525.Az

"Orta məktəblər üçün Multikulturalizm" dərsliyi - Rəşad İlyasov yazır


 

AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN QAYNAQLARINI ÖYRƏNƏN ŞAGİRD VƏ TƏLƏBƏ RADİKALİZM GİRDABINA YUVARLANA BİLƏRMİ?

"Orta məktəblər üçün Multikulturalizm" dərsliyi -<b style="color:red"> Rəşad İlyasov yazır</b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2016-cı ildə "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını nəşr etdirdi. Sözü gedən kitabda Azərbaycan ədəbiyyatının min ildən artıq zamanı əhatə edən dövrü ərzində bədii yaradıcılıq nümunələrində multikultural və tolerant ideyaların təcəssümünə dair örnəklər, onlara istinadla sitat və iqtibaslar yer alır. Məhz bu kitabın təqdimatında akademik Kamal Abdullanın bir cümləsi zehnimə əbədi həkk olundu: "Azərbaycanın ədəbi-bədii, elmi-fəlsəfi, ictimai-publisistik düşüncəsinə bələd olan şagird və tələbə, eləcə də, hər hansı sıravi vətəndaş heç zaman dini, irqi ayrı-seçkiliyə, radikal təmayüllərə yaxın durmaz". 

Həqiqətən də minillik tarixi olan klassik ədəbiyyatımızın hər bir parlaq nümayəndəsi bu ümumbəşəri dəyərləri nəinki qəbul edib, hətta onları öz dünyagörüşünün təməl prinsiplərinə çevirib. Bu ədəbiyyatı yaradan hər bir milli klassikimiz yaşadığı ictimai-siyasi mühitdə irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti öz sevgisiylə isidib. Üstəlik, klassik ədəbiyyat nümunələrinə sahib çıxan, onları milli dəyərə çevirən Azərbaycan xalqı da ümumbəşəri dəyərlər xəzinəsinə öz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini səxavətlə bəxş edib. Bütün bu və digər məqamlar "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabında sistemli şəkildə əksini tapıb. 

Bu il nəşr olunan "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları" antologiyası çoxşaxəli təfəkkür tariximizin istiqamətlərini bir daha oxucuların diqqətinə çatdırır. Azərbaycanın yaxın və uzaq keçmişdə yaşamış alimləri, filosofları mədəniyyət deyərkən insanların həyat tərzini, fərdlərin əxlaqını və dəyərlərini nəzərdə tutublar. Qədim dövrlərdən üzübəri həm ayrı-ayrı insanlar, həm də mədəniyyətlər öz coğrafiyaları daxilində bir-biri ilə, eləcə də ətraf mühitlə qarşılıqlı münasibətdə olub. Elm tarixində "Azərbaycan məktəbi"nin nümayəndələri kimi təqdim edilən, ancaq müxtəlif millətlərə mənsub olan alim və filosofların başqa ölkələrdə də təhsil və tədrislə məşğul olmaları, müxtəlif dövlətlərin ərazisinə səyahət etmələri bunu təsdiqləyir.

Azərbaycan multikulturalizminin qaynaqlarını öyrənən şagird və tələbə radikalizm girdabına yuvarlana bilərmi? Yazının altbaşlığına da çıxarılmış bu aktual sual məqsəd və məramımızı qısaca ifadə etmək üçün çox mühümdür. Son dövrlərdə ölkəmizdə dini maarifləndirmənin geniş yayılması ilə yanaşı, bu istiqamətdə qeyri-ciddi mənbələrə əsaslanma xüsusilə də şagird və tələbələrin çaşqınlığına səbəb olur. Dini maarifləndirmədə məsələnin informativ tərəfi ilkin səviyyəni formalaşdırır. Belə ilkin dini məlumatlarla təminat ilahiyyat təhsili verən ali məktəblərin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin öhdəsinə düşür. İkinci saya biləcəyimiz səviyyə isə bu informativ məlumatların da əsaslı şəkildə anlaşılmasını, təshih olunmasını və istiqamətləndirilməsini ehtiva edən daha üstün bir mərhələyə Azərbaycan multikulturalizmi prizmasından yanaşılmasını zərurətə çevirir. Klassik fəlsəfə kitablarımızda "cihəti-vahdə" (birlik cəhəti) məfhumuna tez-tez rast gəlinir. Bu məfhum hər hansı məsələnin ümumiləşdirilmiş şəkildə, məntiq və metafizik meyarlara istinadla, başqa sözlə desək, külli nöqteyi-nəzərdən izahını vermək üçün işlədilir. Azərbaycan multikulturalizm modeli məhz bu külli məqamları özündə əks etdirdiyinə görə, şagird və tələbələrin klassik ədəbiyyatımızı elmi-fəlsəfi və ictimai-publisistik mənbələrə istinadən öyrənməsi nəticəsində onların radikal meyillərə düşməyəcəyinə zəmanət verir. Çünki min illərin süzgəcindən keçmiş təsəvvüfi-ürfani bir səviyyədən dini, fərdi və ictimai münasibətləri müəyyənləşdirən multikultural məqamlar klassik düşüncəmizdə silinməz izlər qoyub.

Hazırda qırxa yaxın ali təhsil müəssisəsində "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənləri tədris olunur. Mərkəzimizin apardığı monitorinqlər və şəxsi müşahidələrim deməyə əsas verir ki, ali məktəblərdə bu fənn gündən-günə daha çox mənimsənilir, tələbə düşüncəsinin üfüqlərini daha da genişləndirən zehni qida rolunu oynayır. Bu nəticələrdən ilhamlanaraq artıq orta məktəblərdə də Azərbaycan multikulturalizmi modelinin tədrisinə əşəddü-hacət olduğunu düşünürəm. Bu multikulturalizm modelini əks etdirən nəşrlərimizin davamı kimi "Məktəbli multikulturalizmi", yaxud "Orta məktəblər üçün Azərbaycan multikulturalizmi" dərsliklərinin çapı bu sahədə təhsil və tədrisin inkişafına böyük töhfə ola bilər. Azərbaycan multikulturalizminin ədəbi-bədii, elmi-fəlsəfi, ictimai-publisistik qaynaqlarına istinad edən, tolerantlığı ictimai həyatın ən vacib məqamlarından biri kimi şərh edən belə bir kitab orta məktəb şagirdlərinin dini radikalizmdən, irqi ayrı-seçkilikdən, eləcə də hər cür ifrat meyillərdən uzaqlaşdırılmasına ciddi təkan verə bilər.

Mövzuya üç nəhəng klassikimizin fikirləri ilə yekun vurmaq istəyirəm. Şihabəddin Sührəvərdi multikulturalizmin və tolerantlığın əsasında duran "mən və başqası" məsələsini fəlsəfi tərzdə belə şərh edir: "Mən özümü sizsiz görmürəm, hesab edirəm ki, siz elə mənsiniz". 

Seyyid Mirhəmzə Nigari müsəlman olmanın məzmun və mahiyyətini metafizik nöqteyi-nəzərdən belə açıqlayır:

Qılma tədadi-məzahib 
(məzhəbləri çoxaldan - R.İ.)
 bizə kim vəhdətdir,
Aləmi-eşqdə, ey xacə, 
do (iki) məzhəb olmaz .

Allahı, Məhəmmədi
və ali sevən dustanız, 
Nə sünniyiz, nə şiə, 
biz xalis müsəlmanız.

İctimai təfəkkür və publisistika tariximizin memarlarından olan Həsən bəy Zərdabinin mövzunu bərraqlaşdıran düşüncələri isə bunlardır: "Əsl din işıqdan qorxmaz. Hətta, dəxi artıq işıqlanıb şəfəqi uzağa gedər. Elm təhsil etməklə din əldən getməz".

Hasili-kəlam budur ki, "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları", "Azərbaycan multikulturalizmi", "Multikulturalizmə giriş" dərslikləri, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamətdə nəşr etdirdiyi digər əsərlər gənclərimiz tərəfindən dinin şüursuz şəkildə anlaşılmasına, ifratçılığa, başqasını görməzdən gəlməyə qarşı, bir sözlə, dözümsüzlük, radikalizm girdabına yuvarlanmaq kimi bir fəlakətin astanasında olan hər kəs üçün tormozlayıcı funksiyaya malikdir. Məhz bu mənbələrə əsaslanmaqla hazırlanacaq "Orta məktəblər üçün multikulturalizm" dərsliyi də, inarırıq ki, deyilən istiqamətdə ciddi boşluqları doldurmaqda faydalı ola bilər. 

 





02.12.2021    çap et  çap et