525.Az

Qlobal rəqabətin doğurduğu təhlükə - Xaqani Cəfərlinin şərhi


 

Qlobal rəqabətin doğurduğu təhlükə -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Rusiya, Çin və ABŞ dünya düzənini öz maraqlarına uyğun formalaşdırmağa çalışır və üç böyük dövlət arasında bu qlobal rəqabət kəskinləşir. Rəqabət kəskinləşdikcə digər ölkələr bu prosesin doğurduğu çağırış və təhlükələrə necə reaksiya verəcəklərini müəyyən etməyə çətinlik çəkirlər.

ABŞ demokratiyanın güc yolu ilə yayılmasından rəsmən imtina etsə də, prezident Co Bayden dekabrda Dünya Demokratiya Forumu çağırmaqla liberal dəyərlərin təşviqinin Vaşinqtonun xarici siyasətinin təməl prinsipi olaraq qaldığını nümayiş etdirməkdən də çəkinmir. Rəsmi Vaşinqton qlobal rəqibləri ilə dialoq imkanlarını açıq saxlamaqla demokratiya məsələsindən onlara qarşı istifadə etməkdə davam edir.

Çin son bir ilə kimi qlobal rəqabəti iqtisadi gücünü artırmaq və dünyaya yaymaqla qazanmağa çalışırdı. Ancaq son bir ildə Pekinin siyasətində bəzi dəyişikliklər baş verib. Çin iqtisadi gücü ilə yanaşı, hərbi qüdrətini də artırır. Bu isə artıq ABŞ-ı təşvişə salıb və Vaşiqnton Pekinin iddialarını cilovlamaq üçün regional qruplaşma yaratmaq məcburiyyətində qalıb. Pekinin hərbi qüdrətinin artırması Çinə qarşı münasibəti də mənfi istiqamətə dəyişib. Bundan narahat olan Pekin təcavüzkar siyasətindən bir qədər geri çəkilməklə əleyhinə olan beynəlxalq ictimai rəyi dəyişməyə çalışır.   Rusiya qlobal rəqabətdə öz maraqlarını təmin etmək üçün Çin və ABŞ-dan fərqli siyasət nümayiş etdirir. Bu gün Rusiyanın beynəlxalq siyasəti "gərginlik faktoru"na çevrilib. Aydın görünür ki, Moskva gərginliyi artırmaqla rəqiblərinin geri addım atacağına ümid bəsləyir. Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclasında prezident Vladimir Putinin çıxışı göstərdi ki, Moskva beynəlxalq siyasətdə gərginliyi artırmaqda, rəqiblərinin əsəblərini tarıma çəkməkdə davam edəcək. Rusiyanın Ukrayna sərhədinə böyük hərbi güc cəmləməsi də bu məqsədə xidmət edir. Moskva hərbi gücünü hər an hərəkətə hazır vəziyyətdə saxlamaqla bütün Qərb dünyasına gərginlik yaşadır.

Qərbin əksər ölkələrində qeyri-müəyyənlik hökm sürür və onlar Rusiya prezidentinin nə düşündüyünü müəyyən etməyə çalışırlar. Buna görə bir çox ölkələr Rusiya lideri ilə dialoqun Moskvanın niyyətini öyrənməyin yeganə yolu hesab edirlər. Rusiya ilə dialoqun əleyhinə olan ölkələrin liderləri isə hesab edirlər ki, belə addım Kreml sahibinin iştahasını daha da artıra bilər.

Çindən fərqli olaraq Rusiya beynəlxalq aləmdə yaranmış mənfi rəydən narahat deyil və onu dəyişdirməyə də can atmır. Moskvanın bu addımı onunla izah olunur ki, ABŞ və Çindən fərqli olaraq Rusiya cəlbedici ölkə deyil və öz mövqelərini qaba güc yolu təmin edə biləcəyi qənaətindədir.
Ancaq hər kəs, o cümlədən, də Kreml sahibi anlayır ki, Rusiyanın "gərginlik" strategiyası uzun müddət davam edə bilməz və ciddi əks təsirlər doğuracaq. Çünki sürətlə dəyişən texnologiya əsrində Rusiya rəqiblərindən çox geri qalmamaq üçün Qərbin resurslarından istifadə etmək imkanlarını itirir. Ən əsası da Qərb yeni sürətli silahlanma başlatmaqla Rusiyanı artıq bir dəfə batdığı "bataqlığa" sürükləyir. ABŞ-la yanaşı, Avropanın və Böyük Britaniyanın hərbi gücünü artırmağa, sürətlə silahlanmağa başlaması Moskvada əndişə yaradıb. Rusiya heç bir halda yeni sürətli silahlanma yarışına girmək istəmir.

Qlobal rəqabətdən qalib kimi çıxmağa çalışan Rusiya, Çin və ABŞ-ın münasibətlərində diqqətçəkən çox maraqlı bir məqam da bu dövlətlərin ikisinin bir səngərdə yer almaq istəməsidir. ABŞ-ın dünya ağalığına qarşı əks tərəfdə yer aldıqları görüntüsü yaranan Çinlə Rusiyanın bir yerdə olmadıqları çox aydın görünür. Çin lideri Si Tsinpinin ABŞ prezidenti Co Baydenlə üç saatlıq telefon danışığı, "Rusiyanın Qərbə qarşı əzələ nümayişi olan "Qərb-2021" hərbi təlimlərində iştirakdan imtina etməsi Pekinin Vaşinqtonla anlaşmağa çalışması kimi dəyərləndirilə bilər.   

Aydın görünür ki, Çin Rusiyanın "gərginlik" siyasətinin aləti olmaq istəmir və hətta müsbət imicini formalaşdırmaq üçün Moskvanın əksi kimi görünməyə daha çox çalışır. Çin Rusiyadan fərqli olaraq qlobal stabilliyə təhlükə yaratmaq istəmədəyini nümayiş etdirir. Bu, həm də Çinlə Rusiyanın ictimai rəyində "gərginlik" siyasətinə fərqli yanaşmanın mövcudluğunun göstəricisidir. Çin xalqı qlobal stabilliyin pozulmasından qorxduğu halda, Rusiya ictimai rəyi bu trendlə Kremlin maraqlarına uyğun istiqamətə yönləndirilir.

Rusiya, Çin və ABŞ liderlərinin danışıqlar aparmağa, dialoqu qorumağa çalışmaları qlobal rəqabətin təhlükəli səmtə yön almayacağı ilə bağlı nikbinlik yaratsa da, bədbinlik üçün də yetəri qədər səbəblər var. Son on ildə Rusiya və NATO arasında 3000-dən çox hərbi insident yaşanıb. Onların heç biri hərbi toqquşma ilə nəticələnməsə də, belə insidentlərin toqquşmaya səbəb olacağı istisna edilə bilməz. Ən təhlükəlisi isə COVİD-19 virusunun yeni omikron ştamının ehtimal edildiyi kimi koronavirusun daha ağır bir dalğaya səbəb olacağı halda Rusiya, Çin və ABŞ liderlərinin vəziyyətə nəzarəti itirə biləcəkləri təhlükəsi mövcuddur. Bu isə haqlı olaraq həyəcan və qorxuya səbəb olur.  Çünki vəziyyət nəzarətdən çıxsa, qlobal rəqabətin qalibi olmayacaq. Məğlubları isə yalnız itkilərinin miqyası fərqləndirəcək. 

 





01.12.2021    çap et  çap et