525.Az

Nizami Gəncəvi obrazı Naxçıvan teatrının səhnəsində


 

Nizami Gəncəvi obrazı Naxçıvan teatrının səhnəsində<b style="color:red"></b>

Ələkbər QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 1941-ci ildə qeyd ediləcək 800 illiyi ərəfəsində Azərbaycan ədiblərindən Mehdi Hüseyn "Nizami" dramını, İslam Səfərli isə "Xeyir və Şər" pyesini yazmışdı. 1941-ci ilin iyun ayında başlanan müharibə yubiley tədbirlərinin dayandırılmasına səbəb oldu. Yalnız 1942-ci ildə Bakıda Niyazinin "Xosrov və Şirin" operası və M.Hüseynin "Nizami" dramı tamaşaya qoyuldu. Həmin drama 1943-cü ilin mayında Naxçıvanda, noyabrında isə Gəncədə quruluş verildi.

Naxçıvanda "Nizami" tamaşasının quruluşçu rejissoru dahi şairin həmyerlisi, 1937-ci ildən M.F.Axundov adına Naxçıvan Dövlət Dram Teatrında aktyor, sonrakı illərdə həm də rejissor kimi fəaliyyət göstərən, 1941-ci ildən isə bu qədim sənət ocağının direktoru və baş rejissoru olmuş İbrahim Həmzəyev idi. Tamaşada baş qəhrəmanı - Nizami obrazını quruluşçu rejissorun özü canlandırırdı.

Bu tamaşaya bədii tərtibatı teatrın baş rəssamı Şamil Qazıyev, musiqi tərtibatını isə Tapdıq Hüseynov vermişdi. Əsərdə şairin ömür-gün yoldaşı rolunu Zəroş Həmzəyeva və Xədicə Qazıyeva, şairə Məhsəti xanım rolunu Firuzə Əlixanova, Nizaminin qardaşı Qivami rolunu isə Əyyub Haqverdiyev ifa edirdilər. Mayın 3-də premyerası keçirilən tamaşanın əsas uğuru ilk dəfə Nizami Gəncəvi obrazının Naxçıvan səhnəsində görünməsi oldu. "Əslində, elə tamaşadan ən yaxşı ifa da Həmzəyevə məxsus idi. Aktyor Nizamini mütəfəkkir filosof, dahi şair, Vətəni və vətəndaşları düşünən müdrik insan və pak duyğularla sevən aşiq kimi oynayırdı. Nizami - Afaq və Nizami - Məhsəti səhnələri emosional dolğunluğu və zərif lirizmilə daha canlı alınmışdı".

Nizami Gəncəvi obrazı ikinci dəfə artıq C.Məmmədquluzadənin adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrının bugünkü möhtəşəm binasında pərdələrin ilk dəfə açıldığı gün - 1964-cü il oktyabr ayının 24-də səhnədə göründü. Bu, unudulmaz şair və dramaturqumuz Kəmalənin "Məhsəti" mənzum faciəsindəki gənc İlyas - Nizami obrazı idi.

"Hələ köhnə binada məşqlərinə başlanmış tamaşanın quruluşçu rejissoru, teatra yenicə baş rejissor təyin olunan Baxşı Qələndərli maraqlı aktyor ansamblı ilə məzmunlu quruluş verməyə nail olmuşdu. Beş gün anşlaqla davam edən premyera tamaşalarında Naxçıvan Teatrının yeni binasındakı bu ilk ərməğanı böyük hərarət və alqışlarla öz tamaşaçıları tərəfindən layiqli qiymətini aldı. Həmçinin, Naxçıvan Dövlət Musiqili Darm Teatrının yeni binasında ilk tamaşa sayılan "Məhsəti" musiqili dram əsəri kimi bu janrın tələblərinə yüksək səviyyədə cavab vermiş oldu".

Qeyd olunduğu kimi, əsərdə əsas obrazlardan biri İlyas - gənc Nizami Gəncəvidir. Bu obraz teatrın aktyoru və rejissoru İldırım Cabbarovun ifasında istər Naxçıvanda, istərsə də teatrın Bakı, Tbilisi və digər regionlara səfərində tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

1965-ci il iyun ayının 14-dən 21-dək Bakıda Naxçıvan MSSR mədəniyyət həftəsi keçirildi. Muxtar Respublikanın şair və yazıçıları, musiqi kollektivlərilə yanaşı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı da repertuarında olan üç tamaşa ilə ilk dəfə paytaxt ictimaiyyəti qarşısında hesabat verdi. O dövrün mərkəzi mətbuatından məlum olur ki, bu tamaşalardan "Məhsəti" daha böyük müvəffəqiyyət qazanmış, ədəbi və teatr tənqidi tərəfindən yüksək qiymətləndirilmişdi. 

O vaxt tamaşaların Akademik Dram Teatrında keçirilən müzakirəsində və mətbuatda teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baxşı Qələndərlini Naxçıvan Teatrı üçün tapıntı adlandıran görkəmli alim və ictimai xadim, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərov yazırdı: "...Bizim gördüyümüz "Məhsəti" göstərir ki, Qələndərli teatr üçün tam mənası ilə tapıntıdır və gələcəkdə böyük xeyir verə biləcəkdir. Ən yaxşı cəhət burasıdır ki, Qələndərlinin rejissorluğunda ciddi bir səliqə, mədəniyyət və müasirlik duyulmaqdadır".

Həmin günlərdə "Məhsəti" tamaşası haqqında mərkəzi mətbuat səhifələrində bir neçə resenziya dərc olunmuşdu. Onlardan birinə - şair-dramaturq, teatrşünas Adil Babayevin resenziyasında məhz İlyas obrazı barədəki fikrinə diqqət etmək yerinə düşər: "İlyas surətilə müəllif gənc Nizamini göstərmək istəmişdir. Artist İldırım Cabbarov ustadına (Məhsətiyə - Ə.Q.) sonsuz hörmət bəsləyən, onun fəlakətlərinə can yandıran, taleyi uğrunda mübarizə edən gənc şairin surətini tamaşaçılara sevdirə bilir.

Bu tamaşada baş rolu Zəroş Həmzəyeva, əsas rolları Əyyub Məmmədov (Əşrəf), Əkbər Qardaşbəyov (Əmir Əhməd), İsa Musayev (Pərvər baba), Sofya Hüseynova (Tərgül) və başqa sənətkarlarımız ifa edirdilər.

"Məhsəti" tamaşası uzun illər teatrın repertuarını bəzəmiş və birinci quruluşdan sonra daha iki dəfə yeni quruluşlarda səhnəyə qoyulmuşdu. İkinci quruluşun ilk tamaşası 1976-cı il aprel ayının 30-da olmuş quruluşçu rejissor, quruluşçu rəssam və bəstəkar dəyişilməz qalmış, aktyor heyətində cüzi dəyişiklər edilmişdi. Yeni quruluşda İlyas obrazını teatrın aktyoru və rejissoru, sonralar isə baş rejissoru olmuş Vaqif Əsədov yeni bir təqdimatda canlandırmışdı. "Vaqif Əsədov dahi Nizaminin təmkin və mehribanlığını, ülvi və fəlsəfi duyğularını, idraki qüdrətini... peşəkarlıqla ifa edirdi".

"Məhsəti" əsərinə Naxçıvan Teatrında üçüncü səhnə həyatı verən aktyor və rejissor Rövşən Hüseynov oldu. Bu quruluşda İlyas rolunda Vidadi Rəcəbli  çıxış etdirdi. "Məhsəti"nin birinci və ikinci quruluşlarının həm məşqlərinin, həm də tamaşalarının canlı şahidi kimi qətiyyətlə vurğulaya bilərəm ki, Vidadi Rəcəblinin İlyası tamamilə fərqli bir dəst-xətlə, lazım gəldikdə təmkini, lazım gəldikdə çılğınlığı ilə seçilən, humanistliyi, mübarizliyi, vətənpərvərliyi özündə birləşdirən istedadlı bir gənc şair kimi təqdim olunur və tamaşadan sonra xeyli müddət öz müsbət təsirini tamaşaçı hafizəsində saxlayırdı".

İlk tamaşası 2007-ci il fevral ayının 17-də olan üçüncü "Məhsəti"də baş  rolda Elmira Kərimova, digər rollarda B.Haqverdiyev, R.Xudiyev, X.Hüseynov, G.Qurbanova, Z.Baxşəliyeva və digər sənətkarlar iştirak etmişdilər. 

Naxçıvan Dövlət Musiqili Dram Teatrı 1999-cu il repertuarına görkəmli ədibimiz Nəriman Həsənzadənin  "Atabəylər" dramını daxil etdi. Əsəri tamaşaya qoymaq üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru Mərahim Fərzəlibəyov  Naxçıvana dəvət olundu. Tamaşanın ikinci rejissoru Kamran Quliyev, quruluşçu rəssamı Əbülfəz Axundov, musiqi tərtibçisi Yusif Əsgərov, məsləhətçisi İsa Həbibbəyli idi.

Bu tamaşada da biz Nizami Gəncəvi obrazı ilə rastlaşırıq. Tamaşanın maraqlı hissələrindən biri müəllif təxəyyülü ilə şair Nizaminin memar Əcəmilə Atabəylər yurdunda - Naxçıvanda, Möminə xatın türbəsinin önündəki görüş səhnəsidir. Burada hər iki dahi şəxsiyyət arasındakı dialoq uzun müddət tamaşaçı yaddaşına hopur. Nizami obrazını Həsən Ağasoy (indi xalq artisti) özünəməxsus tərzdə canlandırırdı. 

"Premyerası may ayının 10-da olmuş "Atabəylər" tamaşasında əsas rolları Xəlil Hüseynov (Əcəmi), Kamran Quliyev (Qızıl Arslan), Xuraman Hacıyeva (İnanc xatın), Rza Xudiyev (Toğrul bəy), Damət Xəlilov (Əbubəkir), Vidadi Rəcəbli (Mahmud), Rövşən Hüseynov (Ayəba), Bəhruz Haqverdiyev (Ruz), Yasəmən Ramazanova (Gülaçar), Şirzad Abutalıbov (Abuşər) ifa etmişlər".

İlk tamaşadan sonar M.Fərzəlibəyov "Şərq qapısı" qəzetinə verdiyi müsahibədə demişdi: "Atabəylər" tamaşasını Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr etmişik. Bu əsər başdan-başa Naxçıvan torpağı ilə bağlıdır. Ona görə də mən əsərin ideyası barədə danışmağı artıq bilirəm. Çünki Azərbaycan oxucusu, Azərbaycan tamaşaçısı "Atabəylər" barədə olduqca geniş məlumata malikdir. Çox adlı-sanlı ədiblər, teatr tənqidçiləri bu əsərə yüksək qiymət veriblər..." Quruluşçu rejissor bu işində yaradıcı heyətin zəhmətini və uğurunu da dəyərləndirərək kollektivdən  razı qaldığını bildirib.

Naxçıvanlı tamaşaçılar "Atabəylər"lə 2004-cü ilin mayında yenidən görüşdülər. Quruluşçu rejissor başda olmaqla birinci tamaşanın əsas yaradıcı heyətində dəyişiklik olmadan əsərə yeni quruluş verildi. 

Nizami obrazında yenə də Həsən Ağasoy çıxış edirdi. O, rol üzərində bir qədər də işləməklə, ona yeni çalarlar əlavə edib təkmilləşdirmişdi. Aktyor heyətinin tərkibində cüzi dəyişikliklə tamşanın premyerası bu dəfə də yubiley töhfəsi oldu.  

Mayın 12-də, Naxçıvan Muxtar Respublikasının 80 illiyinin qeyd olunduğu günlərdə təntənəli yubiley yığıncağının iştirakçılarına Naxçıvan Dövlət Musiqili Dram Teatrının "Atabəylər" tamaşası təqdim olunmuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin, yubiley mərasiminin rəsmi qonaqları tamaşanı böyük maraqla seyr etmişdilər. 

Nizami Gəncəvi obrazı  Naxçıvan Teatrının səhnəsində bir də 2018-ci ildə göründü. Teatrın quruluşçu rejissoru və aktyoru, respublikanın Əməkdar artisti Tofiq Seyidov tərəfindən səhnələşdirilən M.S.Ordubadinin "Qılınc və qələm" əsəri eyni adla tamaşaya qoyuldu. Quruluşu T.Seyidova, bədii tərtibatı S.Bayramova, musiqi tərtibatı A.Ağayevə məxsus olan tamaşanın premyerası iyul ayının 3-də keçirildi. 

Bu tamaşada İlyas - Nizami obrazını Nəsimi Məmmədzadə canlandırdı. Əsas rollarda S.Məmmədov (Fəxrəddin), S.Məmmədova (Rəna), Ə.Quliyev (Atabəy Məhəmməd), H.Cavanşir (Dilşad), N.Hüseynquliyeva (Məhsəti), M.Mehdiyev (Qızıl Arslan) və başqa sənət adamları iştirak edirdilər. Ümidvarıq ki, bundan sonra da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin parlaq obrazı daim səhnələrimizdə görünəcək və onun əsərləri əsasında neçə-neçə yeni tamaşalar yaranacaq. 

 





02.12.2021    çap et  çap et