|
|
|
|
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Sankt-Peterburq Mahnı və Rəqs Teatrının “Moroşka” balet truppasının rəhbəri, baletmeyster, xoreoqraf Yelena Vikinq və Voronej Dövlət Xoreoqrafiya Məktəbinin balet rəqqası Aleksandr Skorodumovun iştirakı ilə ustad dərsləri keçirilir. Dərsləri çərçivəsində səhnə hərəkətləri, kişi və qadın xalq, eləcə də, klassik rəqsin səhnələşdirilməsində regional xüsusiyyətlər, üsullar və s. mövzular tədris olunacaq.
Ustad dərslərinə başlamazdan öncə Yelena Vikinq və Aleksandr Skorodumov BXA rəhbərliyi ilə görüşüb, akademiyanın sinif otaqlarına, zallarına baxış keçiriblər. Qonaqlarla görüşdə BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artisti Nailə Məmmədzadə, Xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova, Elm və yaradıcılıq işləri üzrə prorektor, dosent Elmira Pənahlı, Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, dosent YeganəTapdıqova, İncəsənət fakültəsinin dekanı, Əməkdar artisti Sənan Hüseynli, akademiyanın orta ixtisas (kollec) təhsil pilləsinin direktoru, xoreoqraf Tahir Eynullayev, akademiyanın tam orta təhsil pilləsinin direktoru Bəşarət Hüseynova iştirak ediblər.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq layihələrinin gələcəkdə də davam etdirilməsi, xoreoqrafiya təhsili sahəsində yeniliklər, tədris metodikası haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, ustad dərsləri dekabrın 4-dək davam edəcək.