşüb. 

Amma bu "internetə bağlı kompüter" bəlasını amerikalılar bəşəriyyətə pərçimləyib. Özlərini də, hər kəsi də torta salıblar.

***

Elçin Alıoğlu, jurnalist:

- Ölkədə yeni "dəb" yaranıb. Az qala, məhəllədəki baqqal dükanı da "Zəfər" mükafatları paylayır, təqdimat keçirir, sonra da arınmadan və utanmadan Suvorovun əsgərinin portyankası boyda "mətbuat üçün bəyanat"lar verirlər, fotolar paylaşırlar.

Tragikomediya o həddə çatıb ki, kimin necə və nəyin müqabilində "seçildiyi"nin bəlli olduğu "gözəllik müsabiqə"lərinin təşkilatçıları da bu işə daraşıblar.

Yaxşı, bu möhtəkirlərin və manıs şüurluların davranış motivasiyasını anladım.

Orada "mükafat" alıb dişini ağardaraq kamera qarşısına keçənləri də başa düşməyə çalışdım.

Bəs cəmiyyətdə tanınan, az-çox çəkisi olanlara nə gəlib belə bayağı, ucuz mərasimlərə qatılırlar?

Zəfər möhtəkirlərin, təlxəklərin, "bloqer", "ictimai sima" və ilaxır kimi sırınan bambılıların deyil - o Zəfəri qazananların, can və qan bahasına qələbə əldə edənlərindir.

***

Aqşin Kərimov, jurnalist:

- Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyana təqdim etdiyi suvenirdə zeytun budağı təsvir edilib. 
Bəzi məlumatlar: 

- Zeytun budağı simvolu bir çox mədəniyyət, din, siyasi hərəkatlar, fərdlər üçün sülh və harmoniyanı simvolizə edir;

- Qərb sivilizasiyasında zeytun budağının sülh simvolu kimi istifadə edilməsinin tarixi eramızdan əvvəl 5-ci əsrə gedib çıxır;  

- Zeytun budağı yunan sülh ilahəsi Eirenenin atributlarından biridir; 

- Yunan mifologiyasında Afina tanrıçası zeytun ağacını Afina xalqına bağışlayır. Onlarda minnətdarlıq əlaməti olaraq şəhərə Afina adını verirlər.

***

Mir Səməd, jurnalist:

- Deyirlər, telefon oğurluğu son illər bütün dünyada sürətlə azalır.

Bilirsiniz niyə?

Çünki heç kəs telefonu əlindən yerə qoymur, oğru nətəhər aparsın onu?.. 

Vallah manyak olmuşuq. Mənim burda tanışlarım var, günə səkkiz status yazırlar. Necə bacarırlar bunu? Dünən bir neçə saatlıq telefonu söndürdüm, inanın, adama elə rahatlıq gəlir, diqqətini konsentrasiya edə bilirsən, ətrafdakı yaxınlarına daha çox vaxt ayırırsan...

Arada sınayın, "Çox sağ ol" deyəcəksiz.

***

Ağa Cəfərli, jurnalist:

- "Səs Azərbaycan"nın video yazılarına baxıram. Deməli, iştirakçılardan biri Mübariz Tağıyevin "Bir sabah" mahnısını oxuyur - sözləri Vaqif Səmədoğluna, musiqisi Eldar Mansurova məxsus olan, "Bəxt üzüyü" filminin sonunda səslənən. Münsiflər isə bunun hansı mahnı olduğunu bilmir, iştirakçıdan soruşurlar. Yaxından-uzaqdan musiqi ilə əlaqəsi olan azərbaycanlının bunu bilməməsi ayıbdır, vallah. Xüsusilə də Brilyant Dadaşova kimi bir ulduzun, sənətkarın. Ümumiyyətlə, münsiflər heyətinin Azərbaycan mahnılarına etinasızlığı var sanki, bu səbəbdən də iştirakçılar daha çox xarici mahnılara üstünlük verirlər.

***

Afaq Vasifqızı, jurnalist:

- Belə bir maraqlı fakt.

İkinci Dünya müharibəsi vaxtı bizim legionerlərdən ölənlər olur. Yoldaşlar qərar verirlər ki, ölənləri müsəlman qaydasıyla basdırsınlar. Birtəhər qiblənin yerini tapırlar. Amma görürlər heç kəs dua-filan bilmir. Məcbur olub "Leyli və Məcnun"un uvertürasını xorla oxuyurlar. Bu musiqilə ölüləri dəfn edirlər.

Belə əvəzsiz dahi sənətkar olub Üzeyir bəy... Hər an qəlbimizdədir.

***

İlqar Əlfioğlu, jurnalist: 

- Dünən hansı kanaldasa bir cavan, dörd medal almış döyüşçünü göstərirdilər. Deyirdi ki, mən qazilərimizin haqqına girə bilmərəm. Dediyindən belə nəticə hasil oldu ki, əlil olmadığı üçün, özünü qazi saymır...

Cəmiyyətdə bu yanlışlıq yayıla-yayıla gedir.

"Qazi"  "qəzavat" sözündəndir, o da, cahadın sinonimidir, müqəddəs savaş nəzərdə tutulur. Müqəddəs savaşda vuruşmusansa, artıq qazisən, ağır yaralansan - əlil, döyüşdə ölsən - şəhidsən.

Bunu təkrar-təkrar aydınlaşdırmağa ehtiyac var...

***

Fazil Mustafa, millət vəkili:

- QISACA FUTBOL BARƏDƏ

"Qarabağ"ımızın dünənki oyunu möhtəşəm idi. Çox bəyəndim. Bütün oyunu qətiyyətlə, inamla və ağılla rəqibin üzərində basqı qurdular. Yüksək dinamizm, oyuna tam hakim olma qabiliyyəti məni sevindirdi. Nəticəyə baxmayın, bu cür oyunlarda təsadüflər baş verir.  Rəqibin üç epizodu, ikisi qol oldu. Üstəlik, hakim də sanki "Bazel"in marağını düşünərək davranırdı. Eyni epizodda "Qarabağ"a qarşı 11 metrəlik cərimə zərbəsi təyin edirsən, lakin "Omoniya"ya etmirsən. Vurulan qol da tərtəmiz idi və açıq-aşkar məqsədli şəkildə qolu ləğv etdi. Əslində, bu cür oyunlarda şans amilinin təsiri də böyük olur. Ancaq "Qarabağ"ın son oyuna "Bazel"lə qələbədən başqa nəticə barədə düşünmədən çıxması özlüyündə daha yaxşıdır. Çünki bir çox hallarda qafanda heç-heçəyə oynamağı düşünərkən, qələbəni də əldən vermiş olursan. İndi isə daha rahat və aydın hədəf üzrə oynayacaqlar. Hədsiz maksimalist olmayaq, "Qarabağ" vaxtından əvvəl qrupdan çıxmağı təmin edib, üstəlik də, hər hansı bir matçı da uduzmayıb, bütün oyunlarında da rəqiblərdən aşkar üstün oyun sərgiləyib. Bizə nə lazımdır, diri, mübariz, sabit sistem futbolu oynayan, üstəlik də, dar kadr bazası ilə də olsa sınıb-tökülməyən bir komandamız var. "Bazel"i də orada devirəcəyik, inanıram. Dövlətlərdə olduğu kimi, futbolda da idarə edən komutanın düşüncə yapısı çox önəmlidir. Sağlamdırsa, uğur qazanacaqsan. Qurban hansı həmləni nə zaman edəcəyini yaxşı bilir. Yeri gəlmişkən, gənc futbolçu Tural Bayramovun və dəyərli qapıçı Şahruddinin qapımıza vurulan qola görə pərtliyinə üzüldüm. Hər bir məğlubiyyət gələcəyin qələbələri üçün ibrət rolunu oynayır. "Qarabağ"ın məsuliyyətini daşıyan əsgər kimi, futbolçu da bizim üçün dəyərdir, Allah sizlərə daha böyük qələbələr nəsib etsin!
 

 





30.11.2021    çap et  çap et