525.Az

Maliyyə piramidası fırıldaqçıları necə fəaliyyət göstərirlər?- Video


 

PİRAMİDA ƏSASLI DƏLƏDUZLUQ ŞƏBƏKƏLƏRİ İNSANLARI NECƏ ALDADIR?

Maliyyə piramidası fırıldaqçıları necə fəaliyyət göstərirlər?- <b style="color:red"> Video </b>

QEYD: Video əlavə edilib

Son günlər Azərbaycanda dələduz maliyyə piramidası olan "Ocos" və "Crowd-1"in fəaliyyəti dayandırılıb. Daxili İşlər Nazirliyinə son dövrlərdə əsasən sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb, vətəndaşların külli miqdarda pul vəsaitlərinin ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar üzrə araşdırma aparan Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları aşkar ediblər ki, son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan "Crowd-1" dələduzluq sxeminin toruna düşən şəxslər  üstünlük təşkil edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış "Crowd-1" dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyənləşdirilib. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılıblar. Onlar ilkin izahatlarında "Crowd-1"in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər. Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Məlum olub ki, onlar bu dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarına və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də "Crowd-1"ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin, qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər. Halbuki dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri ümumiyyətlə, fəaliyyət göstərmir. Həmçinin, vətəndaşlara "Crowd-1" şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. "Crowd-1" zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

Qeyd edək ki, bu kimi hallara dünyanın bir çox ölkəsində rast gəlmək mümkündür. Media və televiziyalarda, sosial şəbəkələrdə bununla bağlı maarifləndirici məlumatlar olsa da, belə dələduzluq üçün qurulan piramida şəbəkələrinin qurbanları getdikcə artır.

Məsələ ilə bağlı "525"ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  bildirib ki, vətəndaşlar anlamalıdır ki, bu cür asan üsulla daimi pul qazanmaq mümkün deyil: "Bu cür dələduzluq halları bir vaxtlar inkişaf etmiş ölkələrdə də olub. Bunlar indiyə qədər məlum olan pramida mahiyyətli maliyyə fırıldaqlarıdır. Əvvəllər bu hallar real dünyada olurdu. Azərbaycanda da internetdən kənar, real dünyada belə hallar olub və hüquq mühafizə orqanları tərəfindən bu kimi halların qarşısı alınıb. 10-20 il öncə, hələ internetin bugünkü səviyyədə olmadığı vaxtlarda vətəndaşları aldadan bu xarakterli dələduz qruplar mövcud idi. Həmin şirkət rəhbərləri qabaqcadan bilərək ki, xeyli sayda insana verdikləri vədi yerinə yetirə bilməyəcəklər, onları müəyyən şirnikləşdirici vədlərlə aldadaraq bu sistemə cəlb edirdilər. İndi isə son 5-10 ildir bunlar internetə, o cümlədən, Azərbaycanın sosial mediasına inteqrasiya olunub. Biz zaman-zaman mediada bu hallarla bağlı vətəndaşları maarifləndiririk ki, daimi pul qazandıran belə bir mexanizm yoxdur. Bu, bir piramida xarakterli dələduzluğa söykənən maliyyə fırıldağıdır. İstisna deyil ki, oyuna ilk girənlər müəyyən uğurlar əldə edəcəklər. Amma şirkət rəhbərliyinə qabaqcadan məlum olur ki, xeyli sayda - minlərlə, milyonlarla insana bu cür pul vermək mümkün deyil. Yəni onlar bilərəkdən bu oyuna vətəndaşları cəlb edirlər və yalnız özləri ordan müxtəlif komissiyalarla, fərqli üsullarla pul qazanırlar. Vətəndaşlar ayıq-sayıq olmalı, aldanmamalıdırlar. Az pul ödəməklə böyük milyonlar qazanmaq heç yerdə yoxdur. Bu istiqamətdə Daxili İşlər Nazirliyinin atdığı addımlar doğrudur. Amma bunu vaxtında etmək lazım idi. Yəni bu tip addımlar dərhal atılmalıydı. Çünki belə şəbəkələr uzun müddətdir fəaliyyət göstərirdilər və elə indi də fəaliyyət göstərənlər var. Hesab edirəm ki, bununla bağlı ciddi maarifləndirici işlər aparılmalıdır. Hökumət bu məsələ üzəridə tədbirləri gücləndirməli və sərtləşdirməlidir".

Piramida əsaslı maliyyə dələduzluğu hallarının baş verməsi barədə bir çoxumuzun bilgisi olsa da, hələ də insanların bu cür fırıldaqçıların toruna düşmələri əslində, əhalinin yetərincə məlumatlı olmadığını göstərir. Aldanmamaq üçün piramida maliyyə şəbəkəsinin nə olduğunu yaxşıca anlamaq lazımdır. Gəlin, elə "Crowd-1" dələduzluq şəbəkəsi üzərində təhlil apararaq bu sistemin nə olduğunu aydınlaşdırmağa çalışaq.

"Crowd-1"in maliyyə piramidası şəbəkəsi olduğunu bildirən texnobloger Fərid Pərdəşünasın sözlərinə görə, bazarda bu kimi platformalar çoxdur:

"Onlar adətən xaricdə qeydiyyatdan keçir, müəyyən ofşor bank hesablarında hesab açdırıb özlərini xarici şirkət kimi təqdim edirlər. Mütəmadi olaraq ya ad, ya qeydiyyatını dəyişdirir, müxtəlif adlarla bazara çıxıb investisiya etmək məqsədi ilə pul alırlar. Bu tipli şəbəkələr özlərini ilkin olaraq investisiya platforması kimi təqdim edir".

Piramida əsaslı maliyyə dələduzluğu şəbəkələri insanları necə aldadır? 

Fərid Pərdəşünas: "Bu kimi platformalarda insanlar müəyyən məbləğdə investisiya qoyub bir paket götürürlər. Onlara vəd edilir ki, bu investisiya müəyyən müddətdən sonra onlara iki qatı ilə, 50 faiz qazancla geri qayıdacaq. Onlar iddia edirlər ki, guya insanlardan aldıqları pulu götürüb fərqli platformalarda hansısa məhsullara investisiya qoyurlar və həmin investisiyalar qazanc gətirir. Belə asan yolla pul qazanmağa meyl göstərənlər bu platformalara yatırım edirlər və aldanırlar. Maliyyə piramidaları insanlar üzərindən daha çox pul qazanmaq üçün bir şəbəkə sxemi əsasında fəaliyyət göstərir. Yəni siz oraya özünüzlə bərabər, başqalarını da cəlb edəndə daha çox qazanc əldə edirsiniz. Yaxud da yeni gələn adamların pulları yığılır və köhnə istifadəçilərə təqdim olunur. Bəzi adamlar bu ödəmələrə aldanıb daha çox yatırım etməyə başlayırlar. Amma bu piramidalar bir yerdə ya öz-özünə dağılır, ya da şahid olduğumuz kimi, dövlət işə müdaxilə edir. Piramida dağılanda bütün qolları da çökür və maliyyə itkisi ilə nəticələnir. "Crowd-1" də bu sistemlərdən biri idi".

Belə şirkətlərin fırıldaqçı olduqlarını necə müəyyənləşdirmək olar? 

Fərid Pərdəşünas: "Əvvəlcə sizə belə təkliflər edən şirkətləri araşdırın ki, onlar nəyə yatırım edərək bu qədər pul qazana bilirlər? Səhm bazarında heç bir halda 50 faizlik, 100 faizlik qazanclar olmur, yəni adətən riskli yatırımlar olur. İlkin olaraq araşdırmaq lazımdır ki, bu adamlar hansı sahələrə investisiya qoyub verdilən pulu sizə geri qaytaracaqlar? Onlar sizə hansısa bir kriptovalyuta təqdim edirlər və bu valyutanın qlobal bazarlarda satışı varmı, yoxsa yalançı kriptovalyutadır? Ümumiyyətlə, böyük qazanc vəd edən investisiya layihələrini sorğulamaq lazımdır. Birjadan, səhmlərdən anlayışı olmayan kiməsə pul verib onun sizin adınıza qazanması absurd görünür. Çünki bu adamların vəd etdikləri rəqəmlər böyük məbləğlərdir. 6 ay ərzində yatırılan investisiyanın 50 faiz gəlirlə geri döndüyü iddia edilirsə, bu, yalandır. Dünyanın heç bir böyük birjasında belə böyük bir sığortalı yatırım növü yoxdur. Çünki birja bazarı daimi olaraq dəyişir, dalğalanır. Burda heç kim sizə zəmanət verə bilməz ki, yatırdığınız pul ümumiyyətlə, sizə qazanc gətirəcək, yoxsa batacaq? Bu məsələlər müəyyən maliyyə faktorlarından aslıdır.

Bu cür şirkətlər əgər sizdən kimisə - qohumu, tanışı, dostu gətirməyi tələb edirsə, başqalarını gətirməklə daha çox qazanc vəd edirsə, deməli, bu, piramida sistemidir. Piramida sistemləri bundan bəhrələnir və cəlb olunan adam sayı azalanda piramida da çökür. Çünki onlar köhnə, piramidanın yuxarısında yerləşən istifadəçilərə maliyyə təminatını həyata keçirdə bilmirlər. Köhnə istifadəçilər də pul qazanmayanda yenilərini gətirmir və beləcə maliyyə piramidası çökmüş olur. Bu isə dələduzluq növü sayılır".

Həqiqətən davamlılığı olan maliyyə piramidaları varmı? 

Fərid Pərdəşunas: "Xüsusən maliyyə piramidalarından söhbət gedirsə, bəzi piramidalar var ki, onlar məhsul üzərində qurulub. Bunlar "network marketing", yəni "şəbəkə marketinqi" adlandırılır. Bu cür məhsul satışı ilə ayaqda qalanlar var. Lakin sırf maliyyə piramidaları, sırf yalançı investisiyalar, koinlər üzərində olan investisiyalarla insanları aldatmaq bəsit üsuldur. Bunlar gec-tez özünü büruzə verir və sonda piramida dağılır. 
Bu platformalar arasında qlobal platformalar, qlobal piramida sxemləri də var. Ancaq bunlar heç bir investisiya məntiqi ilə işləmir, əsas məqsədi piramidadır. Əgər investisiya etmək istəyirsinizsə, hər hansı bir qlobal platformadan özünüz səhm ala bilərsiniz. Hansısa bir kriptovalyutanı ala, yatırım edə bilərsiniz. Bunun üçün piramidaya qoşulmağa, pulunuzu başqasına etibar etməyə ehtiyac yoxdur".

 

 





03.12.2021    çap et  çap et