525.Az

Kədər və gülüş - Əlisəfdər Hüseynov yazır


 

Kədər və gülüş -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

AĞ İT HAQQINDA BALLADA

S.Rostoskinin çəkdiyi "Qaraqulaq Ağ Bim" filminə ilk dəfə tamaşa edəndə mən artıq kifayət qədər yetkin adam idim -  əsgərliyimi çəkmişdim, isti-soyuğun, bərkin- boşun nə olduğunu yaxşı bilirdim, müəyyən qədər həyat təcrübəm vardı. Amma boynuma alıram ki, filmə baxanda özümü saxlaya bilmədim, kövrəldim, bir küncə çəkilib səssiz-səmirsiz ağladım. Səbəb təkcə o deyildi ki, hər şeydə xeyir güdən adamların xəyanəti fonunda dilsiz-ağızsız heyvanın öz sahibinə sədaqəti bu filmdə çox təsirli şəkildə verilmişdi. Səbəb həm də o idi ki, film mənim heç vaxt unutmayacağım bir epizodu yadıma saldı - cəmi bir neçə il əvvəl yaşadığım bir hadisə kino lenti kimi gözlərimin önündən keçdi və mənim yaddaşımda "dirilən" bu film heç də "Qaraqulaq..."dan təsirsiz film deyildi.

Amma gərək bir az əvvələ qayıdam.

Ağlım kəsəndən, dünyanı tanımağa başlayandan həyətimizdə it görmüşəm, daha doğrusu, sarı rəngli 2 it. O itlərlə bağlı yaddaşımda 2 epizod qalıb. Axşam atam işdən qayıdanda həmişə əlində 2 ədəd təzə çörək olurdu və bu itlər də dərhal atamın qabağına yüyürür, quyruqlarını bulayıb öz paylarını istəyirdilər. Atam bir andaca ətri həyətə yayılan o çörəklərdən 2 parça kəsib kənarda yerə qoyur, o ətirli çörəklərdən ilk dadmaq xoşbətliyi də həmin o 2 itə nəsib olurdu.

Mən o vaxt uşaq idim, hələ heç məktəbə də getmirdim və bu itlərdən də xoşum gəlmirdi. Səbəb isə bu idi ki, həmin o ətirli çörəklərini yeyən vaxt təsadüfən onların yanından keçəndə yeməklərindən qalmasalar da, gözlərini qəzəblə sənə dikib acıqlı-acıqlı mırıldayırdılar. Elə bil bir himə bənd idilər ki, üstünə atılsınlar.

Bəlkə elə bu antipatiyanın nəticəsidir ki, o itlərin nə vaxt, hansı şəraitdə həyətimizdən yoxa çıxdıqlarını xatırlamıram.

Aradan xeyli keçəndən sonra - o vaxtlar ki, mən artıq məktəbi bitirib mədəniyyət evində işləyirdim -  bir gün atam evə ağ rəngli bir küçüklə gəldi. Əmim kiminsə ona bağışladığı bu küçüyü bəyənmədiyindən atama vermişdi ki, bu "ev" itindən həyət iti olmaz. Apar ver uşaqlara, qoy onları əyləndirsin.

İt tez böyüyürdü və öz hərəkətləri ilə göstərirdi ki, əmim yanılmayıb. Onun qarşımızda çıxartdığı hoqqalar - dal ayaqları üstə durub gəzməyi, "rəqs" etməyi, atılıb-düşməyi, burdan-ora, ordan-bura qaçmağı biz rayon uşaqlarının heç vaxt görmədiyi sirk nömrələri kimi bir şey idi. Ağ it dırnaqdan təpəyə kimi, vücudunun bütün nöqtələri ilə deyirdi ki, o, həyət, zəncir iti deyil. Amma bu evdə, ailədə itə yalnız həyətdə hörmət göstərildiyini də sanki hiss edirdi, elə bil duyurdu ki, onun bu azadlığı çox çəkməyə bilər və bəlkə elə buna görə də özünü qarşıda onu gözləyən bəlalardan sığortalamaq barədə də "düşünür", yollar axtarırdı... Ağ it özünə gün ağlamaq üçün bu evin başbilənlərini həyətdə də gərəkli olmağına inandırmalı idi və bu yolda atdığı ilk addım da bu oldu ki, başladı həyətə gələn yad adamlara, qonşulara hürməyə, bəzən bununla da kifayətlənməyib hürdüyü tərəfə cumurdu da... İş o  yerə çatdı ki, əvvəllər bu həyətdə öz həyətləri kimi hərəkət edən qonşu qadınlar küçə qapısından pilləkənə kimi qısa yolu bizim sığorta tədbirlərimiz olmadan gedə bilmədilər. 

Amma əvvəlcədən gedib pilləkənin altında gizlənən ağ it qəflətən sıçrayıb irəli atılanda vəziyyət daha da gərginləşdi və çox keçmədi ki, atam sadə bir üsulla bu gərginliyi azaltmağın yolunu tapdı - bir gün evə uzun bir zəncirlə gəldi, bir ucunu ağ itin boynuna, bir ucunu da həyətin aşağısındakı gər ağacına bağladı - necə deyərlər, indi istədiyin qədər hür!

Bizim ağ itin nə rənginə, nə də xislətinə uyğun gələn qara günləri başladı, nə başladı.

O qara günlərin həm ağ itdə, həm də məndə yaratdığı psixoloji sarsıntıları təsvir etmək sizə asan gəlməsin - bunun üçün xüsusi qabiliyyətlə yanaşı, adicə bir insan dözümü də lazımdır. Həmin o günləri yada salanda isə mən indi də həyəcanlanıram, bədənim əsir, kövrəlirəm.

Zəncir ağ itin təkcə boynuna yox, sanki ürəyinə, ruhuna da dolanmışdı. Onun bütün ruhu - həyat eşqi, sevinci, bu dünyaya, insanlara olan inam və etibarı bircə anın içindəcə iflic olub ağ iti miskin bir vəziyyətə salmışdı - başını qabaq ayaqlarının üzərinə qoyub elə hey həzin-həzin zingildəyirdi. Onun bir nöqtəyə dikilmiş gözlərində əlacsızlıqdan doğan ağır bir kədər, qüssə vardı.

Ağ itin düşdüyü vəziyyət məni əzirdi, yorurdu, amma yemək vermək üçün ona yaxınlaşanda gördüklərim məni həm də sarsıdırdı - sanki mən itin nəzərində onu başa düşən yeganə şəxs idim və elə ki, məni görürdü,  başını irəli uzadıb ayaqlarımın yanında yerə yatır, zingildəyə-zingildəyə mənə dikili gözləri ilə yalvarırdı: "Məni bu zəncirdən, bu miskin vəziyyətdən, bu biabırçılıqdan xilas elə!"

Hətta bir dəfə mən onun gözlərində yaş da gördüm.

Xeyli təkid və xahişdən sonra evdəkiləri gecə yatmaq ərəfəsində ağ iti zəncirdən açmağa razı sala bildim. Amma it budəfəki azadlığını artıq əvvəlki sevinclə yaşaya bilmirdi. Əvvəlcə onun dəhşətli dərəcədə darıxdığını hiss etdim və başa düşdüm ki, it bu həyətdən, bu evdəki adamlardan küsüb və çıxıb getmək istəyir. Ardınca isə heç yatsam yuxuma da girməyən bir hadisə baş verdi - hərdən gecənin bir aləmində ağ it qəfildən canavar kimi ulamağa başladı.

Mayın əvvəllərində əsgərliyə getdim və ağ it özünün dünya boyda dərdi ilə məndən min kilometrlərlə uzaqda qaldı.

Payızda atam yanıma gəlmişdi. Ətraflı hal-əhvaldan sonra nə barədəsə söhbət edirdik. Qəfildən atamın gözləmədiyi halda soruşdum:

- Ağ it necədir?

Atam çox sakit və etinasız tərzdə:

- Ağ it öldü - dedi.

Elə bil ürəyimə xəncər batırdılar, diksinib içimi çəkdim:

- Necə yəni öldü? 

- Öldü də. Sən gedəndən az sonra öldü.

Ağ itin həyətimizə təşrif buyurduğu gün, arxa ayaqları üzərində çıxardığı hoqqalar, zəncirdəki yazıq görkəmi, qəmli gözləri və hərəkətsiz cəsədi kino lenti kimi gözlərimin önündən keçdi və mən - şanlı Sovet ordusunun dəmir iradəli əsgəri nə qədər etsəm də, göz yaşlarımı saxlaya və gizlədə bilmədim.

Başımı qaldıranda atamın mənə zillənmiş gözlərində təəccüb, heyrət və təəssüf qarışıq qəribə bir ifadə gördüm

- Heyif səndən, a bala, bu ürəklə çox uzağa gedə bilməzsən. Səndən çətin adam ola.

...Tamamilə doğrudur. Bu dünyada günah yiyəsi olmamaq üçün adam olmaq azdır...

İnsan olmağa çalışmaq lazımdır!

"İT DƏFTƏRİNDƏ" ADI OLMAYAN BİR İT HAQQINDA 

Bu il martın 20-də Novruzun gəlişini Bakıda qeyd edib, ertəsi gün səhər tezdən Göyçaya getdim ki, sevdiyim bu bayramın sevincini orada da yaşayım... 

Bu dəfə bibioğullardan birigilə düşdüm və sizə danışacağım əhvalatın da elə orada şahidi oldum.

Həyətə girəndə zahirən bazbrutlu, necə deyərlər, qabaritindən Qurdbasara bənzəyən bir it diqqətimi çəkdi. Bilmirəm nə sirr idisə, bu itin gözləri, baxışları, "düşük" hərəkətləri əvvəldən xoşuma gəlmədi. Bibioğlu qoyunçuluqla məşğul olurdu,  evlərindən xeyli aralıda - dağların ətəyində ferma tipli kiçik təsərrüfatı vardı. Düzdür, müəyyən səbəblər üzündən fəaliyyətini müvəqqəti dayandırmışdı. Amma onun tezliklə dirçələcəyinə də şübhə ola bilməzdi və görünür, həmin it də bu yəqinliyin təsdiqi kimi gəlib bu həyətə düşmüşdü.

Bibioğlu iti göstərib şəstlə soruşdu:

- Hə, necədir, xoşuna gəlir?

Dedim:

- Yox, gəlmir, bibioğlu.

Dedi:

- Ayə, bilirsən nə itdir? Zorla tapmışam ey. Bazarda 300-400-ə deyirlər...

Dedim:

- Bu itə verdiyin puldan heyif. Elə bil küçəyə atmısan, - sonra itin tülkü gözlərinə bənzəyən gözlərinə baxıb soruşdum:

- Cinsi nədir bunun?

Bibioğlu quş kimi cəh-cəh vururdu:

-  Qurdbasarla filan cinsin (dediyi söz yadımda qalmadı) cütləşməsindən yaranıb. Özgə aləmdir!

Dözə bilmədim:

- Bibioğlu, özün bilən məsləhətdir. Amma məndən sənə əmanət - nəbadə qoyunlarını bu itə etibar edəsən. Bu it öz xislətini zahiri görkəminin kölgəsində gizlədən qorxağın biridir. Onun ürəyi Qurdbasar ürəyi deyil. Qurdbasarlar ağır oturub batman gəlir, daim "fikirli" olur. Onların üz-gözündən zəhm yağır, belə qapalı və rahat məkanda özlərini narahat hiss edir, daim çölə, genişliyə can atırlar... Bu isə... qurdlarla gizli sazişə girib sürünün axırına çıxacaq...

Bibioğlu əminliklə:

- Cücəni payızda sayarlar - dedi.

Amma payızı gözləməyə lüzum qalmadı, təxminən 1 saat sonra anladıq ki, payızda saymağa nəinki cücə, heç yumurta da tapmayacağıq.

Masa arxasında əyləşib bayram plovuna təzəcə əl uzatmışdıq ki, qonşu həyətdə uşaqlar fişəng partlatdılar və həmin andaca "əzəmətli" Qurdbasar başı ilə qapını açıb özünü necə içəri atdısa matımız-mutumuz qurudu. Ardınca it yel kimi yanımızdan keçib özünü qonaq otağına çatdırdı, orada da çarpayının altına girib yazıq-yazıq zingildəməyə başladı.

Vəziyyəti yüngülləşdirmək (həm də bibioğluna sataşmaq) üçün gülə-gülə dedim:

- Bibioğlu, başına "bismillah" eləyin, bir stəkan su verin, içib özünə gəlsin.

Bibioğlu isə karıxıb qalmışdı, bilmirdi nə eləsin. Çırtma vursaydın, qanı damardı... Qəfildən qalxıb qonaq otağına keçdi ki, iti çarpayının altından çıxarsın və sonra da baxsın görsün nə qərara gəlir bu tərifli iti barədə.

Amma həmin o anlarda iti oradan çıxarmaq siçanı öz deşiyindən çıxarmaq kimi çətin iş idi və məsələ o qədər yoğunladı ki, bibioğlunun həyat yoldaşı, uşaqları da köməyə gələsi oldular...

O əhvalatdan xeyli vaxt keçib. Amma nə işdirsə, həmin itin sonrakı taleyi ilə maraqlanmağa  çəkinirəm.

 





03.12.2021    çap et  çap et