525.Az

“YAŞAT” fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım


 

 “YAŞAT” fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım<b style="color:red"></b>

Bu günlərdə “YAŞAT” fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım.

525.az xəbər verir ki, bu sözləri tanınmış yapon caz ifaçısı və iş adamı xanım Kyoko Yamamoto AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. K.Yamamoto bildirib ki, Azərbaycanı, bu ölkənin qonaqpərvərliyi, xoş aurası ilə seçilən sakinlərini yaxşı tanıyır və artıq səkkiz ildir bu gözəl diyar onun həyatında xüsusi rol oynayır.

Azərbaycan ilə ilk tanışlığa bu ölkədə istehsal edilən nar şirəsi ilə başladığını xatırladan iş adamı xüsusi tamı ilə seçilən bu şirəni Yaponiyaya gətirmək qərarına 2014-cü ildə gəldiyini bildirib: “Nar şirəsini Azərbaycandan Yaponiyaya ilk dəfə qardaşım idxal edib. Həmin vaxt bu şirəni içəndə çox fərqli hisslər keçirdim. Səbəbi isə həmin vaxta qədər heç vaxt dadmadığım tama malik olması idi. Təbii dadı ilə seçilən bu nadir içki qısa müddətdə məni özünə bağladı. Qardaşımın Azərbaycana növbəti səfəri zamanı, yəni 2014-cü ilin sentyabrında mən də bu gözəl ölkəyə yollandım. Səfər zamanı nar şirəsi istehsal edən şirkətə gedərək burada istehsal prosesi ilə yaxından tanış oldum. Həmin vaxta qədər yalnız musiqi ilə məşğul olmağıma baxmayaraq, beynəlxalq ticarətə qoşuldum və bu şirənin Yaponiyaya idxalına başladım. “Made in Azərbaycan” brendli nar şirəsini Yaponiyada sata bilmək üçün şəxsən bir-bir restoranlarla, marketlərə və digər satış şəbəkələri ilə əlaqə qurdum”.

Azərbaycanla ilk tanışlıqdan bu ölkəyə qəlbində xüsusi məhəbbətin yarandığını qeyd edən K.Yamamoto bildirib ki, Azərbaycan çoxsaylı müsbət cəhətləri ilə insanları özünə cəzb edə bilir: “Burada əhalinin ölkəyə gələn əcnəbilərə göstərdiyi diqqət, onlarla xoş rəftarı, aurası insanı özünə çəkir. Bəziləri yalnız paytaxt sakinlərinin qonaqlara xoş rəftar göstərdiyini düşünsələr də, mən şəxsən kənd əhalisinin daha saf münasibəti, təbiiliyi ilə seçilməsinin şahidi oldum. Kənd yerləri fərqli aurası ilə insana daha çox xoş təsir bağışlayır. Paytaxt Bakıya gəlincə isə, bu şəhər həm qədim tikililəri, həm də müasir arxitekturası ilə adamı heyran edir. Buradakı modern tikililər, müasir binalar ilk səfərimdə məni xeyli təəccübləndirmişdi”.

Azərbaycanın onu özünə yalnız nar şirəsi ilə deyil, həm də əsrarəngiz musiqisi cəlb etdiyini vurğulayan K.Yamamoto ölkəmizin musiqi mədəniyyətinin olduqca maraqlı olduğunu da deyib. Bildirib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib: “Azərbaycan musiqisində bizim öyrəndiyimizdən fərqli melodiyalar var. Burada pop musiqisində muğamın ritmlərini də hiss etmək olur və bu insana ekzotik təsir bağışlayır. Azərbaycan musiqisinin bu fərqli cəhətlərini nəzərə alaraq, canlı şəkildə bu mahnıların gözəlliyini yapon musiqisevərlərə də çatdırmağa çalışıram. Məhz bunları düşünərək, Azərbaycan musiqisindən ilhamlanaraq yapon dilində bir əsər hazırlamaq istəyirəm”.

Azərbaycan mahnılarının repertuarında xüsusi yer tutduğunu xüsusi qeyd edən yapon musiqiçi dekabrın 16-da Yeni ilin gəlişi ilə əlaqədar canli konsertə hazırlaşdığını və Tokionun məşhur Qinza rayonunda təşkil ediləcək bu konsertdə bir neçə Azərbaycan mahnısını ifa edəcəyini də bildirib: “Yaponiya Mədəniyyət Nazirliyinin icazəsi ilə “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində təşkil olunacaq konsertin keçirilməsi nəzərdə tutulur. Konsertdə bizim musiqi qrupu çıxış edəcək. Repertuara Latın Amerikası və yapon mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da daxil edilib. Həmçinin azərbaycanlı rəqqasə Dilarə Qazıyeva-Satonun bir neçə Azərbaycan rəqsi ifa etməsi nəzərdə tutulur. Böyük məmnuniyyətlə sizi də konsertimizə dəvət edirik. Koronavirus pandemiyası səbəbindən hamının evdə qalmağa məcbur olduğu bir dövrdə bu konsertin təşkili, fikrimcə, maraqlı əyləncə üçün əlverişli fürsətdir”.

Ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsini böyük həyəcanla izlədiyini qeyd edən K.Yamamoto uzun müddət işğal altında qalmış torpaqların azad edilməsinə çox sevindiyini də bildirib. Həm Vətən müharibəsi günlərində, həm də ondan sonra xalqımızı daim dəstəklədiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın bu torpaqları böyük cəsarətlə azad etdiyi kimi, orada nəhəng yenidənqurma işləri aparacağına da əmindir.

“Sentyabrın 27-də başlayan döyüşlərdən dərhal sonra öz feysbuk səhifəmdə Azərbaycan xalqının bu müharibədə qələbə çalacağına inandığımı və onu dəstəklədiyimi əks etdirən status paylaşdım. Azərbaycan, yapon və ingilis dillərində paylaşdığım həmin statusda Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə apardığını, 30 ilə yaxındır ki, davam edən bu ədalətsizliyin aradan qaldırılmasının çoxdan vaxtı çatdığını çoxsaylı sosial şəbəkə izləyicilərimin diqqətinə çatdırdım. Azərbaycanlı bəstəkar və müğənni Tünzalə Ağayevanın baş verən son hadisələrin ruhuna tamamilə uyğun gələn “Biz gəlirik!” mahnısını da həmin statusa əlavə etdim.

Ötən il oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə raket atması xəbərini isə böyük təlaşla qarşıladım. Bu qəfil hücum nəticəsində azyaşlı körpələrin, qadınların və digər mülki şəxslərin ölümü məni kövrəltdi. Bu faciə vandalizmin, barbarlığın əsl nümunəsidir. Gecə saatlarında insanların, körpə uşaqların yatdığı bir vaxtda yaşayış məntəqəsinə hücuma vəhşilikdən başqa nə ad vermək olar”, - deyə yapon incəsənət ustası bildirib. Qeyd edib ki, bununla əlaqədar Azərbaycanın Tokiodakı səfirliyi qarşısında xüsusi guşə yaradıldığını eşidən kimi, dostları ilə birlikdə həmin yerə gələrək oraya gül dəstəsi qoyub. Həlak olanların ruhuna ehtiramını bildirib, onlar üçün dualar edib.

Bundan əlavə, xanım K.Yamamoto Yaponiyada yaşayan azərbaycanlıların Azərbaycan əsgərləri üçün isti paltarların alınması barədə təşəbbüslə çıxış etdiklərini eşidən kimi, dərhal həmin kampaniyaya qoşulmaq qərarına gəldiyini də bildirib: “Müharibə şəraitində yaşayan Azərbaycana yardım etməyimə kömək etmələri üçün Yaponiyadakı azərbaycanlı dostlarıma artıq neçə gün idi ki, müraciət etmişdim. Buna görə də Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər mənə bununla bağlı təşəbbüsün başladığını bildirəndə çox sevindim. Vəsaitin toplandığı hesabın nömrəsini əldə edərək ora pul köçürdüm. Əminəm ki, həmin vəsaitlə alınan və Azərbaycana göndərilmiş isti paltarlar müzəffər Azərbaycan Ordusunun daha yaxşı döyüşməsinə, torpaqları daha sürətlə azad etməsinə az da olsa səbəb olub”.

Yapon xanım Azərbaycanda şəhid ailələrinə və qazilərə yardım göstərən “YAŞAT” fondunun yaradıldığı barədə məlumatı aldıqdan sonra həmin fonda da yardım etmək qərarına gəlib: “Yaponiyada yaşayan azərbaycanlı dostlarımın köməyi ilə noyabrın 22-də “YAŞAT” fonduna əlavə vəsait köçürdüm. Bu yardımla Azərbaycan-Ermənistan müharibəsində əziyyət çəkən azərbaycanlılara dəstək olmaq istədim. Həmin vəsait mənim halal zəhmətimlə, nar şirələrini alan müştərilərin dəstəyi ilə toplanmışdı və onu böyük həvəslə fonda ianə edə bildik”.

Azərbaycanla əlaqədar müxtəlif istiqamətli layihələri Yaponiyada davam etdirəcəyini bildirən xanım K.Yamamoto bu layihələrin həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə həyata keçirələcəyini qeyd edib. Vurğulayıb ki, bu layihələrlə Azərbaycanın inkişafına dəstək vermək və çox sevdiyi bu ölkə ilə birgə xoşbəxt hadisələrə şahid olmaq istəyir.

Gələn il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini xatırladan yapon xanım bununla əlaqədar sentyabrda Bakıya səfər edərək orada xüsusi konsert proqramı ilə çıxış etmək istədiyini də bildirib: “Bu istiqamətdə hazırlıq işlərinə artıq başlanılıb və bu səfəri çox böyük səbirsizliklə gözləyirəm. Doğrusunu deyim ki, Azərbaycanı tanımağa başlayanda Qarabağ məsələsini dərindən anlaya bilmirdim, amma Vətən müharibəsi dövründə Qarabağın Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini anladım. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşadan çoxsaylı incəsənət adamlarının çıxdığını da öyrəndim, Şuşanın qədim şəkilləri ilə tanış oldum. İnanıram ki, işğaldan azad edilən Şuşa tam başqa cür olacaq və mən qarşıdakı səfər zamanı mütləq bu gözəl şəhəri də ziyarət etmək arzusundayam”.

Vüqar Ağayev

 





01.12.2021    çap et  çap et