525.Az

Təhsil tələbə krediti: imkanlar və perspektivlər


 

Təhsil tələbə krediti: imkanlar və perspektivlər<b style="color:red"></b>

Noyabrın 25-dən etibarən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən müvafiq müraciətlərin qəbuluna başlanılıb.  Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir.

Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə verilir. 
Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.  Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür. 

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir.

Təhsil nazirinin müavini İdris İsayev deyir ki, Azərbaycanda 146373 tələbə ödənişli əsasla təhsil alır. Həmin tələbələrdən 98430 nəfəri bakalavriat, 12051 nəfəri magistratura, 35892 nəfəri isə subbakalavriat üzrə təhsil alır: "Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17500-ü bakalavr, 1200-ü magistr, 1500-ü subbakalavrdır. Ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126173 nəfərdir. Onlardan 80930-u bakalavr, 10851-i magistr, 34392 nəfəri isə subbakalavrdır.  Ödənişli əsaslarla təhsil alanlardan Təhsil Tələbə Krediti almaq hüququna malik olan tələbələrin sayı 56208 nəfərdir. Onlardan 40465 nəfəri bakalavr, 5426-sı magistr, 10317-si isə subbakalavrdır".

İ.İsayevin sözlərinə görə, birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib. Həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".

Nazir müavini bildirib ki, standart kreditlər illik təhsil haqqının 20 faizini ödəyən tələbələrə veriləcək.

TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır: yuxarı təhsil səviyyəsində əyani təhsil, həqiqi hərbi xidmət, məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),  işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluq müddəti. Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

Nazir müavininin sözlərinə əsasən, akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır. Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.

Təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətinə gəlincə İ.İsayev qeyd edib ki, universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq: "Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə, əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".

Kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.

Nazir müavini vurğulayıb ki, tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur. Ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: "Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub".

Nazir müavini xatırladıb ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: "Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki,  istənilən dövlətin inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən asılıdır. Bu prosesdə ali məktəb tələbələrinin sayı çox önəmlidir. Ali təhsilin ödənişli olması təhsili əlçatan etmirdi: "Çoxlu savadlı gənc ali təhsildən kənarda qalırdı. Qarşıda iki yol var idi. Ya valideynlər olan-olmazını satıb uşaqların təhsil haqqını ödəməli idilər, ya da gənc növbəti illəri gözləməli və ya təhsildən uzaqlaşmalı idi. Başqa sözlə, gəncliyimizin təhsil trayektoriyası qırılırdı. Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən Tələbə Təhsil Krediti hesabına belə gənclərin təhsil haqqı problemi aradan qalxacaq. Onlar daha təhsildən uzaqlaşmaq məcburiyyətində olmayacaqlar". 

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, fond tərəfindən veriləcək təhsil krediti hesabına təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr bilik ehtiyaclarını təmin edə biləcəklər: "Sosial durumu aşağı olan ailələr övladlarının təhsil haqqını ödəməkdə bir sıra çətinliklərlə üzləşirlər. Onlar ya bank, ya da başqa vasitələrlə bu problemi həll etməyə çalışırlar. İndi isə maddi durumu aşağı olan ailələr müəyyən qaydalar əsasında fonda müraciət edərək kredit əldə edəcək və bu yolla da övladlarının təhsil haqqını ödəyə biləcəklər. Tələbə təhsil müddətini başa vurduqdan sonra həmin kreditləri geri qaytaracaq. Bu da əsasən imkansız və sosial həssas qrupa aid olan ailələrin övladlarının təhsil haqlarının ödənilməsinə ciddi yardım deməkdir. Tələbənin yalnız təhsil haqqı yox, tələbələrin yataqxana, yemək və digər xərclərini də nəzərə alınacaq. Bu baxımdan bu, tələbələr üçün yaradılan yeni bir imkandır".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növlərinin mövcudluğundan göründüyü kimi, tələbə kreditləri ali təhsilin əhatəliliyini və əlçatanlığını artırmaqla bərabər, rəqabətliliyin də gücləndirilməsinə hədəflənib: "Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək ki, onlara kreditlər güzəştli şərtlərlə verilir. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd ali təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə  və uzun müddətə verilir ki, bu da beynəlxalq təcrübəyə adekvatdır.  Bu fondun bir çox müqayisəli məziyyətləri var ki, bunların da içərisində tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqinin olmamasını, təhsil aldığı müddətdə kreditlərdən yararlanan tələbə başqa təhsil müəssisəsinə ödənişli əsaslarla köçürüldükdə, bu zaman da kreditlərdən yararlana bilməsini, bakalavriat pilləsində təhsil kreditindən faydalanan tələbənin məbləği geri qaytarmadan magistratura pilləsinə ödənişli qəbul olursa, o, kreditdən faydalana biləcəyini, təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmamasını və kreditin qaytarılmasının tələb olunmamasını xüsusi qeyd etmək olar. O da təqdiredicidir ki, təhsil səviyyəsində əyani təhsil alan, həqiqi hərbi xidmətə gedən, məhkum olan, hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə möhlət hüququ veriləcək".

Sevinc QARAYEVA
 

 





01.12.2021    çap et  çap et