525.Az

Tovuz tütünçülərinin uğuru


 

BU MÖVSÜMDƏ RAYONDA ÖTƏN İLLƏ MÜQAYİSƏDƏ 26 FAİZ ÇOX MƏHSUL TƏDARÜK EDİLİB

Tovuz tütünçülərinin uğuru<b style="color:red"></b>

Respublikamızın qərb bölgələri üçün daha ənənəvi əkin bitkiləri ilə yanaşı, Tovuz rayonunda tütün becərilməsinin miqyası ildən-ilə artırılır. Gəlir əmsalı yüksək sayılan tütünçülüklə femerlər bu bitki üçün daha əlverişli şəraitinə görə rayonun əsasən, Kürqırağı kəndlərində məşğul olurlar.  

Ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Tovuz rayonunda bu bitki üçün ayrılan torpaq sahələri artırılır. Həmçinin, sözügedən proqramın tələbləri üzrə rayonda "Tovuz Aqro Sənaye" MMC-nin nəzdində yaradılmış tütün qurutma məntəqəsi də ötən ildən öz fəaliyyətinə başlayıb.

Cari ildə rayon ərazisində 100 hektardan çox sahədə tütün əkilib. Özü də bu il tovuzlu tütünçülər öz sahələrində ABŞ-dan gətirilmiş yeni, daha məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarını becəriblər. Yay aylarında başlamış məhsul yığımı və tədarükü yekunlaşıb. Tovuz tütünçüləri tərəfindən bu il ümumən 97 ton qurudulmuş tütün yarpağı tədarük edilmişdir ki, bu da ötən ilin göstəricisindən 26 faiz çoxdur.

"Bu il rayonun tütün sahələri də ötən ilki ilə müqayisədə 60 hektar artırılıb. Tütünçülər hər hektardan 16-17 ton məhsul götürüblər. Quru tütün məhsulunun 70 faizə qədəri Rusiya, Ukrayna, Belarus və digər xarici ölkələrə ixrac olunur", - deyə aqronom Ömər Poladov məlumat verib. 
Qeyd edək ki, bu mövsüm ərzində rayonun tütün sahələrində 250 nəfərdən çox işçi çalışıb.

Zakir MURADOV,
Gəncə-Tovuz

 





02.12.2021    çap et  çap et