525.Az

«XX yüzilin Ağdamı» ictimaiyyətə təqdim edilib


 

«XX yüzilin Ağdamı» ictimaiyyətə təqdim edilib<b style="color:red"></b>

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə jurnalist Vüqar TofiqlininXX yüzilin Ağdamıkitabının təqdimatı keçirilib.

Mərasimin əvvəlində Ağdam haqqında videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən AVCİA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitabda maraqlı araşdırmalar yer alıb: «Müəllif əsəri yazmaq üçün uzun müddət arxivlərdə işləyib, araşdırmalar aparıb. Kitabda Ağdam haqqında maraqlı faktlar var. Bu baxımdan kitab alimlər üçün dəyərli vəsaitdir».

Millət vəkili Fazil Mustafa çıxışında kitabın Azərbaycan xalqında bir qayıdış duyğusunun oyatması baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb: “Hər bir millətin tarixində işğal hadisələri yaşanır. Əsas odur ki, millət bu işğalı aradan qaldırmaq üçün hansı işlər görür. Bu baxımdan bu cür kitabların dəyəri böyükdür. Azərbaycan cəmiyyətində insanın bir qayıdış duyğusunu oyatmalıyıq. Bu cür əsərlər vətəndaşlarımızın qayıdış duyğusuna xidmət etməlidir».

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Qarabağla bağlı tədbirlərin əhəmiyyətini vurğulayaraq, müəllifin əsərdə çox gözəl janra müraciət etdiyini qeyd edib: “Kitab çox nəfis şəkildə tərtib olunub. Bu kitablar da bizləri əməli işlərə səsləyir. Bu işləri görmək üçün bizim kifayət qədər əsaslarımız var. Çünki bu gün Azərbaycan yenilməz gücə sahibdir. Bu gün insanlar Ağdama qayıdır. Təsadüfi deyil ki, Ağdamda əvvəllər 27 min adam yaşayırdısa, indi 93 min nəfər yaşayır».

 «Kitabın gənclər üçün bir örnək olacağına inanıram. Ağdam təkcə ağdamlıların deyil, bütün Azərbaycanındır. Bu kitabı ona görə, dəyərləndirirəm ki, kitabın dil üslubu çox sadədir. Ağdamı görməyən gənclər bu əsər vasitəsilə Ağdamla tanış ola bilərlər. Bu baxımdan biz bu kitabı təbliğ etməliyik, gənclərimizdə vətənpərvərlik hissinin, sahiblənmə hissinin gücləndirilməsi üçün kitabın rolu əvəzsizdir». Bu fikirlər təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva səsləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet” baş redaktoru Rəşad Məcid çıxışında Ağdamı çox sevdiyini, Agdamın onun yaddaşında ən qeyri-adi şəhər kimi qaldığını dilə gətirib, şəhərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, müəllifin zəhmətini yüksək dəyərləndirib: «Dostumuz Vahid Qazi «Ruhlar şəhəri» adlı kitab yazan vaxtları onunla söhbətdə Ağdam haqqında bəzi məqamlara toxunub dedmişdim ki, Ağdamla bağlı daha qədim, əhatəli xatirələri olan insanlar var, amma onlar öz düşüncələrini yaza bilmirlər, bəlkə o insanlarla görüşəsən, onlarla söhbət etməyə cəhd edəsənBu fikir məndə Orxan Pamukun «İstanbul» romanı ilə tanışlıqdan sonra yaranmışdı. Orxan Pamuk öz əsərində İstanbulun müxtəlif yerlərini, ayrı-ayrı küçələrini, bir-birinə bitişik evlərini yada salaraq 50-100 il əvvəlin şəhərinin mənzərəsini yaradıb. Sonra bizim dostumuz, çox zəhmətkeş bir insan Vüqar Tofiqli bunu həyata keçirdi. Əvvəlcə onun Agdam Çörək muzeyi ilə bağlı kitabı ilə tanış oldum, çox təsirləndim. O vaxtkı SSRİ- yeganə olan Ağdam Çörək muzeyi barəsində yazanda Müəllif mövzu ilə əlaqəli bir çox insanlarla danışmışdı. Onda mən düşündüm ki, bu çox gözəl ideyadır, Vüqar bunu genişləndirə bilər. Vüqar Tofiqli bu kitabında bu işin öhdəsindən zəhmətkeşliklə gəlib. Bu kitab sonrakı nəsillər üçün çox vacibdir».

Millət vəkili Flora Qasımova, professor Rafiq Əliyev, Çimnaz Əliyeva Sadıq Murtuzayev Mustafa Çəmənli, MHS-Poliqraf Şirkətinin nümayəndəsi Fəxrəddin Şahsuvarov Ağdam haqqında xatirələrini danışaraq, kitabın dəyərini vacibliyini vurğulayıblar.

Sonda kitabın müəllifi Vüqar Tofiqli çıxış edərək bildirib ki, əsas məqsəd Qarabağın gənc nəslə təbliğ etməkdən ibarətdir: «Gənc nəsil Qarabağı unutmamaq həmin yerlərə qayıtmaq ovqatını bu kitabdan ala biləcək. Əminəm ki, kitabı oxuyan hər bir insan torpaqlarımız geri qayıtdıqdan sonra məhz bu kimi kitabların sayəsində öz məhəllərinin, evlərinin yolunu asanlıqla tapa biləcək».

Sevinc MÜRVƏTQIZI

 





02.05.2014    çap et  çap et