525.Az

“Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirildi - Foto


 

“Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirildi -<b style="color:red"> Foto</b>

Dekabrın 2-də Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirilib.   

525.az xəbər verir ki, təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev bildirib ki, Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı və dəstəyi ilə işıq üzü görüb.

"Bu unikal faktlar toplusunun ərsəyə gəlməsi üçün mən və dostum, Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi əlimizdən gələni əsirgəmədik. Nəzərə alsaq ki, hazırda dünyada 21 müstəqil ərəb dövləti var və ərəbdilli xalqların sayı təxminən 400 milyona yaxındır, deməli, Azərbaycanın qələbəsi ilə bitən bu savaşla bağlı faktlar toplusunun ərəb dilində bir kitab şəklində çapı vacib, labüd idi". 

U.Mirzəyev qeyd edib ki, 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsi Qafqaz regionunda yeni strateji xətt meydana gətirdi: "Məhz bu mübarizə sayəsində 30 ildən sonra işğal altında olan torpaqlarımıza qovuşduq. Azərbaycan bu mübarizədə bütün beynəlxalq qanunlara riayət edərək, öz torpaqlarının toxunulmazlığını dünyaya nümayiş etdirdi. “Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” kitabını oxuduqda, 44 gün ərzində Azərbaycanın rəşadətli ordusunun şücaəti və döyüşdə yaşananlarla yaxından tanış oluruq. Bununla yanaşı, kitabda Ermənilərin 30 il boyunca törətdiyi vandalizmlərə də şahid ola bilərik. Kitabın müəllifi Əhməd Tərabik Azərbaycanla yanaşı, Türkiyə və Qafqaz regionun tarixinə yaxından bələddir. O, bir çox dərsliklər, məqalə və kitabların müəllifidir. Bu sahədə kifayət qədər təcrübəli olmasına əsaslanaraq, onun yazdığı bu kitab etibarlı mənbə hesab olunur".

Onun sözlərinə görə, Əhməd Tərabik Asiya və Yaxın Şərq məsələləri üzrə tədqiqatçı və “Qarabağ: Qafqazda sülhə aparan yol”, “1915-ci il hadisələri: Türkiyə-Ermənistan münasibətləri üzrə proqnozlar”, “Qazaxıstan: Gələcəyə yol”, “Özbəkistan: İslam mədəniyyətinin mənbələri”, “1915-ci ilin hadisələri: Türkiyə-Ermənistan əlaqələrin kəsilməsi” əsərlərini qələmə alıb. O, həmçinin Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru, filologiya elmləri doktoru Aida İmanquliyeva: Şərqşünaslıq üzrə tədqiqatların öndəri” və digər önəmli əsərlərin müəllifidir". Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, 27 sentyabr yeni tarixin başlanğıcı oldu: “Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında olan ərazilərimizi 44 günə azad etdi”. O deyib ki, Prezident İlham Əliyevin adı torpaqları azad edən sərkərdə kimi dünya tarixinə yazılıb: “Müharibədə ikinci cəbhə informasiya cəbhəsi idi. Prezidentin gətirdiyi arqumentlər, çıxışlar, onun haqlı mövqeyi bu qələbədə misilsiz rol oynadı”.

Elçin Babayev qeyd edib ki, Azərbaycan haqqı olanı geri qaytardı: “Amma düşmən yenə təxribatlara əl atır. Buna baxmayaraq, onun təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Biz Prezidentin ətrafında dəmir yumruq kimi birləşmişik. BDU-nun da yüzlərlə məzun və tələbəsi döyüşə atılıb. Onlardan 9 nəfəri şəhidlik zirvəsinə ucalıb”.

BDU rektoru bildirib ki, başçılıq etdiyi universitet də informasiya savaşında bacardığını ortaya qoyub: “BDU məlumatların yayılması və monitorinq prosesində yaxından iştirak edib. Biz iki layihə həyata keçirdik. Birincisi məcburi köçkünlərin pozulmuş hüquqlarına dair kompleks hesabat idi. İkincisi isə yerli və xarici medianın fəaliyyətinin təhlili ilə bağlı oldu”.

Kitabın müəllifi Əhməd Əbdo Tərabik videokonfrans formatında tədbirə qatılaraq çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bütün dünyaya səs salıb: “İlham Əliyevin 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli kapitulyasiya sazişi zamanı atdığı qətiyyətli addım, onun lider adına layiq olduğunun sübutudur”.

Misirli alim tədbir iştirakçılarına müəllifi olduğu “Dəmir Yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabını təqdim edib. Bildirib ki, bu, 2016-cı ildə çap edilən “Qarabağ-Qafqazda sülhə aparan yol” adlı kitabının davamıdır. Birinci kitabda Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının şəhid qanı və göz yaşları ilə sulanmasını qələmə alıb. Həmin kitabı 2017-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə şəxsən təqdim edib. 
“Kitabda Azərbaycan tərəfinin müharibəyə hazır olmasına baxmayaraq, qanlı müharibəyə qarşı olduğunu göstərməyimlə yanaşı, vaxtilə Ermənistana işğal etdiyi əraziləri dinc yolla qaytarması barədə də çağırışlar etdiyimi qeyd etmişəm.

Hamı kimi mən də müharibənın başlayacağı gündən xəbərsiz olsam da, sözlərim özünü doğrultdu və Azərbaycan öz torpaqlarını geri qaytardı. Üzərimə düşən qalan missiya isə müharibənin gedişatını "Dəmir yumruq-Qarabağ 2020-ci il " kitabımda qeyd etmək oldu.

Ümid edirəm ki, ərsəyə gətirdiyim kitabım ərəb kitabxanalarında ön sıralarda yer almaqla yanaşı, bir çox dillərdə - Azərbaycan, türk və ingilis dillərinə də tərcümə olunacaq. Ümid edirəm ki, kitabımda bəhs etdiyim bu qələbə yeni nəsil üçün işıq yolu olacaq”, - deyə Əhməd Əbdo Tərabik vurğulayıb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Qarabağ probleminə xarici mətbuat nümayəndələrinin yanaşmasının artıq dəyişdiyini vurğulayıb: "İllər əvvəl media ilə bağlı monitorinq keçirilmişdi. Bu monitorinq vasitəsilə biz bir çox xarici mətbuat qurumlarının Qarabağ probleminə yanaşmasını təhlil etmək imkanını qazanmışdıq. Qarabağla bağlı yayımlanan xarici xəbərlərdə ermənipərəstlik açıq-aşkar müşahidə edilirdi. Hətta Əl-Cəzirə kimi böyük media şəbəkəsi belə, vaxtilə Qarabağı mübahisəli ərazi kimi təqdim etmişdi. Hazırda isə bu məsələdə vəziyyət tamamilə dəyişib. Azərbaycan prezidentinin xarici mətbuata ardıcıl müsahibələri və xarici jurnalistlərin regiona səfərləri zamanı şahidi olduğu hadisələr vəziyyəti xeyrimizə dəyişdirən əsas nüanslar olub. Qeyd edə bilərəm ki, indi cəbhədə müharibə bitib, lakin informasiya savaşı davam edir. Belə bir zamanda BAMF prezidenti Umud  Mirzəyev Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında böyük işlər bacarıb. Bu gün deyə bilərəm ki, onun şəxsi əlaqələri olmasaydı bəlkə də bu gün təqdimatında iştirak etdiyimiz kitab da ərsəyə gəlməzdi. Ona görə də mən Umud Mirəzyevə təşəkkür edirəm".

Millət vəkili Ceyhun Məmmədli əvvəllər ərəb mətbuatinda Azərbaycanın haqlı mövqeyinə az yer ayrıldığı, ermənilərin daha fəal olduğunu bildirib: “Daha çox ermənilərin mövqeyi vardı, ərəb dilində əsasən qondarma “soyqırım” haqda məlumat gedirdi. Əhməd Abdo Tərabikin yazdığı bu kitabda işğaldan azad olunan torpaqlarımız barədə geniş məlumat verilib, Prezident İlham Əliyevin gördüyü işlər xronoloji ardicilliqla qeyd olunub”.

Millət vəkili Azərbaycanın haqq işinin dünyaya çatdırılması məsələsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun və fondun prezidenti Umud Mirzəyevin rolunu xüsusi olaraq vurğulayıb: “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabı ermənilərin iç üzünün açılması baxımından çox dəyərlidir. Kitabda bu gün mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsinə də xüsusi olaraq yer ayrılıb”.

Ceyhun Məmmədli Azərbaycanın müharibədə qələbəsini necə təmin etdiyi və müharibədən sonrakı dövrdəki reallıqların bütün dünyaya çatdırılmalı olduğunu söyləyib: “Biz 400 milyonluq ərəb dünyasına, ərəb mətbuatına bu məlumatlari yaymalıyıq. İnanıram ki, bu cür vacib işlərin davamı olacaq və kitablar yazılacaq”.

 





02.12.2021    çap et  çap et