525.Az

"Şimal axını-2" hərbi büdcənin "yolunu" kəsdi


 

"Şimal axını-2" hərbi büdcənin "yolunu" kəsdi<b style="color:red"></b>

ABŞ Konqresinin yuxarı palatası Senatda çoxluğa malik olan respublikaçılar növbəti il üçün hərbi büdcənin qəbul olunmasına imkan verməyiblər. Men ştatından olan senator Süzan Kolliniz istisna olmaqla Respublikaçılar partiyasının Senatdakı təmilçiləri tam tərkibdə 770 milyard dollarlıq hərbi büdcənin qəbul olunmasının əleyhinə səs verərək, "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyanın qanun layihəsinə əlavə edilməsini tələb ediblər. Prezident Co Baydenin partiyadaşları Senatda azlıqda olduqları üçün respublikaçılardan asılı vəziyyətdədirlər. Hərbi büdcə qanununun qəbul olunması üçün ən azı 60 senator sənədin lehinə səs verməlidir. Bu isə respublikaçıların dəstəyi olmadan mümkün deyil. Demokratların Senatdakı azlığının lideri Çarlz Şumer respublikaçıları ittiham edib ki, onlar amerikalıların təhlükəsizliyinin təmin olunmasını zərbə altında qoyublar və Senatdakı iki partiyalı konsensusu pozublar.

"The Hill" qəzetinin məlumatına görə, respublikaçılar Ukraynada münaqişənin kəskinləşəcəyi təqdirdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini zəmanət altına almağa çalışırlar. Noyabrın 9-da senator Cim Riçenin başçılıq etdiyi bir qrup respublikaçı senator 2022-ci ilin hərbi büdcəsi haqqında qanun layihəsinə "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyaların daxil edilməsi təşəbbüsünü irəli sürüb. Respublikaçıların təklifi qəbul olunsa, ABŞ prezidenti Co Bayden 15 gündən gec olmayaraq "Şimal axını-2" qaz kəməri layihəsinin planlaşdırılmasına, tikintisinə və istismarına cavabdeh olan şirkətlərə, həmçinin, layihənin əsas sahibi olan şirkətə qarşı sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.

"The Hill" qəzetinin məlumatına görə, Co Bayden administrasiyası "Şimal axını-2" qaz kəmərinə qarşı daha sərt sanksiyaların tətbiqinin əleyhinədir və bu mövqeyini Almaniyanın narazı qala biləcəyi ilə izah edir. ABŞ dövlət katibi Entoni Blinken Demokratlar partiyasından olan senatorları hərbi büdcə haqqında qanun layihəsinə müvafiq düzəlişləri əngəlləməyə çağırıb. "Biz bəzi Konqres üzvlərinin Rusiyanı əhatə etməyən, lakin daxildə siyasi xal toplamaq üçün Avroatlantik birliyini təhdid edən sanksiyalara əl atdığını görürük".

Prezident Co Bayden də "Şimal axını-2" qaz kəmərinə qarşı yeni sanksiyaların tətbiqinin ABŞ-ın Avropa ilə münasibətləri üçün "səmərəsiz" olacağını bildirib.  

Respublikaçıların faktiki olaraq yekdilliklə hərbi büdcənin əleyhinə səs verməsi Co Bayden administrasiyasını çətin vəziyyətə salıb. Hökumət hərbi büdcənin qəbul olunmamasına yol verə bilməz. Bu günə kimi heç bir hökumət buna cəsarət etməyib. Buna görə də demokratların güzəştə gedəcəyi gözlənilir. Əks halda, prezident Co Baydenin və konadasının gələcək karyerası təhlükə altına düşəcək.

Demokratların Rusiya banklarına, dövlət şirkətlərinə, neft-qaz müəssisələrinə və suveren borclarına sanksiya tətbiq etmək təklifi isə respublikaçılar üçün yetərli deyil. Respublikaçılar  "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyanın tətbiqində təkid edirlər və hərbi büdcənin qəbulunun əleyhinə səs verməklə Co Bayden administrasiyasını seçim qarşısında qoyublar. 

 





01.12.2021    çap et  çap et