525.Az

Janr yeniliyi, yazıçı ustalığı... - Aynurə Abbaszadə yazır


 

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN "XƏYALAT" ƏSƏRİ HAQQINDA DÜŞÜNCƏLƏR

Janr yeniliyi, yazıçı ustalığı... -<b style="color:red"> Aynurə Abbaszadə yazır</b>

Aynurə ABBASZADƏ
BDU-nun Filologiya fakültəsinin tələbəsi

Böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev ədəbiyyatımıza bir sıra dəyərli yeniliklər gətirib, öz novatorluğu ilə seçilib. Bu yeniliklərdən biri də bioqrafik xüsusiyyət daşıyan dramlardır ki, həmin janr ədəbiyyatımıza məhz Ə.Haqverdiyev tərəfindən daxil olub. Belə ki, ədibin öz sözü ilə desək, o, 1911-ci ildə "M.F.Axundovun təvəllüdünün yüz illik yubileyi münasibətilə" yeni bir əsərini - "Xəyalat"ı yazır. Bu əsərdə, ədəbiyyatımızda ilk dəfə olaraq, müəlliflə onun yaratdığı obrazlar qarşılaşdırılır. 

Əsərin adını ilk dəfə eşidəndə, mövzusunu öyrənəndə çox diqqətimi çəkdi. "Necə yəni? Mən Mirzə Fətəli ilə fırıldaqçı, kələkbaz Molla İbrahimxəlili, Məstəli şahı, qəddar, qaniçən Şah Abbası, onun yaltaq əyanlarını bir arada görəcəyəm? Axı onlar öz haqsız, mənasız qınaqlarıyla onu təngə gətirib canından usandırarlar. Amma sonra düşündüm ki, Mirzə Fətəli hər gün, onsuz da, yüzlərlə, bəlkə də, minlərlə İbrahimxəlillər, Məstəli şahlar, Şah Abbaslarla qarşılaşırdı. Elə onlar Mirzə Fətəlinin öz yanında yaşayan insanlar deyildimi? Axundov onları məhz real həyatdan, öz dövründən götürməmişdimi? Onsuz da Mirzə Fətəli onlara qarşı mübarizə aparmağı, bütün təhdidlərə sinə gərərək haqq sözünü deməyi məhz onların yanında, onlarla birgə yaşayaraq öyrənmiş, məhz onların əhatəsində görkəmli dramaturq, Azərbaycan ədəbiyyatında yeni era yaradan Mirzə Fətəli Axundov olmuşdu. Həm də düşündüm ki, axı həmin dövrdə tək Molla İbrahimxəlillər, Məstəli şahlar yaşamırdı, Hacı Nurular, Müsyo Jordanlar, Şahbaz bəylər də yaşayırdı, sözsüz ki. Çünki Axundov onları da məhz real həyatdan seçib yaratmışdı. Onlar məhz zülmət gecəyə doğan ay kimi, həmin dövrə, XIX əsr həyatına doğub onu işıqlandırmağa çalışmışdılar. Ən azından məhz onlar Mirzə Fətəliyə dəstək olub, ona bütün bu çətinliklərə dözməyə yardım edəcəkdilər". Belə düşüncələrlə özümə bir növ təsəlli verdim və əsəri oxumağa başladım...

Qüdrətli ədibimiz Haqverdiyev öz dahi sələfi Axundovu bu əsərdə Müsyo Jordan, Hacı Nuru kimi maarifpərvər obrazlarla da qarşılaşdıra bilərdi. Ancaq o, bunu etməyib. Bu da əbəs deyildi. Əgər əsər məhz bu süjetdə yazılsaydı, bizim üçün bu qədər əhəmiyyətli olmayacaqdı. Çünki biz həmin obrazların Axundovla hansı şəkildə görüşəcəyini çox yaxşı anlayırıq. Bunun formal da olsa, canlı şahidi olmaq bizə çox şey öyrədir və biz bu əsər nəticəsində həmin dövrü, Axundovun məşəqqətlərlə dolu olan ömür yolunu birbaşa gözümüzün qarşısında canlandırırıq. Qaldı ki, necə qarşılaşır, buradan sonrası, məncə, hər kəsə aydındır. Onlar onları öz dilləriylə ifşa edib biabır eləyən adamın üstünə gül-çiçəklə gəlməyəcəkdilər. Onlar öz kinlərini, təhdidlərini bir yumruq kimi düyüm edib gəlirlər onun üstünə. 

Bunlardan əlavə, elə əsərin girişi məni o qədər duyğulandırdı ki, bir anlıq özümü Mirzə Fətəlinin yerinə qoyub onun nələr hiss etdiyini, hansı hissləri keçirdiyini anlamağa çalışdım və həqiqətən, gördüm ki, o hissləri yaşamaq necə çətin imiş. Belə ki, əsərin ilk səhifəsində biz Mirzə Fətəliylə kitabpaylayanın dialoqunu oxuyuruq. İnsanlar heç olmasa, bir az maariflənsin, savab kəsb eləsin deyə öz kitablarını onlara pulsuz paylamağa cəhd edən Mirzə Fətəlinin bu cəhdini belə anlamırlar. Kitabpaylayandan soruşanda ki, "necə oldu, paylaya bildinmi kitabların hamısını?" - o cavab verir: "Bir müsəlman kitaba yaxın düşmədi... dedilər ki, kitab oxumaq istəsək, o qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq". 

Bu cavab mətləbə tam aydınlıq gətirir, məncə.

Əsərdə hadisələr irəlilədikcə, Mirzə Fətəlinin başına gələnləri görüb-hiss etdikcə insanın əsəbləri daha da tarıma çəkilir. Oxucu əsərdə Mirzə Fətəlinin oğlu Rəşidlə də qarşılaşır: Mirzə Fətəli rəngi qaçmış halda evə daxil olan oğlundan nə baş verdiyini soruşduqda o, insanların onun arxasınca söyüş söyüb onları ölümlə təhdid etdiyini atasına danışır və axırda çox ağrılı bir sual verir: "Ata, bəlkə gəldilər bizi qırdılar?.." Mirzə Fətəlinin cavabı son dərəcə təsirli və ibrətamizdir: "Qorxma, bala... Sənin atan camaata həqq yolu  göstərir. Böyüyüb təvarixdə də görərsən ki, haqq danışanlara nə əziyyət ediblər. Nə eybi var, qoy bizə də əziyyət etsinlər. Bir vaxt olar bu yaman danışan adamların övladları mənim zəhmətlərimə qiymət verərlər"...

Süjet inkişaf etdikcə biz yavaş-yavaş "əsas" qonaqları səhnədə görürük. Bir-birinin ardınca Hatəmxan ağa, Hacı Qara, Məstəli şah və Molla İbrahimxəlil daxil olurlar. Onların hər biri də bildiyimiz şeyləri deyirlər: "...Görərsən başına nə oyun açırlar... Səndən sərdarın xud özünə elə bir danos verdirim ki, səni birbaş Sibirə itirsinlər. Biz bəylərin əlinin zərbini sınayarsan, sonra sakit olarsan!.. Budur, qapıda minlərcə adam hazırdırlar..."

Bunların hamısı məhz o dövrün reallıqları, Mirzə Fətəlinin yaşadıqları idi. O dövrün Molla İbrahimxəlilləri, Məstəli şahları, Hatəmxan ağaları onu məhz bu cür təhdid edirdilər - ölümlə, ən yaxşı halda isə sürgünlə. Ancaq bunlar Mirzə Fətəlini qorxudurdumu? Onu bu yoldan çəkindirirdimi

Əlbəttə ki, xeyr. Doğrudur, o da zaman-zaman ruhdan düşürdü belə insanların əhatəsində olduqca. Amma bu, onu öz yolundan döndərə bilməzdi. Çünki o, mollalar üçün çalışmırdı, onların alqışıyla öz insanlıq mərtəbəsində yüksəlməmişdi ki, onların təhdidiylə də öz yolundan dönsün. O bilirdi ki, az da olsa, onu anlayan, ona dəstək olan insanlar da var. Hətta bu insanlar, o, həyatda olmayanda belə olacaq. Həm də həmin riyakar insanlardan da çox. O, bu ümidlə yaşayırdı. Əbdürrəhim bəy də məhz onun nə hiss etdiyini bilərək bu əsəri qələmə almışdı. Və əsərin sonunda buna açıq-aydın işarə də var. Müəllif əsərin sonunda o dövrdə Axundovun düşmənləriylə yanaşı, dostlarının olduğunu da bizə göstərir. Belə ki, son hissədə nökər daxil olub Mirzəyə Bakıdan teleqram gəldiyini bildirir. Teleqram isə kimdən idi? Təbii ki, Axundovun ən yaxın silahdaşlarından biri, görkəmli xadim Həsən bəy Zərdabidən. Həsən bəy həmin teleqramında, hamımızın təxmin eləyə bildiyi kimi, Mirzə Fətəlini yazdığı komediyalar münasibətilə təbrik edir və ona hər zaman dəstək olacağını bildirir.  Bu cümlələrdən sonra Mirzə Fətəlidə dərd qalardımı? Onun zəhmətinə elə məhz onun sağlığında qiymət verildiyinin göstəricisiydi bu.  Onu öz yolunda daha da qüvvətləndirən məhz bu deyildimi? Sevincinin həddi-hüdudu olmayan dramaturq öz oğluna müraciətlə belə deyir: "...Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahıma ki, əkdiyim toxum öz sağlığımda bar verdi". Əsər də məhz bu sözlərlə bitir. 

Qeyd etdim ki, Ə.Haqverdiyev bu əsərlə ədəbiyyatımızda yeni bir janrın - bioqrafik dram janrının əsasını qoyub. Həmin janrın məhz bu əsərlə yaranması, müəllifin seçim edərkən məhz M.F.Axundovun üzərində dayanması təsadüfi deyil, çox diqqətəlayiq bir məqamdır. Haqverdiyev səkkiz səhifədə bizə böyük bir dövrü, bir insanın başqaları uğrunda nələr edə biləcəyini, bu yolda nələrdən keçə biləcəyini əyani şəkildə göstərməyə çalışıb. Əsəri oxuduqca mən də özümü orada, o dövrdə və cəmiyyətdə hiss edirdim. Sanki mən də Mirzə Fətəlinin yanındaydım. Hətta bəzi məqamlarda elə düşünürdüm ki, indi danışsam, onların hamısı mənim səsimi eşidəcəklər. Mirzə Fətəli mənim - ona bir ömür boyu minnətdar olacaq yeni nəslin nümayəndəsinin var olduğunu bilsə, daha da qüvvətlənəcək, daha da mübariz olacaq. Bütün çətinliklərə rahat sinə gərə biləcək. 
Bütün bu məqamlara əsasən deyə bilərəm ki, yeni bir janrda yazılan bu əsər ədəbiyyatımız üçün çox qiymətlidir. Və belə bir əsərin Ə.Haqverdiyev qələmindən çıxması da əsla təəccüb doğurmur. M.F.Axundovu elə məhz o, anlaya bilərdi. Çünki onun yaşadıqlarının böyük bir qismini Haqverdiyev də öz dövründə yaşamışdı, ona da yaşatmışdılar bütün bunları. Məhz buna görə o, yaza bilərdi bu haqda. Və yazdı da. Bizim borcumuz isə digər əsərlərinə ("Bəxtsiz cavan", "Dağılan tifaq", "Pəri cadu", "Ağa Məhəmməd şah Qacar" kimi) nisbətən geri planda qalan, çox tədqiq olunmayan bu əsəri oxuyub öyrənmək, təhlil və təbliğ etməkdir. Bununla həm Ə.Haqverdiyev, həm də M.F.Axundov kimi qüdrətli sənətkarların qarşısında öz mənəvi borcumuzun bir qismini də yerinə yetirə bilərik. 

Sonda isə M.F.Axundovun ruhuna xitabən yazılan bu sözləri diqqətə çatdırmaq istəyirəm: "Artıq zaman yaman danışanların yox, haqq danışanların zamanıdır. Sizin də dediyiniz kimi, elə o yaman danışanların balaları yaşayır indi. Bəlkə də, biz də həmin o yaman danışanların övladlarıyıq. Ona görə də rahat uyu, gözəl insan! Həmin  o yaman danışanların övladları bu gün sənə, sənin zəhmətlərinə qiymət verirlər. Onlar sənə minnətdardırlar. Bizim yolumuzda yaşadığın hər gün ölümlə burun-buruna gəlib öz amalından, öz əqidəndən dönmədiyinə görə. Bugünkü bizləri var etdiyinə görə minnətdardırlar..."

 





02.12.2021    çap et  çap et