525.Az

“Bu Azərbaycan dövlətinin diplomatik və hərbi uğurudur”


 

“Bu Azərbaycan dövlətinin diplomatik və hərbi uğurudur”<b style="color:red"></b>

“Dünyada yaşayan bütün azərbaycanlılar kimi mənim də ən böyük arzum Qarabağın düşmən işğalından azad olunması idi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldu”. 

525.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə deyib. 

O bildirib ki, son bir il, yəni Laçınlı günlərimiz bütün laçınlıların ömürlərinin ən sevincli, ən gözəl çağıdır: “Çünki doğma torpağından, ata-baba yurdundan, isti evindən didərgin düşmək çox ağır dərddir. Hətta mən düşünürəm ki, köçkünlük dünyanın ən ağır dərdidir. Ona görə ki, bu dərd insanın belini bükür, qamətini dik tutmağa imkan vermir. Biz bunu yaşamışıq. Eyni zamanda, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, doğma yurdumuza qayıtmağa olan ümidimizi itirmirdik. Buna haqqımız da yox idi. Çünki o ərazilər bizim dədə-baba yurdumuzdur. Şükürlər olsun ki, artıq bir ildir torpaqlarımız işğaldan azad olunub, vətənsizliyin yaratdığı yük çiyinlərimizdən götürülüb. Laçınlı günlərin yaratdığı sevinc yalnız həyatda olan laçınlılara aid deyil, bizim Laçın həsrəti və nisgili ilə dünyadan köçən doğmalarımızın da bir ildir ruhu şaddır, azaddır”. 

İ.Əlizadə qeyd edib ki, doğma torpağından, ata-baba yurdundan, isti evindən didərgin düşmək çox ağır dərddir: “Bizim ailə 1992-ci ilin may ayından 1994-cü ilin fevral ayınadək 11 dəfə yaşayış yerini dəyişməyə məcbur olub. Bunların hamısı canımızı düşmən caynağından qurtarmaq üçün edilmiş köçlərdir. 1992-ci ilin may ayında erməni silahlı birləşmələri Laçını işğal etsə də, biz kənddən çıxmamışdıq, ümidlə düşmənin geri oturdulacağını, rayon mərkəzinin və ermənilərin soxulduqları digər kəndlərin tezliklə yadelli istilaçılardan təmizlənəcəyini gözləyirdik, doğma yurdumuzu tərk etmək istəmirdik. Məlum, bu, mümkün olmadı, erməni quldurları laçınlıların "çay yuxarı" kimi adlandırdıqları ərazilərdəki kəndləri işğal edə-edə Oğuldərəyə yaxınlaşırdı. Bizim isə başqa yolumuz yox idi, Xocalıda əli günahsız azərbaycanlıların qanına batan, körpələrin, qadınların, yaşlıların qanını içən erməni cəlladları hələ üzlərindəki qan ləkələri qurumamış yenə də qana susamışdılar, yeni günahsız qurbanlar axtarırdılar, ona görə də düşmənin qanlı caynağından xilas olmalı idik”.

“Nəqliyyat ciddi problem idi, əmioğlu Baxşey Ağayevin gətirdiyi yük maşınına 6-7 ailənin üzvləri yığıldı, amma hamıya yer olmadı, beş bacı-qardaşım həmin avtomobillə Tərtər rayonunun Hüsənli kəndinə - Hüseyn dayımgilə getdi. Əslində, gedəsi adamlardan biri də yaşı səksəni haqlamış Rəhimə nənəm idi, onu Oğuldərədən çıxmağa razı salmaq asan deyildi, atamın bir neçə dəfə izahından, dilə tutmasından, nəhayət, hirslənməsindən sonra nənəm getməyə razılaşdı, ancaq maşın yola düşəndə məlum oldu ki, nənəm ortalıqda yoxdur, otaqlara baxdıq, qonşularda axtardıq, atam uca səslə çağıra-çağıra kəndin içində dolandı, güman gələn hər yerə baxıldı, nəticəsi olmadı. Əslən Bakıdan olan sürücü əraziyə bələd deyildi, Laçına gəlməyə razılaşanda, belə çətin, palçıqlı dağ yollarından keçəcəyini təsəvvür etmirmiş. Özü də sürücü Qubadlı-Laçın yolu ilə gəlmişdi Oğuldərəyə, lakin qeyd etdiyim kimi, artıq düşmən Laçının mərkəzini işğal etmişdi, yol bağlanmışdı, faktiki yarımmühasirəyə düşmüşdük. İndi bizim bir çıxış qapımız vardı - Kəlbəcər-Ömər aşırımı-Göygöl yolu. Maşında mənə də yer olmadı, qaldım, kəndin müxtəlif yerlərində nənəmi axtardım, tapmadım, qaranlıq düşəndə evə qayıtdım. Az sonra nənəm də gəldi, "çay yuxarı"ya getdiyini, orada böyük bir qayanın arxasında gizləndiyini, maşının yola düşməsinə arxayın olandan sonra çıxıb gəldiyini söylədi. Kövrəlmişdi, amma heç vaxt gözyaşı axıtdığını görmədiyim bu mərd qadın yenə də toxtaq idi, ağlamırdı, olanları qəbul etmək istəmirdi, deyirdi ki, gavırlar (kafirlər) bura gəlib çıxa bilməzlər, burada heç vaxt erməni olmayıb və.s”, - İmdad Əlizadə bildirib.

İ.Əlizadə deyib ki, ailə üzvləri mühasirədən çıxsa da, atası Əli Əliyev 19 nəfər ilə birgə 54 gün mühasirədə qalıb. Onun sözlərinə görə, çətin olsa da, atası və orada qalan 19 nəfər 54 gündən sonra mühasirədən çıxa biliblər: “Fikirləşirsən ki, bu qədər təhlükənin qarşısında o insanlar necə sağ qalıb? Təbii ki, bu, Allahın qismətidir. Onu da qeyd edim ki, atam Sovet ordusunda xidmət etmiş ehtiyatda olan zabit olub. Mühasirədə olan 19 nəfər belə qərara gəlib ki, aralarından bir nəfər komandir seçsinlər və onlara yol göstərsin. Beləliklə, onlar atamı ali təhsilli və zabit olduğu üçün komandir seçiblər. Mühasirə şəraitinə uyğun seçilən taktika və strategiyanın, eyni zamanda düzgün davranmağın nəticəsi olaraq onlar sağ-salamat mühasirədən çıxa biliblər. Sonradan atam Əli Əliyev həmin 54 günlük mühasirə həyatını eyni adlı “54 gün mühasirədə” adlı kitabında yazıb".

O bildirib ki, ən böyük arzusu həyata keçib və buna görə xoşbəxtdir. O, 29 ildən sonra Laçına gedib ata-baba yurdunu ziyarət edib: “Dünyada yaşayan bütün azərbaycanlılar kimi mənim də ən böyük arzum Qarabağın düşmən işğalından azad olunması idi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldu. 

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq döyüş əməliyyatları həyata keçirib. Əsgər və zabitlərimiz çox böyük igidlik və şücaət göstəriblər, onlar sözün həqiqi mənasında cəngavərdirlər. Bu, bizim fəxr və qürur yerimizdir. Dünya hələ uzun illər bizim qələbəmizdən danışacaq. 

Eyni zamanda, Laçının düşmən tapdağından azad olunmasından danışanda bir nüansa da xüsusi diqqət yetirmək lazımdır. Əgər Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Hadrud, Suqovuşan hərbi yolla, ağır döyüşlər nəticəsində işğaldan azad olunubsa, Laçın, Kəlbəcər və Ağdam hərbi və siyasi yolla düşməndən təmizlənib. Sonuncu üç rayonu Ermənistandan döyüşsüz almışıq, erməniləri məcbur etmişik ki, çıxın, rədd olun, gedin.  

Ağdam, Kəlbəcər, eyni zamanda Laçın rayonunun döyüşsüz, güllə atılmadan azad edilməsi möcüzədir. Bu, həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən olduqca böyük uğurdur və düşmənin belini qıran siyasi prosesdir. Çox şükür, biz bu uğuru qazandıq, qalib gəldik. Bu gün azad olunan bütün rayonlar yenidən qurulur, abadlaşdırılır. Biz o torpaqlarda əbədi xoşbəxt yaşayacağıq”.

Videonun linki: https://youtu.be/pwxLSMcIko8

 

 





01.12.2021    çap et  çap et