525.Az

Kəlağayı sənəti haqqında videoçarx hazırlanıb


 

Kəlağayı sənəti haqqında videoçarx hazırlanıb<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Kəlağayı tariximiz, mədəniyyətimiz" adlı videoçarx hazırlayıb.

İdarədən 525.az-a bildirilib ki, videoçarxda mövzu haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, kəlağayı Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna "çarqat" da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.

Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir.

Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatıb. Kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənib. Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz qidalanacaq.

Diqqətə çatdırılıb ki, milli dəyərlərimizin qorunmasına yüksək qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, Azərbaycanın kəlağayı sənəti "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Videoçarx kitabxananın yutub kanalında yerləşdirilib.
 

 





01.12.2021    çap et  çap et