525.Az

"Böyük qayıdışdan sonra ölkənin sosial-iqtisadi yüksəlişində Laçın rayonunun rolu yüksək səviyyədə olacaq"


 

Laçın rayonunun işğaldan azad olunmasından bir il ötür

"Böyük qayıdışdan sonra ölkənin sosial-iqtisadi yüksəlişində Laçın rayonunun rolu yüksək səviyyədə olacaq" <b style="color:red"></b>

Müsahibimiz Milli Məclisin ikinci çağırış deputatı, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Elbrus Təhməzovdur.

***

- Elbrus müəllim, torpaqlarımız işğaldan azad olunduğu günlərdə Azərbaycanın əldə etdiyi böyük qələbə ilə bağlı fikirlərinizi bildirmişdiniz. Zəfər Günündən və dünyaya göz açdığınız, uzun illər müxtəlif məsul vəzifələrdə çalışdığınız Laçın rayonunun işğaldan azad edilməsindən ötən bir ildən sonra bir daha fikirlərinizi eşitmək maraqlı olardı. 

- Əvvəla, bu sevincli və qürurverici günləri bizlərə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı, hamımızın sevimlisi İlham Əliyevə bir daha minnətdarlığımı çatdırır, bu qələbənin əldə olunmasında canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.

Bilirsiniz ki, Laçın rayonu respublikanın ərazi baxımından ən iri rayonlarından biridir, ərazisi 1843 kvadratkilometrdir, 1 şəhər, 1 qəsəbə və 124 kənddən ibarətdir, əhalisi işğaladək 60 min nəfər olub, hazırda isə 80 min nəfərə çatıb. İşğala qədər rayonun ictimai və şəxsi təsərrüfatlarında 50 min başdan çox qaramal, 400 min başadək xırda buynuzlu  heyvan saxlanılırdı. Rayonumuzun əhalisi heyvandarlıqla yanaşı, əkinçilik, bağçılıq, bostan-tərəvəzçilik, arıçılıq və digər təsərrüfat işləri ilə məşğul olduğundan, fərdi təsərrüfatçılığa ciddi yanaşdıqlarından hökumətdən yardımlar almaqda maraqlı olmamışdılar. Ötən əsrin 70-80-ci illərində rayonda tikinti materialları istehsalının genişləndirilməsi, sənaye tipli müəssisələrin yaradılması da əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdi.

Rayonun bütün yaşayış məntəqələri mədəniyyət, təhsil, səhiyyə xidmətləti ilə tam təmin olunmuş, bütün kəndlərimiz elektrik, qaz xətləri, avtomobil yolları, avtobus marşrutları ilə əhatə edilmişdi. Bütün bunlardan əlavə, heyvandarlıqda məşğul olan əhalinin bir hissəsi mal-qaranı qış mövsümündə aran rayonlarına, əsasən Ağcabədi, İmişli, Beyləqan, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarına qışlağa aparır, bunun əvəzində isə yay mövsümündə yuxarıda qeyd etdiyim rayonlar da daxil olmaqla 17-dək rayon yaylaq kimi Laçın rayonunun  ərazisindən istifadə edir, yay aylarını burada keçirirdilər. 

- Bəs bu işgüzar, əməksevər insanlar işğaldan sonra məcburi köçkün kimi necə məskunlaşdılar, nə işlə məşğul oldular? 

- Bir tarixi faktı diqqətə çatdırım ki, hətta Sovet dövründən əvvəldə də Laçın rayonu əhalisinin Qarabağın aran rayonları ilə, xüsusilə də Ağcabədi, Tərtər, Bərdə, Ağdam və başqa rayonlarla qarşılıqlı əlaqələri olub. Bunun nəticəsidir ki, qeyd olunan aran rayonlarının əhalisinin yarıya qədərinin laçınlılarla qohumluq əlaqələri də var. Bu kimi əlaqələrin nəticəsidir ki, işğaldan sonra təsərrüfatla məşğul olan əhalinin hamısı hələ ötən əsrin əvvəllərindən rəsmi olaraq Ağcabədi, İmişli, Beyləqan rayonlarından ayrılaraq Laçın rayonuna təhkim olunan, hazırda Taxta körpü adlanan 31 min hektar ərazidəki ayrı-ayrı təsərrüfatlarımıza aid 82 obaya (fermaya) gələrək məskunlaşdılar. Hazırda rayon əhalisi respublikanın 58 rayonunda, 300-dən çox yaşayış məntəqəsində, 25-30 faizi Bakı, Sumqayıt şəhərilərində, Abşeron rayonu ərazisində məskunlaşıblar və özlərinə minimum yaşayış şəraiti yarada biliblər. Bu müddət ərzində rayonun bütün icraedici hakimiyyət orqanları Ağcabədi ərazisindəki Taxta körpü qəsəbəsində formalaşdırılıb, respublikanın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərlə əlaqələr qurulub.  Müşahidələr göstərir ki, işgüzar məcburi köçkünlərin öz işlərini səmərəli qurmalarının nəticəsidir ki, respublikanın mərkəzi və böyük şəhərlərinin heyvandarlıq və digər kənd təsərrüfatı məhsulları ilə təminatı əsasən onlar tərəfindən həyata keçirilir. Bütün bunlar isə onu göstərir ki, böyük qayıdışdan sonra da ölkə əhalisinin təminatında və ərzaq tələbatının ödənilməsində, ölkənin sosial-iqtisadi yüksəlişində işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən, Laçın rayonunun rolu yüksək səviyyədə olacaq. 

- Elbrus müəllim, bir qədər də Laçının işğaldan əvvəlki və sonrakı sosial-iqtisadi vəziyyəti barədə məlumat verərdiniz. Bir də, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra rayon ərazisi ilə əlaqələriniz olubmu? İndi rayonla necə əlaqə saxlanılır, doğma yurda gediş-gəliş varmı, insanların öz doğmalarının uyuduqları müqəddəs yerlərə ziyarətlər təşkil olunurmu?

- 29 ildən sonra Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin imzası ilə təsdiqlənmiş kapitulyasiya aktından sonra qəbul edilmiş öhdəliklər nisbətən ləng həyata keçirilsə də, əldə olunan ilkin nəticələri yüksək dəyərləndirir, bunu ölkə tarixində indiyədək görülməyən qələbə kimi qiymətləndirirəm.

Bu yerdə şahidi və iştirakçısı olduğum bəzi faktları sizinlə bölüşməyi özümə borc bilirəm. Bu fikirlərimi əvvəllər də mətbuatda bildirmişəm, yenə təkrar edirəm, mənim gəldiyim qənaət və müşahidələrim ondan ibarətdir ki, möhtərəm Prezidentimizi hakimiyyətə gələndən narahat edən ən mühüm məsələ, nəyin bahasına olur-olsun Qarabağ məsələsini bizim xeyrimizə həll etmək olub. Hələ 2005-ci ilin mart ayında ikilikdə görüşümüz zamanı cənab Prezidentlə iki saata yaxın Qarabağ münaqişəsi və Laçının coğrafi vəziyyəti barədə ən xırda məsələləri təhlil etdik. Həmin dövrdə gündəlikdə məlum 5+2 variantı, yəni razılaşma əldə olunarsa, əvvəlcə ətraf 5 rayonun, sonrakı mərhələdə - Dağlıq Qarabağın statusu müəyyənləşdikdən sonra isə Laçın və Kəlbəcərin  azad olunması məsələsi var idi. Bu zaman Laçından keçən yolların (dəhlizin) şəhərdən kənara çıxarılması, yəni Xankəndidən, Göytala, Aşağı Qaladərəsi, Yuxarı Qaladərəsi kəndlərindən, Laçının Dəyhan düzünədən, Qayğı qəsəbəsindən və Gorusun Xınzırək kəndindən keçməklə Gorus-İrəvan yolu ilə birləşmək, yola nəzarətin isə yol polis xidməti vasitəsilə həyata keçirilməsi məqsədəmüvafiq hesab olunmuşdu. Bütün bu məsələləri müzakirə etdikdən sonra cənab Prezident xarici işlər nazirinə tapşırıq verib dedi ki: "Elbrus müəllimi qəbul et, onda bizə yarayan fikirlər var, öyrən və Laçından keçəcək yolun xəritəsini hazırlayın, tərəflərlə müzakirə edib razılaşaq". Bundan sonra məni həmin dövrdə Qarabağ münaqişəsi ilə məşğul olan səlahiyyətli nümayəndə, xarici işlər nazirinin müavini Araz Əzimov qəbul etdi və məsləhət bildi ki, təklif olunan yolun xəritəsini hazırlayıb ona verim. Mən də həmin xəritəni hazırlayıb iki nüsxədə Araz Əzimova təqdim etdim. Bundan sonra həmin xəritədən işçi qruplarının söhbətlərində istifadə edildiyinin şahidi oldum. İndi ümid edirəm ki, bu gün təkcə laçınlılar yox, bütün respublika ictimaiyyəti arasında narahatlıq doğuran "Laçın dəhlizi" məsələsi 15 il bundan əvvəl mənim təklifimə uyğun xətt üzrə həll olunacaq. Çünki bu məsələ yüksək səviyyədə - cənab Prezidentlə müzakirə edilib müsbət qarşılanmışdı. Fikrimcə, bundan sonra hansısa başqa təklifin müzakirəsi qəbuledilməzdir.

- Elbrus müəllim, siz uzun illər Laçın rayonunda müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmisiniz, ermənilərlə qonşuluqda yaşayıb işləmisiniz. Kifayət qədər təcrübəyə malik bir şəxs kimi necə düşünürsünüz, bundan sonra da ermənilərlə birgə yaşamaq, qonşuluq etmək baş tutacaqmı?

- Bu məsələ barədə cənab Prezidentlə, eləcə də əlaqədar dövlət qurumlarının məsul şəxsləri ilə müzakirələr aparmışıq və qənaətə gəlmişik ki, 1905-1907, 1915-1918-ci illərdə, eləcə də ondan sonrakı dövrlərdə baş verən konfliktlər zamanı da bu kimi hadisələr olub və sonra baş verənləri unudub birgə yaşamışıq, indi də təkrar barışıq olacaq. Mən söz vermişdim ki, ağsaqalları, hörmətli şəxsləri yığıb, onlarla iş aparıb barışığı təmin edəcəyik. Lakin son vəziyyət, yəni yerlərdə onların törətdikləri vandalizm hərəkətləri belə tədbirlərın görülməsində tərəddüdlər yaradır.

- Siz tez-tez həm rayonun, həm də respublikanın ictimaiyyət nümayəndələri ilə təmasda olursunuz. Yerlərdə Qarabağ münaqişəsinin yekunları, qələbə ilə bağlı nə kimi fikirlər var?

- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əldə olunan qələbə ilə bağlı dövlət başçısının siyasətini vətənini sevən hər bir ölkə vətəndaşı ürəkdən bəyənir və müdafiə edir. Bir daha səfərbərlik olacağı təqdirdə,  hətta yaşı keçmiş, əli silah tutan insanların da arasında müharibəyə qatılmaqla bağlı heç bir tərəddüd yoxdur. Lakin bəzi siyasətbazların mətbuatda ikibaşlı fikirlər söyləməsi ürək bulandırır, görülən işə kölgə salmaları təəssüf doğurur, Qarabağın dağlıq hissəsi, Laçın yolu barədə mətbuatda gedən əsassız fikirlər narahatlıq və narazılıq yaradır.

- Böyük tarixi qələbədən ötən bir ildən sonrakı vəziyyəti necə qiymətləndirirsiniz? Gələcəyi necə görürsünüz?

- Ən müsbət məqamlarıdan biri odur ki, görülən bütün işlər barədə televiziyalarda, mətbuatda açıq, heç nə gizlədilmədən, dəqiq məlumatlar verilir, hər kəs öz düşüncələrini və fikirlərin açıq söyləyə bilir. Bayaq qeyd etdiyim kimi, dövlət başçısının apardığı siyasətlə bağlı heç bir mənfi rəy yoxdur, əksinə, hamı qələbəni, böyük zəfəri alqışlayır. Mən hələ 1970-ci illərdən Ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin siyasətini dönmədən müdafiə edən bir şəxs kimi bir daha arzu edirəm ki, möhtərəm Prezidentimizin Qarabağ, bütövlükdə Azərbaycanla bağlı nəzərdə tutduğu amallar sonadək həyata keçsin. Əminəm ki, onun amalları həmişə xalqımızı və millətimizi qayğısız, sağlam və xoşbəxt görməklə bağlıdır. Son dövrlər müxtəlif beynəlxalq təşkilatlarda keçirilən tədbirlərdə Azərbaycanda aparılan siyasətin böyük dəstək qazanması, İqtisadi Əməkdaşlıq Təşkilatında möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətinə verilən yüksək qiymət də göstərir ki, dövlət başçımızın fəaliyyəti təkcə ölkə vətəndaşları tərəfindən yox, beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, Milli Məclisdə cənab İlham Əliyevə 18 illik prezidentliyi dövründəki fəaliyyətinə görə Azərbaycan Respublikasının  Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsindəki Ali Baş Komandan kimi müzəffər faaliyyətinə görə Vətən Müharibəis Qəhrəmanı adlarının verilməsi barədə qərarların qəbul olunması ilə əlaqədar məsələsə qaldırılsın. İnanıram ki, bütün xalqımızın ürəyincə olacaq bu təklifin gerçəkləşməsi üçün müvafiq qurumlar lazımi addımlar atacaqlar. 

Sevinc QARAYEVA
 

 





01.12.2021    çap et  çap et