525.Az

Ağdamın turizm potensialı - Şəfəq Hüseynqızı yazır


 

Ağdamın turizm potensialı -<b style="color:red"> Şəfəq Hüseynqızı yazır</b>

Şəfəq HÜSEYNQIZI
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent  

Son zamanlar Azərbaycanda turizmin inkişafı ilə bağlı genişmiqyaslı işlər görülməsinə baxmayaraq, son bir ilədək işğal altında olduğuna görə bu proseslərdən kənarda qalıb. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan bütün iqtisadi sahələrdə olduğu kimi, turizm sektoruna da ciddi ziyan vurub. İşğaldan azad edilmiş ərazilərimizdə turizm infrastrukturunun qurulması vacib şərtlərdən biridir. Bu ərazilərin turizm potensialı da çox zəngindir.

Bildiyiniz kimi, Qarabağ təkcə Azərbaycanın tarixi xüsusiyyətləri, milli-mənəvi dəyərlərinin məkanı deyil, həm də gözəl təbiət diyarıdır. Sovet dövründə tikilən sanatoriyalar və istirahət mərkəzləri müalicəvi xüsusiyyətlərinə görə məşhurlaşmışdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində Ermənistanı məğlub edib parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı düşməndən azad etdi. Bununla da ölkəmizin iqtisadi inkişafında yeni perspektivlər açıldı. Bu mənada azad edilmiş bölgələrdə turizmin inkişafı daha cəlbedici görünür.

İşğaldan azad edilmiş Ağdam rayonu füsunkar təbiəti ilə tanınan Qarabağın mərkəzində yerləşir. Ümummilli lider Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə bir neçə dəfə Ağdamda olmuş, şəhər və kəndləri gəzmiş, əməkçilərlə görüşüb, onlarla səmimi söhbət etmişdi. Ulu öndər o illər Ağdamda olarkən demişdi: "Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun".

Hələ Sovet dövründə Ağdamda bir çox infrastrukturlar inkişaf etmişdi. Ağdamda məişət-xidməti kombinatı; kənd təsərrüfatının mexanikləşdirilmə və elektrikləşdirilməsi müəssisəsi, metallurgiya, yeyinti, emal, əczaçılıq müəssisələri fəaliyyət göstərmişdi. Rayonda iki dəmir yolu vağzalı, hava limanı və magistral yollar mövcud idi. 

Ağdam erməni işğalından əvvəl zəngin turizm potensialına malik idi. Dağlıq və dağətəyi ərazilərdə yerləşən rayonda çoxsaylı müalicəvi mineral bulaqlar, zəngin təbiətə malik Gülablı və Şelli kəndlərində sanatoriya, habelə, Şahbulaqda turizm bazası var idi. Bu turizm və müalicə müəssisələri Azərbaycanı dünyada tanıtmaqla bərabər, həm də dövlət büdcəsinə böyük gəlir gətirirdi.

O dövrlərdə kurort və istirahət mərkəzləri turistləri öz gözəllikləri ilə yanaşı, müalicəvi xarakterinə görə də cəlb edirdi. Ağdamın Gülablı kəndində 100, Şelli kəndində 50, Şahbulaqda 40 yerlik istirahət-müalicə obyektləri fəaliyyət göstərirdi.

Ağdam rayonunun işğaldan azad edilməsi yeni iqtisadi təşəbbüsləri canlandırır. Rayon ərazisi əkinçilik və heyvandarlıq təsərrüfatlarının yaradılması, sənaye bölgəsinin formalaşması, turizmin inkişafı üçün geniş perspektivləri əks etdirir.

Ağdamın əlverişli iqtisadi və coğrafi mövqeyi, bənzərsiz təbii və iqlim xüsusiyyətləri, münbit torpaqları, zəngin ehtiyatları, qeyri-adi flora və faunası ölkənin turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açır. Bu ərazilərə qoyulan investisiyalar bu sahənin iş adamları üçün böyük imkanlar yaradacaq. 

Tezliklə Ağdam Azərbaycanın əsas turistik məkanına çevriləcəkdir. Ağdamın tarixi abidələri və bənzərsiz memarlığı yeni turizm marşrutları yaradacaq. Bu da turizmin inkişafı üçün çox faydalı olacaq. 

Ağdamın tarixi-memarlıq abidələri Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilməsinə baxmayaraq, Azərbaycan Prezidentinin fərman və sərəncamları çərçivəsində bərpa işlərinə başlanıb.

2021-ci ilin mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib ki, artıq şəhərin yenidən qurulması üçün lazımi infrastruktur layihələrin hazırlanması, sosial obyektlərin və inzibati binaların tikintisi, yolların çəkilməsi və digər lazımi işlər görülməyə başlanıb.

Dövlət başçısı həmçinin, çıxışında qeyd edib ki, 140 illik tarixi olan 1 saylı orta məktəbin, eləcə də iş yerlərinin yaradılması və yüzlərlə insanın işlə təmin olunması üçün ərazisi təqribən 200 ha yaxın olan Ağdam Sənaye Parkının təməli qoyulub.

Səfər çərçivəsində yaxın gələcəkdə istismara veriləcək Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub. Həmçinin, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.

Səfər zamanı Prezident İlham Əliyevə yeni muzeylər haqqında da məlumat verildi. Ümumi sahəsi 22,5 ha olan Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaqdır. Köhnə Çörək muzeyi burada təkrar bərpa ediləcəkdir.

Rayonun təbiətinin rəngarəngliyi və gözəlliyi, mədəni irsinin, tarixi-memarlıq abidələrinin zənginliyi daima şöhrət tapmışdır. Hal-hazırkı zamanda isə Ağdamın turizm potensialının dünyaya tanıdılması istiqamətində maarifləndirici işlərə, rayonun turizm imkanlarından faydalanmaq üçün ilkin araşdırmalara başlanılıbdır. Ağdamda turizmin inkişafı bölgənin sürətli iqtisadi dirçəlişinə müsbət təsir göstərəcəkdir.

Ağdamın Azərbaycanda turizm sənayesinin inkişafı üçün çox zəngin resursları vardır. Bu, ilk növbədə çox əlverişli iqtisadi və coğrafi mövqeyə bağlıdır.

Rayonda təhlükəsizliyin təmini,  əhalinin geri dönüşü və infrastrukturlar tam yaradıldıqdan sonra yeni turizm məhsulları turistlərə təqdim ediləcəkdir. Birinci mərhələdə əsas istiqamət daxili turizmin təşkili olacaqdır. İlk mərhələdə Ağdamda daha çox ziyarət xarakterli turizm, daha sonra, infrastruktur tam bərpa olduqdan sonra isə istirahət turizminin təşkili planlaşdırılır. 

Turistləri Ağdama cəlb etmək üçün Zəfər marşrutu üzərində işlənilir. Bu turizm növü "qara turizm" adlanır. İşğal nəticəsində dağılan tikililəri göstərmək üçün nəzərdə tutulmuşdur. Bununla da bu ərazilərə gələn turistlərə erməni vəhşiliyinin çox az qismini göstərmək olar. 

Ağdamda turizmin bir çox növünün (eko, dağ, qış, ovçuluq, dini, sağlamlıq və s.) inkişafı üçün böyük imkanlar vardır. Təbii sərvətlərlə zəngin olan Ağdamda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm və yaşıl turizm təşkil edilə bilər.

Gözəl turizm məkanı olan Ağdam ekoturizm, dağ turizmi, tibbi və mədəni turizm potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlişinə töhfələr verəcək.

Rayon ərazisində olan iqlim-balneoloji şərait, dağ meşələri, kurort məqsədləri üçün istifadə edilən mineral bulaqlar sayəsində Ağdamda ekoturizmi sürətlə inkişaf etdirmək olar. Bundan əlavə, digər müalicəvi sular bölgənin işğal olunmamış ərazilərində qalmaqdadır. Buna misal olaraq Quzanlı kəndi ərazisindəki Çullu duzlu suyu göstərmək olar. İçməli su üçün qazılan quyudan indi də gur müalicəvi su hədər yerə axır. Təəssüf ki, 1952-ci ildə qazılan quyu hələ də istifadə olunmur.

Ağdamda mövcud olan əlverişli coğrafi şərait, adət-ənənələr, qonaqpərvərlik kənd yaşıl turizminin inkişafına əlverişli şərait yaradır. Ağdam rayonu aqroturizm üçün ideal məkandır. Daha sonralar kəndlərdə yaşayan gəncləri aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi yeni peşə və ixtisaslara həvəsləndirmək mümkündür. Kənd turizmi həm kənd təsərrüfatı üçün yaxşı mənbədir, həm də yeni iş yerləri və kəndlilər üçün əlavə qazanc deməkdir. Kənd turizminin inkişafı ilə əhalinin məşğulluq səviyyəsini qaldırmaq olar. 

Onun ərazisindən axan çaylar da rafting (raft adı verilən qayıqları avar vasitəsilə idarə edərək, çay boyu qayaları və maneələri aşaraq devrilməməyə çalışmaq) üçün çox əlverişlidir.

Zamanla turist sayının artması, fəal istehlak turizm bazarının yaranmasına, turizm sahəsi üzrə məhsul istehsalının və yerli turizm sənayesinin investisiya cəlbediciliyinin artmasına səbəb olacaqdır. Turistlərin tələbatları nəticəsində istehsalın və satışın həcmi artdıqca bölgədə turizm sənayesinə uyğun yeni obyektlər (otellər, istirahət və əyləncə mərkəzləri, iaşə müəssisələri və s.) tikilə bilər. 

Ticarət mərkəzlərinin yaradılması üçün Ağdamın özünəməxsus perspektivi vardır. Topdan və pərakəndə satış məntəqələrinin açılması ilə əhalisini işlə təmin etmək mümkündür. 

Turistlərin marağına səbəb olan amillərdən biri Ağdamın özünə xas milli mətbəxdir. Ağdamın milli mətbəxini, həmçinin, şərablarını dadmaq üçün çoxsaylı turistlər səfər edəcəkdir. İstifadəyə verilən kafe və restoranlar rayonun zəngin mətbəxini turistlərə nümayiş etdirəcəkdir.

Qarabağı təhlükəsiz zonaya çevrilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər burada turizm infrastukturunun formalaşması və dinamik inkişafına səbəb olacaqdır. Beləliklə, Qarabağın turizm potensialı haqqında dünyaya çatdırılan reallıqlar Azərbaycana yeni investisiyaların cəlb olunmasına yollar açacaqdır.

Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir. Otuz il ərzində düşmən tapdağı altında qalması rayona nə qədər böyük ziyan vursa da, ümid edirik ki, çox qısa zamanda Ağdam Azərbaycanın ən əsas iqtisadi rayonlarından birinə çeviriləcəkdir. Ölkə Prezidenti İlham Əliyev II Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Xalq olaraq buna inanıb səbirsizlikə bu cənnəti görməyə tələsirik.

Əminliklə deyə bilərik ki, Ağdamda həyat yenidən dirçələcək və qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək. 

 





30.11.2021    çap et  çap et