525.Az

"Yaddaşın dəyişməzliyi" - "Bir rəsmin dedikləri"


 

"Yaddaşın dəyişməzliyi" -<b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Səbinə xanımla Salvador Dalinin "Yaddaşın dəyişməzliyi" əsəri haqqında danışmışıq.

***

- Səbinə xanım, mümkünsə, öncə Salvador Dali ilə bağlı həmişə maraq doğuran bir məqamdan - rəssamın uşaqlıq travmaları və o travmaların bu əsər də daxil olmaqla digər əsərlərdə nə dərəcədə təcəssümündən danışardınız.

- Məşhur rəssam Salvador Dalinin uşaqlığı mənəvi tramvalarla keçib. Altı yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açan Salvador uşaqlığını bu sözlərlə yada salırdı: "Anadan olanda büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində, onu sevirdilər, bəlkə də məndən daha çox sevirdilər... Bu, mənim üçün həyatımın böyük bir yarası idi". Valideyinlərinin ona qoyduqları ad da qardaşının adı idi - Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı. 

Uşaqlığını demək olar ki, ailəsinin diqqətini cəlb etmək üçün sərf eləmişdi. Valideyinlərinin yatağının başında İsa peyğəmbərlə yanaşı, mərhum qardaşının şəkili var idi. Və o, qardaşına həmişə qısqanclıqla yanaşırdı.

Salvadorun istedadı üzə çıxanda onu rəssamlıq kursuna göndəriblər. O, tanınmış rəssamlarla, elm adamları ilə tanış olub. Amma çılğınlığı, uşaqlıqdan qalan "xəstəliyi", diqqətləri cəlb etmək istəyi ona böyük problemlər yaradıb.

- Amma həm də məşhurlaşdırıb.

- Bəlkə də. Elə Rəssamlıq Akademiyasından qovulmağına səbəb də bu olmuşdu, heç kim onun kaprizlərinə dözə bilmirdi, ərköyün, eqoist hərəkətləri, qarşısına çıxan hər kəsi əsəbləşdirməsi hamını bezdirmişdi. 1926-cı ildə çətinliklə də olsa, yenidən akademiyaya qəbul edildi, amma çox keçməmiş onu birdəfəlik qovdular.

- Rəssamın "Yaddaşın dəyişməzliyi" əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

- Təsviri incəsənətə marağı uşaq yaşlarından başlayan Salvador Dalinin bir sıra məşhur əsərləri vardi, lakin ən tanınmış əsərlərindən biri "Yaddaşın dəyişməzliyi" və yaxud da digər adı ilə "Əriyən saatlar" əsəridir. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyidçi mühitin bir nümunəsi olsa da, sənətçinin  bu mərhələyə keçişindən 14 il əvvəl yaranmışdı. "Yaddaşın dəyişməzliyi" əsəri 1931-ci ildə çəkilmişdi. Əsərin üslubu peyzajdır, natürmort üslubunda təsvir edilib. Əsərin texnikasında kətan, yağlı boyadan istifadə edilib. Əsərin ölçüsü 24x33sm olub. Əsərdə geniş, qumlu  çöl təsvir olunub. Əsərdə əriyən saatları görürük. Rəssam əriyən saatlar ideyasını komamber pendirindən götürüb. Əsəri zamanın dəyişkənliyi anlayışına etiraz kimi də dəyərləndirə bilərik.

- Əsər hazırda harda saxlanır?

- 1932-ci ildə 250 ABŞ dollarına satılan tablo 1934-cü ildən Nyu-Yorkdakı "National Muzeyum of Art" muzeyində sərgilənməkdədir.

- Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Salvador Dalinin bir çox əsərlərində olduğu kimi "Yaddaşın dəyişməzliyi" əsərində də müxtəlif və zəngin  rəng tonlarından istifadə edilib.  Dali istifadə etdiyi rəng tonları ilə yaratdığı fiqurları, obrazları daha aydın şəkildə göstərməyi bacarıb. Dalinin "Yaddaşın dəyişməzliyi" əsərində müxtəlif rənglər görə bilərik. Bu rənglər olduqca tünd və sakit tonlardan istifadə edilmiş rənglərdir. Arxa planda dəniz, ön planda təsvir olunmuş əriyən saatlar mavi rəngdə, mərkəzi hissədə təsvir olunmuş canavar obrazı  ağ rəngdə təsvir edilib. 

- Sizcə, bu əsər bizə nə deyir?

- Əsərin mərkəzi hissəsində canavar və insan dərazının sintezini görmək mümkündür. Əsərdə yalnızlıq və səhranı xatırladan bu məkan olduqca sakitdir. Hətta arxa plandakı su da sakit və dalğasızdır. Əsərə diqqətlə nəzər yetirsək, məkanın nə qədər geniş və dərin olduğu qənaətinə gələ bilərik. Əsərin sol alt küncündə yerləşən saat üzərindəki görülən milçək, çürümə və yox olmaqdan bəhs edir. Rəsmdəki yeganə bitki olan zeytun ağacını görə bilərik. Dalinin bir çox əsərində zeytun ağacı sevinc və ümid simvolu kimi izah edilsə də, burada yağlı boya ilə çəkilmiş qurumuş ağac ölüm kimi şərh olunur. Şəkildəki digər görüntüləri araşdırsaq, ortadakı canavara bənzəyən cismin Salvador Dalinin özünü ifadə etdiyi deyilir. Ümumi olaraq isə rəsmə baxan zaman belə bir qənaətə gələ bilərik ki, əsər insana yox olmaq duyğusu və axıb gedən zaman gerçəkliyi aşılayır. Əsərin tamamlandıqdan bir müddət sonra qırmızı şərabla islandığı söylənilir. Eyni ilə Leanardo Da Vinçinin "Monaliza" əsərində olduğu kimi. Arxa planda sadə sonsuzluq, əriyən saatlarla keçən zaman hissi də buna işarədir.

Aytac SAHƏD
 

 





01.12.2021    çap et  çap et